“Yağ tüstülənirsə, qoxusu dəyişirsə...” - Evdar qadınlara XƏBƏRDARLIQ

“Yağ tüstülənirsə, qoxusu dəyişirsə...” - Evdar qadınlara XƏBƏRDARLIQ
SOSİAL
16:10 21.08.2026
101

Son illərdə evdə yemək hazırlanarkən qızartma üsulundan geniş istifadə olunur.

Xüsusilə kartof, ət və digər məhsulların qızardılması zamanı istifadə edilən yağın dəfələrlə təkrar istifadəsi isə sağlamlıq baxımından müəyyən suallar yaradır. Yağın yüksək temperaturda təkrar-təkrar qızdırılması onun tərkibində müxtəlif kimyəvi dəyişikliklərin yaranmasına səbəb ola bilər.

Bəs dəfələrlə istifadə olunan yağ insan orqanizminə necə təsir edir? Ev şəraitində qızartma yağından neçə dəfə istifadə etmək təhlükəsiz hesab olunur və yağın artıq istifadəyə yararsız olduğunu necə müəyyən etmək olar?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, qızartma yağının dəfələrlə, xüsusilə yüksək temperaturda istifadə edilməsi onun tərkibində arzuolunmaz dəyişikliklərə səbəb olur:

"Yağ təkrar qızdırıldıqda oksidləşmə məhsulları, aldehidlər və digər parçalanma maddələri yarana bilər. Bu maddələrin müntəzəm və yüksək miqdarda qəbulu orqanizmdə oksidləşdirici stressi artıraraq ürək-damar sistemi və ümumi sağlamlıq üçün mənfi təsirlər yarada bilər. Evdə qızartma yağının neçə dəfə istifadə edilə biləcəyinə dair hamı üçün keçərli dəqiq rəqəm demək düzgün deyil. Bu, yağın növündən, qızdırılma temperaturundan, nə qədər müddət istifadə olunmasından və qızardılan məhsuldan asılıdır. Praktik baxımdan isə yağı təkrar-təkrar istifadə etməkdənsə, bir dəfə istifadə etmək ən təhlükəsiz seçimdir. Xüsusilə yağ tüstülənibsə, rəngi tündləşibsə, qoxusu dəyişibsə, köpüklənirsə və ya qızartma zamanı əvvəlkindən daha tez yanırsa, mütləq atılmalıdır”.



 

Fərid Səfərov qeyd edib ki, əgər yağ yalnız qısa müddət və nisbətən aşağı temperaturda istifadə olunubsa, süzülərək qısa müddət ərzində yenidən istifadə edilə bilər:

"Lakin hər təkrar qızdırılma yağın keyfiyyətini daha da aşağı salır. Buna görə ev şəraitində qızartma yağını mümkün qədər təkrar qızdırmamaq, yüksək temperaturda tüstülənməsinə yol verməmək və istifadə olunmuş yağı yenisi ilə qarışdırmamaq daha məqsədəuyğundur. Bundan əlavə, yağın uzun müddət yüksək temperaturda saxlanması qədər, qızartma zamanı temperaturun həddindən artıq yüksəldilməsi də risklidir. Ən düzgün yanaşma yağı yalnız lazım olan qədər qızdırmaq və qızartma prosesini nəzarətdə saxlamaqdır”.


Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR