“Yaxınlarının həyatını təhlükəyə atmamaq üçün evə getməyən jurnalistlərimiz var”

“Yaxınlarının həyatını təhlükəyə atmamaq üçün evə getməyən jurnalistlərimiz var”
MEDİA
16:29 01.05.2020
1083
Dünyada koronavirus dəhşəti baş qaldırandan ön cəbhədə onunla vuruşan həkimlər, fədakarlıqları böyük ehtirama layiq polislər, hərbçilər, təmizlik işçiləri, sürücülər və gömrükçülərlə yanaşı risk qrupuna daxil olan daha bir təbəqə də var ki, onların xidmətləri xüsusilə qeyd olunur.
 
Bunlar jurnalistlərdir. Bu gün dünyanın hər yerində olduğu kimi Azərbaycanda da jurnalistlər üzərlərinə düşən məsuliyyəti dərk edir, vicdanla öz vəzifə borclarını yerinə yetirirlər. Burada televiziya jurnalistlərini xüsusilə qeyd etmək lazımdır. İstər çap, istərsə də onlayn medianın təmsilçilərinin çox vaxt evdən işləmək imkanları olsa da elektron media jurnalistləri bu imkandan məhrumdurlar. Onlar hər daim insanların arasındadırlar. Bu isə virusa yoluxma təhlükəsinin də yüksək olması deməkdir. Amma sağlamlıqları üçün bu ciddi təhdid həmkarlarımızı qorxutmur . Son aylar ərzində televiziya jurnalistlərinin nümayiş etdirdikləri fəadakarlıqlar yüksək ehtirama layiqdir.
 
Space TV-nin "Hər Gün” Xəbərlər Xidmətinin redaktoru Azadə Balayeva ilə karantin günləridə Space televiziyasının fəaliyyəti ilə bağlı söhbətləşdik.
 
-Azadə xanım, öncə ümumi bir sual vermək istərdim. Pandemiya ilə mübarizədə medianın rolunu necə qiymətləndirirsiniz?
 
- Yalnız koronavirus pandemiyası deyil, bütün böhranların həllini mediasız təsəvvür etmək çətindir. Tomas Ceffersonun çox sevdiyim bir deyimi var. Deyir, "mən media, yoxsa hakimiyyət seçimi qarşısında qalsaydım medianı seçərdim. Çünki əgər media yoxdursa sən gördüyün işləri xalqa çatdıra bilməyəcəksən və heç kəs sənin işindən, nə kimi fəaliyyətlər həyata keçirməndən xəbər tutmayacaq. Amma əlində media varsa sən heç br iş görməsən belə hansısa işləri görmənə dair məlumatlar yaya, insanları inandıra bilərsən”. Düşünürəm ki, yalnız bu misal medianın gücünü ifadə etmək üçün yetərlidir. Bu baxımdan koronavirus pandemiyası ilə mübarizədə də KİV-in rolu danılmazdır. Ölkə mediası bu işdə hökumətin, dövlət başçımızın ən böyük dəstəkçisi və köməkçisi oldu. Bildiyimiz kimi televiziyanın üç əsas funksiyası var: məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək. Pandemiya dönəmində əyləndirmək funksiyasının içərisində də daha çox maarifləndimə və məlumatlandırma vardı. Mən sırf Space televiziyasının təcrübəsinə istinad edərək bildirirəm. Bizim efirdə əyləncə proqramlarının içərisində belə koronavirusla bağlı məlumatlar verilir, tez-tez videoçarxlar yayımlanırdı. Bütün bunlar insanların problemə ciddi yanaşmaları, virusun nə qədər təhlükəli olduğunu anlayaraq karantin rejiminə əməl etmələrinə vasitəçi olmaq üçün idi ki, ümid edirəm, buna da nail olduq.
 
- Pandemiya Space televiziyasının fəaliyyətində nə kimi dəyişikliklərlə özünü göstərdi?
 
