“Siz qəzetdən, televiziyadan gəlirsiz? O zaman ödəniş etməlisiz, bilirsiz də... 100 manat”... Elə bu anons kifayət etdi ki, olduqca məsumanə, yurdumuzun gözəlliklərini tanıtmaq məqsədilə həyata keçirməyə hazırlaşdığımız layihəni “partizan dağlarına” tərəf yönəldək. Bəli, yenə də jurnalist kimliyimizi gizlədib, sizə daha bir məkanı tanıdacağıq - Yanardağı...
Yanardağ - izahlı 5 azn...
Girişdəki dialoqun, eləcə də bizim layihənin öz rəngini necə dəyişməsinin təfərrüatlarını aşağıda oxuyacaqsız. Amma əminəm ki, Bakıda yaşayıb, ölkə telekanallarına baxıb da, paytaxta yaxın məsafədə yerləşən Yanardağ haqqında məlumatsız olan az adam tapılar. Uşaqların təbirincə desək, daşların içindən od çıxan yer... Televiziya sözünü əbəs yerə işlətmədim, çünki pafoslu bədii verilişlərin əksəriyyətinin sevimli ünvanı bura olur. Qaş qaralan kimi kamera-ştativini götürüb bura gələn televiziyaçılar tanınan-tanınmayan şairləri də özləri ilə gətirir, Yanardağda çox romantik bir pozada çəkir, şeir oxutdurur, sonra o şeirə sentimental bir fon musiqisi verir.... Bununla da sıravi Azərbaycan tamaşaçısının bu məkanla bağlı təsəvvürü arzuolunmaz şəkildə formalaşır. Əslindəsə bu kiçik məkan özü boyda maraqlı bir tarixi ehtiva edir. Tanış olaq...
Bilməyənlər üçün... Bu məkan Abşeron rayonunun Digah qəsəbəsi ilə Məhəmmədi qəsəbəsi arasında, xəritə ilə desək, Məhəmmədi-Digah şosse yolunun sol istiqamətində yerləşir. Maşınla gələnlər əsasən Mehdiabad qəsəbəsi yaxınlığından bu məkana yol alırlar. Bir neçə il öncəyə qədər yolun qırağında Yanardağın elan lövhələri yer alırdı. “Yanardağ - 2 kilometr” yazılırdı üstündə. Bu dəfə həmin elana rast gələ bilmədik. Ümumilikdə isə Yanardağ Bakı şəhər mərkəzindən 27 km aralıdadır. Avtobusla gəlmək istəyənlər üçün də 217 saylı avtobus xidmət göstərir. Bu avtobus metronun “Koroglu” stansiyası - Məhəmmədi kəndi - Yanardağ istiqamətində hərəkət edir. Bundan başqa, Mehdiabad qəsəbəsindən də bəzi avtobuslar o istiqamətdə hərəkət edirlər.
Amma məkanın qarşısında onun Yanardağ olduğunu göstərən iri lövhələr yoxdur. Nabələd turist üçün hər hansı tanıtım olmaması səbəbindən çaşqınlıq yaranması da qaçılmazdır. Yaxşı ki, nabələd deyilik, məkanı tapırıq. Yanardağa giriş bileti böyüklər üçün 2 AZN, uşaqlar üçün 20 qəpikdir. Bələdçi xidmətindən istifadə etmək istəyənlər isə bunun üçün kassaya əlavə 5 AZN də ödəməlidir. Baxmayaraq ki, tarixi adlandırılan bu cür məkanlarda bələdçi xidməti üçün əlavə ödənişin olması anormaldır. Bu, bilet qiymətinin içində “əriməlidir”.
