“Yadımdadır, ilk dəfə o deputata zəng vuranda telefonu götürmədi...” - MÜSAHİBƏ

“Yadımdadır, ilk dəfə o deputata zəng vuranda telefonu götürmədi...” - MÜSAHİBƏ
13:23 18.06.2014
1460
Azər Niftiyev: “Atamın demokrat olmasındanmı, nədənmi, bilmirəm, həmin yazını dərc etmədilər”Editor.az informasiya portalının baş direktoru, tanınmış jurnalist Azər Niftiyevin Aktual.az-a müsahibəsi- Azər bəy, səhv etmiriksə, jurnalistikadan öncə ictimai fəaliyyətlə məşğul olmusunuz. Necə oldu ki, mətbuata gəldiniz?- Əslində mənim mətbuata, ictimai sahəyə marağım uşaq yaşlarından formalaşmağa başlayıb. Hələ 10 yaşım olanda şərti adı “Gənc əlaçılar” olan və fəaliyyəti bir yeniyetmənin maraqları çərçivəsindən o yana çıxmayan təşkilatım var idi. O vaxtlar atam Masallıda icra başçısı idi. Həmin dövrdə rayonda “Çağırış” adlı rəsmi dövlət qəzeti dərc olunurdu. Ora bir yazı göndərdim. Masallıdan olan şəhid Rafiq Əlihəsənovun həyatı barədə idi. Atamın demokrat olmasındanmı, nədənmi, bilmirəm, həmin yazını dərc etmədilər. Dedilər, bu yaşda uşağın qəzetdə müəllif yazısı ilə çıxış etməsi hələ tezdir.Görəndə ki, mənim yazılarım ictimai auditoriyaya ayaq aça bilmir, ictimai fəaliyyətlə məşğul olmaq qərarı verdim. Onlarla gənc birləşib “Gənc əlaçılar” adında bir təşkilat yaratdıq. Təşkilatın 18 üzvündən 16-sı, o cümlədən mən əlaçı deyildik və ilk imitasiyaya yol verirdik. (gülür).Nəhayət, 11-ci sinifdə oxuyanda ictimai fəaliyyətimi rəsmiləşdirmək qərarına gəldim və “Yeni Nəsil” Gənclər Birliyi adlı təşkilat yaratdıq. Bu təşkilat dövrünə görə, xeyli populyarlıq qazandı və Gənclər Təşkilatları Milli Şurasının ilk üzvlərindən oldu. Vaxtaşırı olaraq, televiziya və mətbuatda tədbirlərimiz işıqlandırılır, ayda bir neçə layihəmiz baş tuturdu.Bakı Dövlət Universitetini bitirdikdən sonra ictimai fəaliyyətim səngidi və bir müddət, ümumiyyətlə, bu sahədən kənarda qaldım. 2005-ci ildə isə gənc fəal kimi deyil, artıq jurnalist kimi fəaliyyətə başladım və ilk iş yerim “Yeni Müsavat” qəzeti oldu.- Mətbuata yenicə gəlmiş, bu sahədə bir o qədər də təcrübəsi olmayan bir gəncin “Yeni Müsavat” kimi nüfuzlu bir qəzetdə işə başlaması çətin deyildi ki?- Əslində, çətinliklər oldu. Mən mətbuata siyasətdən gəlmişdim. Siyasi proseslərə yaxşı bələd olsam da, jurnalist kimi ixtisaslaşmamışdım. Bu səbəbdən müəyyən problemlər yaranırdı. İlk dəfə qəzetə gələndə məni Rey Kərimoğlu ilə birgə ABŞ səfirliyinin tədbirinə göndərdilər. Yazını Rey yazmalı, mən isə müşahidə aparmalı idim. Elə oldu ki, Rey bu yazını yazmaqdan və qonorarından imtina etdi. Beləcə, işə qədəm qoyduğum ilk gündə ilk yazım “Yeni Müsavat” qəzetinin dördüncü səhifəsində dərc olundu. Bir həftə sonra isə məni, rəsmi olaraq, işə götürdülər.O zamanlar belə bir qayda var idi. Kim baş redaktorun planlaşdırmasına qatılırdısa, o, rəsmi işçi sayılırdı. Mən bu müddəti çox qısa zamanda qət elədim və artıq bir həftə sonra kollektivin tamhüquqlu üzvü olaraq, planlaşdırmada iştirak edirdim. Beləcə, altı ay bu qəzetdə çalışandan sonra “Yeni Müsavat”ı tərk etdim. “Milli Yol”, “24 saat” qəzetlərində redaktor, baş redaktor müavini işlədim. “Gündəlik Azərbaycan” qəzetlərində müxbir kimi çalışanda isə artıq peşəkar idim. (gülür)- Deyilənə görə, bir müddət mətbuatı tərk etmisiniz...