- Öncə onu deyim ki, hələ koronavirus yalnız Çİndə aşkar olunduğu günlərdə, heç bir ölkə bu cür təhlükənin onun da başına gələ biləcəyini xəyalından belə keçirmədiyi vaxtlarda bizim əməkdaşlarımız ölkəmizin giriş qapılarında Azərbaycana gələnlərin necə yoxlanılması, yüklərin sərhədlərdə necə dezinfeksiya edilməsi proseslərində iştirak edir, reportajlar hazırlayırdılar. Ölkəmizdə koronavirusa ilk yoluxma halı qeydə alınandan sonra isə yalnız xəbərlər departamenti deyil, bütünlüklə Space televiziyası virusla mübarizə tədbirlərinə qoşuldu. İlk növbədə televiziyanın proqram şəbəkəsində ciddi dəyişikliklər edildi, yeni verilişlər yarandı, maarifləndirici roliklərə, xüsusilə Bakı Media Mərkəzinin çəkdiyi məlumatlandırıcı çarxlara geniş yer ayrıldı, mövcud proqramların məzmununda dəyişikliklər edilərək daha çox koronavirus və ondan qorunma yolları haqqında mütəxəssis rəylərinə üstünlük verildi. Bu dövrdə prezident İlham Əliyevin koronavirusla mübarizə istiqamətində görüləcək işlərə dair sərəncamları və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının şərhinə hesablanan
 
"Bu gün, İndi” analitik proqramı, həkim və psixoloqların canlı yayımında tamaşaçıların suallarını cavablandırdığı və gündə iki dəfə yayımlanan "Qaynar Xətt” proqramı efirə çıxdı. Eləcə də ölkənin ən reytinqli proqramlarından biri olan "Sadə Həqiqətlər” verilişinin efirinə dəvət olunan səhiyyə işçiləri koronavirus pandemiyasının real təhlükəsi və ondan qorunma yolları ilə bağlı çox faydalı məlumatları tamaşaçılarla bölüşdülər. "Space” televiziyasına xalqımız tərəfindən böyük inam, etibar var və hər zaman gündəmi əhatə etməyi bacarıb. Təsadüfi deyil ki, aprel döyüşləri günlərində də ölkə teleməkanında ən çox məhz "Space” televiziyasının xəbərləri izlənildi, bunu tamaşaçı zəngləri, məktubları ilə yanaşı, rəsmi reytinq şirkətinin təqdim etdiyi göstəricilər də təsdiqləmişdi. İndi bu pandemiya günlərində də "Space” xüsusi fəallığı ilə seçildi. Dünyanın bütün ölkələrindən soydaşlarımızla videoəlaqələr yaratdıq, onların üzləşdikləri çətinliklər, həmin ölkələrdəki vəziyyətlər, xüsusən də dövlətimizin həm ölkə daxilində vətəndaşlarımızın, həm də ölkə xaricində olan soydaşlarımızın aqibəti ilə bağlı gördüyü işləri operativ şəkildə işıqlandırdıq və bu missiyanı informasiya təlabatını ödəmək öhdəliyi olan xəbərlər deyil, bütün "Space” kollektivi həyata keçirtdi. Bu mütəşəkkil işə, yüksək vətəndaşlıq mövqeyinə, peşəkar yanaşmaya görə, mən bütün "Space” kollektivinə və təbii ki, kanalımızın rəhbəri, görkəmli kinorejissor cənab Vaqif Mustafayevə təşəkkür edirəm.
  
- Bu gün dünyada pandemiya ilə mübarizədə medianın rolu birmənalı qiymətləndirilmir. Bəzi tanınmış şəxslər KİV-i boşuna panika yaratmaqda, insanları qorxu içərisində saxlamaqda ittiham edirlər. Bu iddialarla razılaşırsınızmı?
 
- Belə açıqlamalarla yerli ziyalıların dilindən, eləcə də xarici mediada mən də çox qarşılaşmışam. Zaman-zaman vahimə doğuran görüntülərə yer verdiyimizi də etiraf edirəm. Amma bu da insanlarımızın xeyiri üçün idi. Çünki, siz də razılaşarsınız ki, virus ölkəmizdə ilk yayılmağa başladığı günlərdə heç kəs Operativ Qərargahın çağırışlarına məhəl qoymurdu. Çünki problemi ciddi qəbul etmirdilər, "koronovirus adlı xəstəlik yoxdur” deyə əsassız, cahil iddialar səsləndirirdilər. Qısacası, xəstəliyin nə qədər ciddi olduğunu anlamırdılar. Ona görə məcburiyyət qarşısında koronavirusun tüğyan etdiyi, çoxsaylı insan ölümlərinin qeydə alındğı ölkələrdən görüntülər yayımlamağa qərar verdik. Bu görüntülər uydurma, hansısa dəhşət filmindən götürülmüş parçalar deyildi, gerçək pandemiya reallığı idi. Deməliyəm ki, bu görüntülər gözlənilən effekti verdi, insanlar təhlükənin qulağımızın dibində olduğunu nəhayət ki, anladılar, karantin rejiminə əməl etməyə başladılar. Amma etiraf edim ki, bu görüntülərdən özüm də vahimələnirdim, ona görə qısa vaxtda yığışdırdıq.
 
