Azərbaycan idmançılarının London Olimpiadasında bir-birinin ardınca uğursuz nəticələr göstərməsi YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzovu da hövsələdən çıxarıb.
Siyavuş Novruzov cüdo üzrə Pekin Olimpiadasının qalibi Elnur Məmmədlinin Londonda uduzmasından təəssüfləndiyini bildirib. Qeyd edək ki, deputat hələ bir il əvvəl Milli Məclisdəki çıxışlarının birində bəzi idmançıları çempion olduqdan sonra yollarını azmaqda günahlandırmış, onları pul qazanan kimi kifayət qədər komfortlu həyat şəraitinə meyl etdiklərinə və idmana maraqlarının azaldığına görə sərt tənqid etmişdi.
Deputat indi də həmin fikirlərində qaldığını vurğulayıb. O bildirib ki, idmançı düşünməməlidir ki, bir dəfə qələbə çalırsa, növbəti dəfə də qalib gələ bilər, öz üzərində daim çalışmalıdır. ”İdmançı hazırlaşmalıdır və öz üzərində ciddi işləməlidir. Hər bir idmançı qarşısına məqsəd qoymalıdır ki, qalib olacaq. Bəziləri bir dəfə yer tutur, sonra komfortlu həyata alışır və idmana maraqları azalır. Bu heç də düzgün deyil. Onlar bu hərəkətlərindən çəkinməli və növbəti qələbələr üçün çalışmalıdırlar”.
Siyavuş Novruzovun sözlərinə görə, bəzi hallarda Azərbaycanda hansısa vergidən yayınan məmur özünün reklamı ilə məşğul olmaq üçün Olimpiadada yer tutan idmançılara maşın bağışlayır: ”Bununla da özünün reklamı ilə məşğul olur, ancaq həmin idmançı düşünməlidir ki, bu kimi uğurları özünün qələbəsi ilə də əldə edə bilər.
Çünki qaliblərin əməyi Milli Olimpiya Komitəsi və Prezident tərəfindən kifayət qədər qiymətləndirilir”.
İdmanın ağır sahə olduğunu deyən YAP-çı deputat deyib ki, idmançıların qələbəsi həm onların özünə, həm də dövlətə şərəf gətirir. ”Amma idmançılarımıza yanaşma tərzi də dəyişməlidir. Bizdə qələbəyə və məğlubiyyətə münasibətlər fərqlidir”.
/// modern.az