“YAP hər zaman dialoqların və əməkdaşlığın tərəfdarı olub”
GƏNCLİK
15:45 19.04.2014
1861
Seymur Orucov: “Bizim üçün əsas amal dövlətin, millətin maraqlarının qorunmasıdır”“Yeni Azərbaycan Partiyasının Partiyalararası əlaqələr və dialoq Komissiyasının işi çox faydalı olacaq”. Bu barədə “Kaspi”yə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib.Qeyd edib ki, komissiyanın sədrinin Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin müdiri cənab Əli Həsənov olması onlar üçün bir üstünlükdür: “Əkb müəllim həm də beynəlxalq münasibətlər üzrə mütəxəssisdir. Ona görə də düşünürəm ki, partiyalararası dialoqun, eləcə də bu istiqamətdə işlərin tənzimlənməsində bizə çox yardımçı olacaq. Elə Komissiyanın ilk iclasından da bu əhval-ruhiyyə sezilməkdə idi. Orada bir sıra məsələlər, müəyyən tezislər ətrafında səmimi müzakirələr aparıldı, təkliflər səsləndirildi”.S.Orucov deyib ki, YAP hər zaman dialoqun və əməkdaşlığın tərəfdarı olub. Prezident İlham Əliyev dinlərarası dialoq, dünyadakı multikulturalizm, mədəniyyətlərarası dialoqla bağlı hər zaman müsbət mənada çağırışlar edib, bununla bağlı Azərbaycanda ənənəvi olaraq hər il möhtəşəm beynəlxalq tədbirlər keçirilib. YAP əvvəllər olduğu kimi, bundan sonra da dialoqun tərəfdarı olacaq: “Bu gün də sevindirici hal odur ki, bizim çalışdığımız, Prezident İlham Əliyevin rəhbəri olduğu partiya dialoqla, partiyalararası əməkdaşlıqla bağlı Komissiya yaradıb. Komissiyanın məqsədi budur ki, Azərbaycanda parlamentdə təmsil olunan siyasi partiyaların birgə fəaliyyəti təşkil olunsun, Azərbaycanın ümummilli maraqlarının qorunması, problemlərimizin dünyaya çatdırılması istiqamətində birgə hərəkət edilsin. Komissiyanın ilk iclasında da bu məqsəd, bu amal bir daha ortaya qoyuldu.Komissiyasının ilk iclasında universitetlərin politologiya ixtisasında təhsil alan gənclərin partiyalararası əməkdaşlıqda və dialoqdakı rolunu artırmaqla bağlı da fikirlər səsləndirildi. Təklif etdim ki, bu istiqamətdə fəaliyyət Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə birgə həyata keçirilsin. Çünki üzvlərimizin bir çoxu tələbə, magistr, aspirant, gənc tədqiqatçıdır. Onların imkanlarından, potensialından müsbət mənada yararlanmaq olar. Düzdür, bu təkliflə bağlı hələlik hər hansı qərar verilməyib. Amma ümumilikdə baxdıqda dialoq, birləşmək çağırışları ilə ümummilli maraqlar ətrafında birləşmək, bu istiqamətdə tədbirlər təqdirəlayiqdir. Yeni Azərbaycan Partiyasının bu cür təşəbbüsdə bulunması onu göstərir ki, partiyamız dünənin, bu günün, gələcəyin partiyasıdır. Amalı, məqsədi Azərbaycana, onun dövlətçiliyinə, daha da möhkəmlənməsinə xidmət etməkdən ibarətdir”.