Üzərinə yağış yağanda daha da güclənir
Doğrudur, Yanardağ daha çox qış aylarında, soyuq fəsillərdə ziyarət olunacaq məkanlar siyahısındadır. Amma öyrənirik ki, aprel ayından etibarən gələnlərin sayında bir artım var. Xüsusən də məktəblərdən bura ekskursiyaya gələnlər üstünlük təşkil edir. Bələdçimiz sağ olsun, izahat verir. Öyrənirik ki, bu unikal dağ düz 14 əsrdir ki, yanır. 7-ci əsrdə şimşək nəticəsində yanmağa başlayıb. İndi isə nə qar, nə yağış, nə də çovğun onu söndürə bilir. Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır. Yanğının üzərinə yağış yağan zaman isə o, daha da güclənir. Adi günlərdə alovun hündürlüyü 10-15 metrə çatır. Amma yanğın ildən-ilə azalır. Dağ hər il bir neçə santimetr geri gedir. Bu da o deməkdir ki, dağın ərazisi yanaraq balacalaşır.
Yağış yağanda alovun daimi çıxdığı yerlərdən əlavə, digər yerlərdən də alov çıxır. Qış fəslində kükürd daha çox üzə çıxaraq, alovu şiddətləndirir.
Dağın yuxarı ərazisinin hündürlüyü 116 metrdir. Bura Abşeronun ən hündür zirvəsi hesab olunur və dəniz səviyyəsindən 86 metr yüksəkdədir.
Yanardağa gəlib, qır məkanından yan keçmək olmaz
Fotolardan da gördüyünüz kimi, Yanardağın ərazisi kiçik sayılmaz. “Kitab-dəftər”ə görə Yanardağa 64,55 hektar ərazi ayrılıb. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ daxildir.
Bu ərazi düz 2007-ci ildən, daha konkret desək, həmin ilin 2 may tarixindən etibarən dövlət tarix-mədəniyyət və təbiət qoruğu sayılır. Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələrdəki alov sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib.
Bələdçinin izahatı ilə yola davam... Bu qoruğun rəsmi saytında da qeyd edilib ki, orada yerləşən Qırməki vadisi yerli xalqın ləhcəsində “qır məkanı” anlamına gəlir və təxminən 10 hektar sahəni əhatə edir. Burada ta qədim zamanlardan neft laylarının yer səthinə yaxın olması səbəbi ilə öz-özünə üzə çıxan neft - qum və palçıqla qarışaraq soyuduqdan sonra qırabənzər kütlə əmələ gətirib. Yerli əhali bu təbii məhsuldan evlərinin damlarını yağışdan qorumaq üçün bacarıqla istifadə edib. Sonralar əllə qazılan ilk neft quyuları da məhz bu ərazidədir. Dərinliyi 35-40 metrə çatan bu quyuların bir neçəsi bu günümüzə qədər mühafizə olunmaqdadır. Ərazi neft kəşfiyyatı və bununla bağlı gedən geoloji proseslərlə məşğul olan insanlar üçün indi də böyük maraq kəsb etməkdədir.
Palçığı da, bulağı da dəri xəstəliklərinin təbibidir...
“Qurd yuvası” adlanan təbii mağara “Qırməki vadisi”nin sərt daşlıq yamacında yerləşir. Ərazinin, ətraf mühitin ibtidai insanların yaşayışı üçün əlverişli olduğunu, dənizin yaxınlığını, balıq və digər ov heyvanlarının bu ərazidə geniş yayıldığını və istilik mənbəyi olan daimi alovları nəzərə alsaq, inamla deyə bilərik ki, bu ərazi qədim insan məskənlərindən biridir. Bu fikrimizin təsdiq və ya inkarı isə gələcək tədqiqatların işidir.
Öyrənirik ki, Yanardağ qoruğundakı palçıq vulkanı həm də müalicəvi xüsusiyyətləri ilə seçilir. Onun suyundan yerli əhali bu günə qədər müxtəlif dermotoloji və digər dəri xəstəliklərində uğurla istifadə edir. Vulkandan yaranan palçıq kosmetoloji vasitə kimi əvəzsizdir. “Qotur su” bulağı da onun kimi. Bu bulağın da dəri xəstəlikləri üçün faydası olduğu deyilən məlumatlar sırasındadır. Alışqanı bulağa yaxınlaşdıranda ani olaraq bulaq alovlanır. Qəsəbə sakinləri də dəri xəstəliklərinin müalicəsi məqsədilə bulaqdan istifadə edirlər.
