Məscidin xadiməsi də tozsoranla "ianə qutusu”ndan istədiyi miqdarda pul çırpışdırırdı.
Rusiyanın paytaxtında yaşayan soydaşlarımızla bağlı iki məscid fəaliyyət göstərir. Bunlar Otradnoe rayonundakı "İnam” məscidi və Altufev şossesindəki "Moskva İslam Mərkəzi” adlı qurumdan ibarətdir. 1990-cı illərin ortalarında sabiq prezident Ayaz Mütəlibovun təşəbbüsü ilə "İnam” məscidi inşa edilib.
Beləliklə, Moskvada ilk dəfə mömin müsəlman əhalisi arasında təriqət-məzhəb ayrılığının təməli qoyulub. Guya onun təşəbbüsü ilə tikilən məscid soydaşlarımıza xidmət edəcəkdi. Digər dini mərkəz isə İran molla rejimi tərəfindən yaradılıb.
Beləliklə, Moskvada ilk dəfə mömin müsəlman əhalisi arasında təriqət-məzhəb ayrılığının təməli qoyulub. Guya onun təşəbbüsü ilə tikilən məscid soydaşlarımıza xidmət edəcəkdi. Digər dini mərkəz isə İran molla rejimi tərəfindən yaradılıb.
Otradnoe rayonundakı "İnam” məscidi ətrafında uzun illərdir mübahisələr bitib-tükənmək bilmir. Azərbaycandan Rusiya paytaxtına köçüb gələnlər arasında dini məsələlərlə bağlı hegemonluq etmək, sadə insanların inanclarından sui-istifadə edərək sərvət sahibi olmaq istəyənlər az deyil. On il bu məscidi idarə etmiş və əslən Hacıqabul rayonunun Rəncbər kəndindən olan Baloğlan Salmanov həqiqətən də soydaşlarımız arasında dini baxımdan böyük nüfuza malik idi. O, xəstələndikdən sonra, əsil mərəkə başladı. Belə ki, məscidə dini qaydalara əsasən soydaşlarımızın verdiyi xüms-zəkat və ianə yardımları anındaca oğurlanması kimi müdhiş hadisələr müşahidə edildi.
Hətta məscidin xadiməsi də tozsoranla "ianə qutusu”ndan istədiyi miqdarda pul çırpışdırırdı. Çünki düz gözünün qarşısında onun özündən daha çox pul oğurlayanların əməllərinin canlı şahidi idi. İctimai baxımdan dörd qrup məsciddə aparıcı gücə çevrilməklə burada durumu nəzarətə almaq uğrunda mübarizə aparırlar. Ona görə də "İnam” məscidinin yerləşdiyi ərazinin qanuni sahibi, milliyyətcə tatar Rəşid Bəyazitov bu məsələdə fərqli mövqe tutur. Onun fikrincə, məscidə gəlir mənbəyi kimi baxılmamalıdır. Məsciddən istifadəyə və xüms-zəkat sayəsində əldə olunan maddi imkanlara görə icarə haqqı ödənməlidir. O bildirir ki, vaxtilə icarə haqqı məsələsində problemlər yaşanmayıb. Çünki Baloğlan Salmanov hesab-kitab məsələsinə sadiq idi.
Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, qalmaqallarda adları hallandırılan Musa Qurbanov və Nizami Baloğlanov adlı iki şəxs vaxtilə İranın Qum şəhərində təhsil alıblar. Onlar Bakıya döndükdən sonra, AİP-in (Azərbaycan İslam Partiyası) fəalı kimi tanınıblar. AİP-in bəzi üzvlərinin Azərbaycan Respublikasının konstitusion quruluşunun dəyişdirilməsi təşəbbüslərinə görə həbs olunduqdan sonra, bir qisim AİP-çilər Moskvaya üz tutaraq orda yaşayan soydaşlarımızın inanclarını istismar etməyə girişiblər. Ona görə də, "İnam” məscidi ətrafında uzun-uzadı mübahisələr yaranıb. Əsas problem təbii olaraq "yorğan” məsələsidir. Yəni "xüms-zəkat”a kim nəzarət edəcək? Musa Qurbanov və Nizami Baloğlanov insanların dini baxımdan bilgisizliyindən sui-istifadə edərək, çirkin əməllərinə dini don geyindirmək üzrə zəmanəmizin "Şey Nəsrullah”ına çevriliblər. Bu iki şəxsin qrupunda təmsil olunanlar "nəzir qutusu”nu belə, dəfələrlə oğurlayıblar.
