YAP Gəncə şəhər Təşkilatında mükafatlandırma mərasimi keçirilib - FOTOLAR

SİYASƏT
15:41 30.05.2014
2867

30 may 2014-cü il tarixdə YAP Gəncə şəhər Təşkilatının Qərargahında Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr etdiyi silsilə tədbirlərin yekunu və mükafatlandırma mərasimi keçirilib. Mərasimdə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, Təşkilatın idarə heyəti və şura üzvləri, partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar və tələbə-gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq iştirakçıları salamladı və bildirdi ki, bu tədbir çox əlamətdar bir dövrdə keçirilir. Bütün gəncəlilər xalqımıza xoşbəxtlik, firavan həyat, əmin-amanlıq bəxş edən ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş möhtəşəm tədbirlərin qürurlu və sevincli təəssüratları içərisindədir. İki gün bundan əvvəl isə 28 May-Azərbaycan Xalq Cümhuriyyətin yaranmasının 96 illiyini yüksək təntənə ilə qeyd etdik. Bu tarixi hadisələri xalqımız, eləcə də ulu öndərin müdrik siyasi kursuna həmişə  sadiq olan , qədirbilən gəncəlilər görkəmli nailiyyətlərlə, həyatımızın bütün sahələrində sürətli inkişaf və tərəqqidən doğan fərəh hissi ilə qarşıladılar.

Şəhər Partiya təşkilatının sədri bütün gəncəlilər adından əldə olunan uğurlara, qazanılan qələbələr görə ölkə Prezidenti cənab İlham Əliyevə, hər bir  Gəncə sakininə göstərdiyi diqqətə və dəstəyə görə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təşəkkürünü bildirdi. Daha sonra qeyd etdi ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı umummilli lider Heydər Əliyevin doğum günü münasibətilə silsilə tədbirlər keçirdi. Həmin tədbirlər çərçivəsində ali və orta ixtisas təhsil müəssisələri arasında futzal, şahmat turnirləri, bilik yarışı geniş yer aldı.

Eyni zamanda,ümummilli liderin doğum günü münasibətilə  əlaqədar  YAP Gəncə şəhər Təşkilatı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Respublika “Təhsil” İdman Mərkəzi Gəncə filialının birgə təşkilatçılığı ilə gənclər arasında ağırlıqqaldırma, bədii gimnastika, cüdo və yeniyetmələr arasında futzal turniri keçirilib. 

Bütün yarışlarda ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, fəalları, təşkilatçılar, iştirakçılar, tələbə-gənclər dahi şəxsiyyət Heydər Əliyev ənənələrinə sonsuz sədaqət, məhəbbət, yüksək vətənpərvərlik, coşqu, işgüzarlıq, hərtərəfli bilik, intellekt və bacarıq nümayiş etdirdilər.

Sonra mükafatlandırma mərasiminə başlandı. Öncə  8 komandanın cəlb olunduğu, olimpiya sisteminə uyğun olaraq, keçirilən şahmat turnirinin qalibləri -  Azərbaycan Dövlət Aqrar Universitetinin komandası və Universitetin rektoru , professor İbrahim Cəfərov, yarışda ikinci yeri tutan  Azərbaycan Texnologiya Universitetinin komandası və Universitetin prorektoru Məntiq Cəfərov dəvət olundular.

“Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışının qalibi Gəncə Dövlət Universitetinin komanda üzvləri olublar. Azərbaycan Dövlət Aqrar Universitetinin komandası isə ikinci yerin sahibi olub.

 Futzal turnirində Gəncə Humanitar Kollecin və Azərbaycan Texnologiya Universitetinin komandaları birinci və ikinci yeri paylaşıblar.

Şahmat və Futzal yarışlarının qaliblərinə kubok, medallar, Fəxri fərmanlar, qiymətli hədiyyələr verildi.

“Heydər Əliyev irisini öyrənirik” adlı bilik yarışının qalibi olan Gəncə Dövlət Universitetinin  komandasına kubok, Fəxri fərmanlar, hədiyyələr verilməklə, YAP Gəncə şəhər Təşkilatının Keçici bayrağı təntənəli şəkildə təqdim olundu.

Qeyd edək ki, Keçici bayraq ötən il bilik yarışının qalibi olan Humanitar Kollecin komandasına verilmişdir.

Tədbirdə AMEA-nın Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyev,  ADAU –nun rektoru, professor İbrahim Cəfərov, AzTU         -nun prorektoru Məntiq Cəfərov, GDU –nun rektoru, professor Yusif Yusifov, Gəncə Humanitar Kollecin direktor müavini Təranə Məmmədova çıxış edərək, gənclərə hərtərəfli diqqət və qayğı göstərdiyinə, geniş imkanlar yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, tələbə və gənclərin inkişafına, onların daim irəli getməsinə  daim dəstək olduğuna görə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə  dərin minnətdarlıq bildirdilər, yarışlarda uğur qazanan fəal gəncləri təbrik etdilər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan silsilə tədbirlərin işıqlandırılmasında və YAP Gəncə şəhərinin fəaliyyətində yaxından iştirak edən media işçilərindən bir qrupuna YAP Gəncə şəhər Təşkilatının qərarı ilə Fəxri Fərmanlar təqdim olundu.

“Gəncənin səsi” qəzetinin baş redaktoru “Tərəqqi” medallı Rəfiqə Sadıqova, AzTV-nin bölgə müxbiri Əhməd Qədiroğlu, İctimai Televiziyanın bölgə müxbiri Vaqif Tanrıverdiyev, “Yeni Gəncə” qəzetinin baş redaktoru Süsən Tağıyeva və başqaları çıxış edərək, ölkə başçısı cənab İlham Əliyevin mətbuat işçilərinə çox böyük qayğı göstərdiyini, onların fəaliyyəti üçün lazımi şərait yaratdığını, bu ənənələrin şəhər rəhbərliyi tərəfindən də uğurla yerinə yetirildiyini, fəaliyyətilərinə yüksək qiymət verildiyini vurğuladılar.   

Sonda xatirə şəkilləri çəkilib.

OXŞAR XƏBƏRLƏR