“Yat Qənirə, o mütləq qayıdacaq” – Qənirə Paşayeva kimdir?

“Yat Qənirə, o mütləq qayıdacaq” – Qənirə Paşayeva kimdir?
SOSİAL
14:16 23.05.2018
36159
Deputatların heç olmasa yarısı onun qədər aktiv olsaydı...

AZXEBER.COM Azər Niftiyevin təqdimatında "Deputat kürsüsü” rubrikasına start verir. Hər həftənin çərşənbə günü yayımlanacaq rubrikada oxucular ölkənin ali qanunverici orqanında - Milli Məclisdə təmsil olunan deputatların fəaliyyətindən və onların keçdiyi həyat yolundan xəbər tutacaqlar.

Rubrikanın ilk qonağı Milli Məclisin deputatı Qənirə Paşayevadır.

Qənirə Paşayeva kimdir?

Deputatların fəaliyyətinə ictimai qiymət veriləndə üç əsas amil rəhbər tutulur. O, Milli Məclisdə keçirilən müzakirələrdə və qanunvericilik təşəbbüslərinin irəli sürülməsində aktiv işitirak edirmi? Seçiciləri ilə vaxtaşırı görüşürmü və onların problemlərin həlli istiqamətində nə işlər görüb? İctimai və beynəlxalq əhəmiyyətli layihələrdə fəaldırmı və bu istiqamətdə hansı addımlar atıb?


Heç şübhəsiz belə bir sualla hər hansı sorğu və ya araşdırma mərkəzi və ya ictimai birlik sorğu keçirsə, hazırda parlamentdə təmsil olunan barmaqla sayılacaq deputat var ki, bütün bu kriteriyalara cavab verəcək. Onlardan biri də 105 saylı Tovuz seçki dairəsini təmsil edən millət vəkili Qənirə Paşayevadır.
Qənirə Paşayeva 1975-ci il mart ayının 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. İxtisasca uşaq həkimi olsa da, bütün fəaliyyəti ictimai və media ilə bağlı olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini bitirib. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində isə ikinci ali təhsil alıb.

20 illik yolu 7 ilə qət edir...

Hazırda istər telekanallar olsun, istərsə də yazılı və elektron media, orada çalışan və həmin mətbu orqanlara rəhbərlik edənlərin əksəriyyəti ötən əsrin 90-cı illərindən mətbuata gəliblər. Hətta nisbətən gənc və mediada özünə yeni mövqe qazanan jurnalistlərin belə ən azı 10 illik iş təcrübəsi var. Açıq etiraf lazımdır ki, onların heç biri Qənirə Paşayevanın qısa müddətə əldə etdiyi uğurları əldə edə bilməyiblər. 

 


Qənirə Paşayeva 1998-ci ildə peşəkar aparıcılıq fəaliyyətinə başlayıb, cəmi 7 il sonra televiziyadan uzaqlaşıb. Lakin bu qısa müddət ərzində hazırladığı reportajlar, eksklüziv müsahibələr, ictimai-siyasi debatlarla cəmiyyətin böyük etimadını qazanıb. 

Ulu Öndər Heydər Əliyevin ən sevdiyi jurnalistlərdən olan Q.Paşayeva dəfələrlə dünya şöhrətli siyasətçidən müsahibələr alır, onun səfərlərindən reportajlar hazırlayır, hər səfərdən geri döndükdə Ümumilli Liderdən səfərin yekunları ilə bağlı münasibət öyrənirdi. 

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışan Qənirə Paşayeva daha sonra Heydər Əliyev Fondunun İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edir.

30 yaşında deputat olur...

2005-ci ildə 105 saylı Tovuz seçki dairəsindən III çağırış Milli Məclisin üzvü seçilir. 2010-cı ildə ikinci dəfə IV çağırış, 2015-ci ildə isə üçüncü dəfə V çağırış Azərbaycan Parlamentinin deputatı seçilir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eyni zamanda Səhiyyə komitəsinin üzvü olan xanım deputat eyni zamanda Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Milli Məclisin sessiyalarında, plenar və komitə iclaslarında daim aktivliyi ilə seçilən, qanunvericilik təşəbbüslərinin irəli sürülməsində yaxından iştirak edən, mütəmadi olaraq seçiciləri ilə görüşən, nəinki Tovuzdan, digər seçki dairələrindən daxil olan müraciətlərə də həssas yanaşan, seçicilərin problemlərinin həllinə nail olmağa çalışan və əksər hallarda buna nail olan Qənirə Paşayeva ölkənin ən fəal deputatlarındandır. 