- Bu gün media nümayəndələri də risk qrupuna daxildirlər. Necə düşünürsünüz jurnalistlər, TV-lər belə vəziyyətlərdə necə işləməlidirlər ki, həm özlərini qoruya, həm də lazımi xəbərləri toplaya bilsinlər? Əməkdaşlarınızı yoluxmadan necə qoruyursunuz?
 
- Haqlısınız, artıq dünyada jurnalistlər arasında yoluxma halları da var, hətta ölüm də. İran, İtaliya, Misir və Rusiyada bir neçə jurnalist koronavirusdan dünyasını dəyişib. Rusiyada yüzdən artıq jurnalist virus daşıyıcısı kimi qeydiyyata alınıb. Xoşbəxtlikdən ölkəmizdə jurnalistlər arasında yoluxma faktı qeydə alınmayıb. Belə halın baş verməməsi üçün isə Space-de ilk gündən qabaqlayıcı tədbirlər görüldü. Girişdə dezinfeksiya edici məhsullar və termovizor qurğusu qoyulub. Əməkdaşlar istilikləri yoxlandıqdan və əllərini dezinfeksiya etdikdən sonra şirkət ərazisinə buraxılırlar. Eləcə də əməkdaşlar maska və əlcəklə təmin edilib, çəkilişə gedərkən mütləq bu qoruyucu vasitələrdən istifadə etmələri tələb olunur. Amma bilirik ki, bu vasitələr də yüz faiz qorumur. Dünyada yoluxma hallarının statistikasına nəzər saldıqda hətta skafandrlarla silahlanmış tibb işçilərinin, karantin elan olunandan evdən bayıra çıxmayan insanların da virusa yoluxma faktlarına rast gələ bilərik. Bu baxımdan əməkdaşlarımız da hər hansı vasitəylə koronavirusdan yüz faiz sığortalanmadıqlarını anlayırlar və məhz bu səbəbdən yaxınlarının həyatı üçün təhlükə yaratmamaq üçün evə getməyən jurnalistlərimiz var. Məsələn, əməkdaşlarımızdan birinin qardaşı koronavirusun risk qrupuna daxil olan astma xəstəliyindən əziyyət çəkir. Bu səbədən onun bacısı olan əməkdaşımız artıq bir aydır evinə getmir, şəhərdə qohumlarında qalır.
 
- Hər halda bu mərhələ də problemdən xali deyil. Jurnalistləri iş prosesi ilə bağlı daha çox nə narahat edir?
 
- Bu gün jurnalistlərin ən böyük problemi işıqlandırdıqları məsələlərə dair müsahibələrin alınması ilə bağlıdır. Başa düşürük, koronavirusdur, insanlar evdən bayıra çıxmağa, mikrofona danışmağa risk etmirlər. Amma burada da güzəştə gedirik, deyirik heç olmasa əlinizdə keyfiyyətli bir telefon varsa özünüzü çəkin göndərin, bəzən bunu da etməyə tənbəllik edirlər. Deyirlər yalnız səs göndərə bilərik. Belə olduqda da efir eybəcər hala düşür. Bu günlərdə həmkarlarımdan biri bu vəziyyəti COVİD TV kimi xarakterizə etmişdi. Mən də bu prosesə bu cür ümumi adın verilməsinə tərəfdaram. Amma ümid etmək istəyirəm ki, bu tənbəllik izi COVİD-lə birlikdə yox olub gedəcək, müsahiblərimiz TV-nin mahiyyətinə uyğun müsahibələr verəcəklər.
OXŞAR XƏBƏRLƏR