- Bəli, o zamanlar mətbuatda ciddi maliyyə sıxıntıları var idi. Əksər qəzetlər ya maaş verə bilmir, ya da verməkdən imtina edirdi. İşçi əməyi istismar olunurdu. Bu, jurnalistləri həm maddi, həm də mənəvi sıxıntılarla üz-üzə qoyurdu. Başa düşdüm ki, artıq mətbuatda qalmağın mənası yoxdur. O dövrlər xeyli tanınmış jurnalist medianı tərk etdi. Hazırda onlardan geri qayıdanları da var, digər sahələrdə özünü sınayanları da.Mətbuatı tərk edəndən sonra marketinq sahəsində özümü sınadım və nəticə heç də pis olmadı. “Zirə Broyler”, “Unikal”, “Karmen” kimi iri şirkətlərdə satış müdiri vəzifəsinə qədər yüksəldim.- Bəs niyə yenidən mətbuata qayıtdınız?- Əslində, mənim mətbuatda deyil, satış sahəsində çalışmağım, dövrün tələbi idi və mən heç də, könüllü olaraq, medianı tərk etməmişdim. Sadəcə, mən və digər həmkarlarım buna məcbur idik. 2011-ci ildə uşaq yaşlarımdan yaxşı tanıdığım, yaşının çox az olmasına baxmayaraq, dostluq etdiyim Fərid Şahbazlı mənə Qaynar.info portalını birgə işlətməyi təklif etdi. Biz bu saytı işlətməyə başladıq. Ona qədər Qaynar.info populyar idi, amma heç bir gəliri yox idi. Biz işə başlayanda ikimizə ayda 400 manat gəlir götürürdük. Qısa zaman müddətində biz bu saytı gücləndirdik və gəlirimiz artıq həm Fərid Şahbazlının, həm də mənim maddi ehtiyaclarımı ödəyirdi.- Ötən ilin sonlarında KİV.AZ layihəsi ilə gündəmə gəldiniz. Sayt qısa müddətə böyük oxucu kütləsi cəlb etsə də, ömrü uzun olmadı...- Mən KİV.AZ-ı işlədəndə Editor.az-ı tərk etməmişdim. Paralel olaraq, həm Editor.az-da, həm də KİV.AZ-da çalışırdım. Biz təkbaşına, heç bir maddi dəstək olmadan, bu saytı ölkənin ən aparıcı beş-on saytından birinə çevirdik. Lakin bu, uzun sürə bilməzdi və bizə ayaqda qalmaq üçün maliyyə lazım idi. Bu olmadı deyə, KİV.AZ-ı bağlamaq qərarına gəldik.- Sizin adınız Azərbaycan mətbuatında parlament müxbiri olmaya-olmaya deputatlarla sıcaq münasibətdə olan jurnalistlər sırasında çəkilir?- Mən jurnalist olmaqla yanaşı, həm də marketinq sahəsində çalışmışam və bu səbəbdən insanlarla münasibətləri hansı formada qurmağı yaxşı bilirəm. Yadıma gəlir, ilk dəfə zəng etdiyim deputatlar telefonumu ya götürmür, ya da verdiyim suala cavab verməkdən imtina edirdilər. Lakin bu, məni ruhdan salmırdı. Beləcə, parlamentarilərlə “anlaşa bildim” və bu gün, Sizin də dediyiniz kimi, deputatlarla ən sıx əlaqədə olan jurnalistlər sırasında yer alıram. (gülür)- Perspektivdə yenidən xəbər portalı yaratmaq planlarınız varmı?- Artıq uzun müddətdir ki, internet mediadayam. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu sahə ilə bağlı geniş anlayışım var. Qabaqlar xəbər portalı yaratmaq niyyətim olub, bunu etmişəm də. Hazırda isə spesifik bir portal yaratmağı planlaşdırıram və güman ki, bu tibb, biznes, elm və ya mədəniyyət sahəsinə aid olan bir portal olacaq.- Azər Niftiyevin jurnalistikada qazandıqları və itirdikləri nə olub?- Əlbəttə, hansı sahədə çalışmasından və fəaliyyətindən asılı olmayaraq, hər kəsin qazandıqları və itirdikləri olur. İtkilər barədə danışmaq istəməzdim. Qazandıqlarım sırasında isə, xüsusi olaraq, dostların adını çəkmək istəyirəm. Məhz jurnalist olduğuma görə, kifayət qədər dostlar qazanmışam ki, bunu böyük uğur kimi qiymətləndirirəm.
OXŞAR XƏBƏRLƏR