AZXEBER.COM xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yeni videogörüntülər yayımlanıb.
Video metronun Elmlər Akademiyası metrostansiyası yaxınlığında çəkilib. Videodan aydın olur ki, yolun hərəkət hissəsində hər cür məhsul satılır.
Görüntülərdən o da bəlli olur ki, bəzi ticarətçilər səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirir, eyni zamanda küçələrdə antisanitariya yaradaraq pərakəndə ticarətlə məşğul olurlar.
Qeyd edək ki, Bakının rayonlarında yerləşən metro əraziləri və digər küçə və səkilərdə qanunsuz küçə ticarətinə qarşı mübarizə çərçivəsində müvafiq qurumlarla birgə profilaktik tədbirlər həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq mediada açıqlamalar yayımlanır.
Ancaq videogörüntülər onu deməyə əsas verir ki, hələ də bu istiqamətdə görülən işlər kifayət deyil.
Onu da qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunsuz küçə ticarəti, yəni Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə edilir.
Vergi qanunvericiliyinin pozulması hallarına gəldikdə isə, küçə ticarəti ilə məşğul olan şəxsə sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanında vergi uçotuna alınmadığı halda 40 manat məbləğində, əhali ilə nağd pul hesablaşmalarını nəzarət kassa aparatı və ya ciddi hesabat blankları tətbiq etmədən apardığı halda təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat məbləğində, ikinci dəfə yol verildikdə 800 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.