"Yaltaq kişi fahişə qadından fərqli bir şey deyil"

MARAQLI
17:02 23.09.2016
6774
Rüstəm BEHRUDİ "BİZ HARA GEDİRİK???”!!!
 
Yer üzündə hər şey, başqa bir şeyin əlamətidi. Çiçəklər ilk baharın, xəzəllər payızın əlamətidi. Ruhumuzu soyan fədakarlıq sonda zəifliyin əlamətidi. Güclü adam fədakarlıq eyləyə bilməz.
 
Yer üzündə hər şey başqa bir şeyin əlamətidi. Olanlar olanın, olmayanlar olmayanların əlamətidi. Bütün zamanlarda müxalifət zəifliyin, iqtidar zorun və gücün əlamətidi. Əlamət onların ifadə vasitəsidi. Yer üzündəki otlar, çiçəklər, ağaclar, çaylar, dənizlər, dağlar və adamlar Tanrının əlamətidi. Tanrını göstər deyən adamlar, görməyə gözünüz varmı? Əsa Musanın, çarmıx İsanın, Quran Məhəmmədin əlamətidi.
 
Tövrat Musanın, İncil İsanın, Quran Məhəmmədin tənhalığıdı.
 
Tənhalıq allahın, Allah tənhalığın əlamətidi. Günah savabın, savab günahın əlamətidi.
 
Şuşada minarəsi uçmuş sahibsiz Allah evi dindarın, dindar sahibsiz Allah evinin əlamətidi. Allah evi sahibsiz qalanda cihad yoxdusa, Allah da yoxdu.
 
Pəncərə hücrənin, hücrə pəncərənin əlamətidi. Hücrədən imana açılan toz basmış pəncərəni açmanın zamanı gəldi. Yer üzündə hər şey başqa bir şeyin əlamətidisə, Qarabağ da məğlubiyyətimizin əlamətidi.
 
Uduzan adamın barışıq istəyi qorxaqlığın, qorxaqlıq yaltaqlığın əlamətidi.
 
Yaltaq kişi fahişə qadından fərqli bir şey deyil. Qələbə ölmədən öldürə bilməyin əlamətidi.
 
Biz torpaq itirmişik Vətəni yox, döyüşü uduzmuşuq, Müharibəni yox. Döyüşsüz barışıq gələcək müharibənin əlamətidi.
 
Bizə döyüşdən əvvəlki barışıq yox, döyüşdən sonrakı sülh gərəkdi. Bütün barışıqlar gələcək müharibənin, bütün müharibələr gələcək sülhün əlamətidi. Yer üzü göy üzünün əlamətidi. Yer üzü görünən göy üzüdü əslində.
 
Bir vaxt yer üzü göy üzündə necə itəcəksə, yer üzünün günahlarını da göy üzü eləcə udacaq. Bizim günahlarımızı günahdan başqa nə yuya bilər ki? Döyüş (özü də son döyüş) bizim var olmağımızın əlamətidi. Olmaq istəmirsinizmi, zalım dostlar? Mənə ölməyi bacaracaq gücü ver, Tanrı! Para yoxsulluğun, sevda dəliliyin, ölüm var olmağın əlamətidi. Ölüm yox olmaqdı. Olmayan şey yox ola bilməz ki! Nəticəsi olmayan siyasət sentimental boşboğazlığın, dumanlı xəritələr yaşanmış iqtidarın əlamətidi.
 
Əxlaq, bədənin can atdığı, ruhun əzab çəkdiyi şeylərdən imtina etmək bacarığıdı insanın. İmtina eləmək bacarığı əxlaqın, əxlaq heç kimdən heç nə ummadan yaşaya bilməyin əlamətidi. Əxlaq ləyaqətin əlamətidi. Şərəfin şöhrət hissinə qul olanın ləyaqəti olmur. Bizdə hamı şərəfini qorumağa çalışır. Ləyaqətini qorumaq heç kimin yadına düşmür. "Mən gündə yüz dəfə ərə gedə bilərəm” deyən ulduz müğəninin televiziya ekranında Azərbaycan xalqına əxlaq dərsi oxumağı, qiyamətin, qiyamət Allahın gücsüzlüyünün əlamətidi. Allahın gücsüz olduğu ölkədə fahişələrin və şairlərin çoxluğu cəhənnəmin, cəhənnəm Iblisin əlamətidi.
 
Məmləkətdə şairlər fahişələrdən çoxdu indi. Şairlər fahişələrə əl açır. Bu nə əl çağıdı belə?
 
"Maç-maç, quc-quc”la və "Şəklimi çək”lə tamaşaçı qarşısına çıxan müğənni alverin, alver bazarın əlamətidi. Bazar yeri başlanır bu "mahnı"lardan sonra. Ruhu sözlərində çırpınan bir ölkənin, qanı ürəyindən içinə axan məmləkətin yaralarıdı bu sərsəmləmələr. Bir azdan təzə telekanallardan «mavilər»in üsyanını Qarabağ uğrunda döyüş kimi təqdim etsələr heç təəccüb eləməyin.
 
Biz hara gedirik, zalım dostlar. Əvvəli və sonu olan bir yolun özü yoxdu. Yolun özü yoxdusa, əvvəl də yoxdu, son mənzil də. Sarayında "gədə” saxlayan bir türk hökmdarı tanımıram mən (bu ifadə farslara məxsusdur), Türk olduğumuzu unutduqmu, zalım dostlar. Son baharda öləcək yarpaq soyuq ay işığında necə yuyunursa, günahlarımızdan eləcə soyunmağımız gərəkdi daha. Ölüm gəlib tapacaq bizi, günahlarımızdan soyunmağa vaxtımız olmayacaq. An əbədiyyətin, əbədiyyət anın əlamətidi.
 
Vaxt, zaman ölçüsü olmaqdan çıxır daha. Vaxt, vaxt deyil daha. Vaxt olub olmamağın əlamətidi indi.
OXŞAR XƏBƏRLƏR