Qaval daşının hərəsindən bir səs çıxır
Bu da təpənin üstündəki qaval daşları. Üzərindəki kiçik daşlarla qaval çalmaq istəyənlər “qabiliyyətini” yoxlayır. Hərəsindən fərqli bir səs çıxır. Bələdçi isə deyir ki, elə bu qaval daşları sözügedən məkanda insanların qəbilə icması dövründən yaşadıqlarını sübut edir. Həmin dövrdə insanlar Qaval daşlarından həm həyəcan siqnalı vermək, həm də ov qabağı uğurlu ov etmək üçün düzənlənən xüsusi ayinlərin icrası zamanı bir zərb musiqi aləti kimi istifadə ediblər.
Çay dəstgahı ləğv olunub, mühafizəçininsə gözü qonaqların üzərində...
Bir neçə il öncəyə qədər bu məkana gələnlər üçün çay içmək fürsəti də yaradılırdı. Yanardağın ərazisində fəaliyyət göstərən kafedən çay dəstgahı sifariş vermək olurdu. Dediyimiz kimi, ancaq və ancaq dəstgah... 10 AZN məbləğində olan dəstgaha isə mürəbbə, limon, keks, şokolad... daxil idi. Budəfəki gedişimizdə öyrəndik ki, artıq bu xidməti ləğv ediblər. Üstəgəl, kafenin stol-stulları da artıq ərazidən götürülüb. Buna səbəb isə bir neçə il öncə prezident İlham Əliyevin həmin məkana gəlib, bu nizamsızlığı görəndən sonra tutduğu irad olub.
Bu arada, Yanardağa giriş gecə saat 12-yə qədər mümkündür. Amma bələdçi xidməti saat 18.00-da yekunlaşır. Gəzinti zamanı ərazinin mühafizəçisinin gözləri də sizin üzərinizdə olur. Məlum, gecə qara, cücə qara. Baş verə biləcək neqativ halların qarşısını almaq üçün onun orda olması qaçılmazdır.
Çəkiliş qiymətləri “yandırır”
İndi keçək yazının girişində qeyd etdiyimiz qiymət məsələsinə. Qoruğun girişindəki bildirişlərdə də qeyd edilib ki, biletlərin qiymətləri müxtəlifdir. Belə ki, yerli və xarici vətəndaşlar üçün 2 AZN, tələbələr üçün 1 AZN, məktəblilər üçün 20 qəpik.
Ekskursiya xidməti (1 qrup üçün 25 nəfərədək 5 AZN), tələbələr üçün 3 AZN, məktəblilər üçün 1 AZN.
Çəkiliş qiymətləri isə insanı sadəcə heyrətə gətirir. Necə, hansı meyarlara əsasən hesablanıb? Biz susaq, qiymətlər “danışsın”:
Sənədli, elmi-populyar filmlərin çəkilişi - 150 manat
Bədii filmlərin çəkilişi - 300 manat
Verilişlərin çəkilişi - 200 manat
Kliplərin çəkilişi - 200 manat
Vertolyotdan çəkiliş -200 manat
Tədbirlərin keçirilməsi - 300 manat
Abidələrin reklam məqsədli çəkilişi - 200 manat
Fotoreklam üçün çəkilişlər - 100 manat
Sonda... Qiymətlərə baxıb, reportajı partizan üsulları ilə həyata keçirməyimiz yəqin ki, anlaşılandır. Azərbaycan mətbuatının kasıb dönəmində iki-üç fotoya, bir neçə dəqiqəlik videomateriala hansısa qəzetin, saytın 100 AZN ödəyəcəyi qeyri-mümkündür. Üstəlik, nəzərə alanda ki, medianın işıqlandırması ilə bura gələcək turistlərin sayında artım olur, o zaman...
Ümid edək ki, məkanın rəhbərliyi, eləcə də tabe olduqları Mədəniyyət və Turizm Nazirliyi buna bir əncam çəkər. Əks halda, Yanardağdakı qiymətlər “yandıra” bilər. Jurnalistləri də, elə bu məkanın özünü də... (musavat.com)