Azərbaycan idmançılarının Londonda keçirilən Olimpiya Oyunlarında uğurlu çıxışı dövlətin idmana dəstək və qayğısından irəli gəlir. Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyindən bildirilib.
"Bu, onun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə idmanın inkişafına maksimum səy göstərir, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir. London olimpiadasında Azərbaycan himninin səsləndirilməsi biz gənclər üçün çox böyük qürurdur. Biz fəxr edirik ki, gündən-günə çiçəklənən Azərbaycanın gəncləriyik", - məlumatda qeyd olunur.
Məlumatda daha sonra bildirilir: "Bu gün bütün azərbaycanlılar, xüsusilə gənclərimiz sonsuz fərəh içərisindədir. İdmançılarımız Toğrul Əsgərov və Şərif Şərifov bir saatda 2 qızıl medal qazanmaqla fantastik qələbəyə nail olub və Azərbaycan idmanını XXI əsrin ikinci onilliyində olimpiya zirvəsinə qaldırıblar.
Müstəqil Azərbaycan Respublikasının Olimpiya Oyunlarında cəmi 5 dəfə iştirak etməsinə baxmayaraq, göz önündə olan uğurlarla ölkəmiz bir daha dünyanın inkişaf etmiş idman ölkəsi olduğunu isbatlayıb. Müstəqil Azərbaycanın iştirak etdiyi Olimpiya Oyunlarının nəticələrinə də nəzər saldıqda, ölkəmizin əldə etdiyi medalların sayını xatırladıqda, söylənilən fikrin əsaslı olduğu bir daha üzə çıxır.
Pekində keçirilmiş son Olimpiya Oyunlarında ölkəmiz 1 qızıl olmaqla, 7 medal əldə etmişdisə, London Yay Olimpiya Oyunlarında 2 qızıl olmaqla, 10 medal qazanıb".