 

Bəzi millət vəkillərini öz seçicilərinin belə tanmadığı bir şəraitdə ölkədə çox az sayda insan var ki, Qənirə Paşayevanın adını eşitməmiş olsun. Heç şübhəsiz bütün bunlar xanım deputatın gecəsini gündüzünə qataraq gərgin, yoruldum demədən çalışmasının nəticəsidir. Qənirə Paşayeva yaxşı mənada örnəkdir və deputatların heç olmasa yarısı onun qədər aktiv olsaydı, daha böyük nəticələr əldə etmək mümkün olardı.

Qənirə Paşayeva beynəlxalq müstəvidə də öz sözünü demiş, Azərbaycanın "könüllü elçisi” adını qazanmış, bu sahədə böyük işlər görmüş deputatlardandır. Ayın yarıdan çoxunu xarici ölkələrdə səfərlərdə olan millət vəkili Azərbaycan həqiqətlərinin dünyaya yayılması, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə müxtəlif dövlətlərdə təşkil olunan "Xocalıya ədalət” tədbirlərinin təşkili, eyni zamanda ölkəmizin beynəlxalq miqyasda nüfuzunun artırılması istiqamətində də böyük işlər görüb.

Onu hamı sevir, uşaq da, böyük də...

Qohumlarının dediyinə görə, Qənirə hələ uşaq yaşlarından ictimai işlərə maraqlı olub. İddialara görə, o qızlar bəzənən-düzənən yerlərə getməzmiş, fikri-zikri ancaq kitabda, mütaliədə imiş. Atası məktəb direktoru, anası müəllimə işləyib. Lakin əsas motivasiyanı əmisindən – professor Qəzənfər Paşayevdən alıb. Uşaq yaşlarından əmisi ilə dostluq edən Q.Paşayeva ondan ictimai adam olmağın üstünlükləri, faydaları ilə bağlı məsələhətlər alırmış.

Anası Tehran Paşayeva ölkə mətbuatına müsahibəsində bildirir ki, Qənirə uşaq olanda dəqiq adını xatırlamadığı fransız filminə baxıb. Filmin mahiyyəti bundan ibarət imiş ki, atası maddi ehtiyaclar üzündən qızını hansısa qohumunun yanına qoyub işləməyə gedir. Onların vidalaşma səhnələri çox təsirli olur. Bundan təsirlənən Qənirə hər dəfə atasından soruşurmuş ki, "Ata, onun atası qayıdacaq?”. Atası "Yat Qənirə yat, o mütləq qayıdacaq” deyərək, qızına təsəlli verirmiş. 

Qənirə Paşayeva nəhayət "o kişinin axtarışına çıxır”, əvvəlcə özünü inkişaf etdirir, ictimai həyata atılır, söz sahibi olur, ardınca eynən o filmin personajı kimi, ehtiyacı olanların, ayrı düşənlərin, ümidini itirənlərin hamisinə çevrilir. Bəli, Qənirə xanım bu gün ona müraciət edən, ümid bağlayan ehtiyaclı insanların hər birinə diqqət ayırır, nəinki imkanı daxilində, hətta daha artıq təsir imkanlarını işə salaraq, onlara dəstək olmağa çalışır. 

Qələm adamlarının da sevdiyi, xüsusi dəyər verdiyi deputatlardan olan Qənirə Paşayeva keçmiş həmkarları ilə çox yaxşı yola gedir. Vaxtaşırı olaraq mətbuatla bağlı keçirilən tədbirlərə qatılan, problem yarandığı halda jurnalistlərin dəstəkçisinə çevrilən, onlara xüsusi hörmətlə yanaşan xanım deputat jurnalistlərin xeyir-şər mərasimlərindən də kənarda qalmır. 

 

Dünya şöhrətli psixoanalitik Ziqmund Freydin sözlərinə görə, kim peşə tələblərinə görə, ən təhlükəli və qaynar nöqtələrə getməkdən çəkinmirsə, yəni özünü "oda atırsa”, onları qoruyun və xüsusi dəyər verin. Qənirə Paşayevanın dünyanın ən qaynar nöqtələri Suriya və Somaliyə səfərləri, orada aclıqdan əziyyət çəkən uşaqlarla görüşü, "o dünyanın cəhənnəmini bu dünyada yaşayan” ailələrə mənəvi dəstək olması bir daha göstərir ki, o sözün yaxşı mənasında öz yerindədir və lazım gəldiyi halda özünü təhlükəyə atmaqdan belə çəkinmir.

Sonda xatırladaq ki, Qənirə Paşayeva hazırda subay olsa da, Firuzə adlı mənəvi qızı var. Ailənin ikinci, lakin ilk qız övladı olan qəhrəmanımızın atası Ələsgər Paşayev məktəb direktoru, anası Tehran Paşayeva isə müəllimədir. İki qardaşı, bir bacısı var.

// Azər Niftiyev, AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR