Elçin Əlibəyli
Niyə belə düşündüm? Son illər yol qəzalarında ölənlərin sayı və qəzaların mənzərəsi dəhşət yaradır. Deməli avtomobil sürə bilmirik, onda gərək minməyəydik. Dünən deyirlər London taksiləri tıxacda duranda adi əylənci deyil, əl əyləncini sıxırlar ki, sayğac pul yazsın. Biz bütün yeniliklərdən bir hoqqa çıxarmağı, bu yenilikləri məkr yuvasına çevirməyi dəbacarırıq. İnternet qəzeti, video portalı, sosial şəbəkələr maariflənmək və ünsiyyət üçün nəzərdə tutulub. Biz isə onu asanlıqla şantaj, böhtan və qisas alma obyektinə çevirmişik. Ölkəmiz haqqında bir şey paylaşmaq, düşmənlərin internet üzərindən yaydıqları yalanları cavablandırmaq əvəzinə böhtan yaymaqla məşğuluq.Görün vikipediyada haqqımızda nə qədər məlumat var? Çox kasad. Amma böhtan qaralama? “Siçan boyda iş qayırdıq, içimizdən bir pişik çıxıb onu yedi” məsələsidir. Deyəndə də ki, belə etməyək bir ziyalını qaralamayaq, dərhal beş yerdən tökülüb “qoy söysün, ufaqdır uşağım” deyirlər.
Haradandır bu qədər qəzəb? Gerçəyi bilmədən deyilən bir böhtanı dəstəkləmək hissi qara qısqanclıqdan başqa bir şey deyil. Vaqif Mustafayev mahiyyəti ilə və sənəti ilə göz dikdiyimiz bir neçə ziyalıdandır. Bir kəsin daxili qəzəbdən irəli gələrək onun haqqında nəsə deməsi bu görkəmli rejissora münasibəti dəyişməməlidir. İstənilən vəzifə sahibi nəyisə düz etməyə bilər, nöqsana yol verər. Tənqid edək, fikrimizi deyək. Amma qara üsullarla yox. Bununla da ötən dəfə dediyim kimi pis bir tendesiyanın asasını qoyuruq. Bir də baxır kim kimdən və nədən danışır.
Bir çox mətləblər var ki, onu desən hər kəsin mahiyyəti açılar. Amma bu qarşılıqlı ittihamlaşma cəmiyyətin özünün dəyərsizləşməsinə gətirib çıxarır. Tənqid qarayaxma, bazar adamının dedi-qodusu ilə edilməməlidir. Bizdə bütün münasibətlər “sarı”laşıb.
Qayıdıram avtomobil minməyimizə. Bizim interneti məkr və şantaj mənbəyinə çevirməyimizin səbəbini axtarıram? Niyə pislikdən bu qədər həzz alırıq? Üzdə olan, önə çıxan bir kimsəni bitirmək üçün hər şey əl atırıq? Düzəltiyimiz “siçanı” filə çevirmək əvəzinə hop edib uduruq?
Məncə mahiyyətcə dəyişilməliyik.