"Moskva İslam Mərkəzi”
Altufev şossesi, 79a, s3 ünvanında yerləşən dini mərkəz isə, demək olar ki, İranın inhisarındadır. Mərkəzin rəhbəri höccətülislam və əl-müslimin Əkbəri Ciddi adlı bir din xadimidir. Ancaq onun da öz rəhbəri var. Bu, vaxtilə Azərbaycan Respublikasında "vilayəti fəqih”in, yəni "dünya müsəlmanlarının lideri”nin xüsusi nümayəndəsi statusu ilə fəaliyyət göstərmiş höccətül islam vəl-müslimin İbadulla Ocaqnəjad indi də Rusiyada xomeyniçiliyi inkişaf etdirmək, Moskvada və vilayətdə yaşayan soydaşlarımızı təsir altına almaq üçün Moskvada fəaliyyət göstərir. Bu məqsədlə bir sıra təsisatlar yaradıb. "Kövsər Təhsil Düşərgəsi” elə bu məqsədlə fəaliyyət göstərir. Burada 6-15 yaşlarında olan yeni nəslə dini təhsil vermək adı altında "beyinyuma” siyasəti aparılır. Sırf "İran islamı” ideologiyası istiqaməıtində təhsil proqramları üzrə dərslər keçirilir. Dini ədəbiyyatların çapı məqsədlilə nəşriyyatlar yaradılıb. Burada çap olunan kitablar bazarlarda asanlıqla soydaşlarımız arasında satılır. Mərkəzin digər funksiyası dini mərasimlərin və ayinlərin icrasında soydaşlarımızı digər müsəlmanlardan ayrı tutmaqdır. Beləliklə, soydaşlarımızla digər müsəlman icmaları arasılnda süni şəkildə təfriqə yaranır.
İki "Əhli-beyt” qurumunun dartışması
Azərbaycandan Rusiyaya köçən AİP-çilər bu dəfə orada soydaşlarımız arasında dini məsələlərdə təxribatlar aparmaq üçün səfərbər olunub. Onlar İrandakı kimi "Əhli Beyt” təşkilatı qurmaqla bir yandan heç bir iş görmədən qazanc əldə etmək, digər yandan isə, soydaşlarımızın inancını istismar etmək üçün fəallaşıblar. Bu yöndə Musa Qurbanov və Nizami Baloğlanov ən güclü qruplara malikdirlər. Moskva şəhəri və vilayəti üzrə 67 rayon mövcuddur. Bundan əlavə Moskva şəhəri və vilayətində toplam 1.5 milyon azərbaycanlılar yaşayırlar. Onların dəfn və hüzr mərasimlərini idarə etmək, dini ədəbiyyatlar satmaq, digər dini bayramları və tədbirləri nəzarətə almaq olduqca böyük gəlir mənbəyi deməkdir. Bütün bunlarla yanaşı, bu iki qruplaşma arasında çox böyük ixtilaflar yaşanır. Əsas məsələ isə, "Əhli Beyt” siyasətini monopoliyaya almaqdır. Dini inancı istismar etmək uğrunda yaşanılan bu rəqabət bilgisiz olan soydaşlarımızın da narazılığına səbəb olubdur. Bundan əlavə, hər iki qruplaşmanın digər təbliğatı dini inanc baxımından "Məşhəd” (Qum, İran), "Kərbala” və "Ərbəin” (Nəcəf, İraq), "Hələb” (Suriya) və digər ziyarətgahlara zəvvar toplamaq və yollamaqdır. Rusiya paytaxtı Moskvada yaşayan soydaşlarımız arasında maarifçilik təbliğatının aparılması yönündə demək olar ki, heç bir struktur yoxdur. Diaspor təşkilatlarımızın rəhbərlərinin tək marağı özlərini reklam etmək, imkanlı soydaşlarımızdan müxtəlif tədbirlər üçün pul qopmaqdan ibarətdir. Ona görə də 1.5 milyon nəfərlik Moskva diasporumuz taleyin ümidinə buraxılıb.
Ə. Yusifoğlu