"Yaxşı qız bara, diskotekaya gedər? - CAVABLAR

"Yaxşı qız bara, diskotekaya gedər? - CAVABLAR
SOSİAL
15:11 05.01.2017
20559
Xəbər verdiyimiz kimi, yeni il günü İstanbulun mərkəzində yerləşən "Reina" klubunda dəhşətli terror aktı olub.
 
Nəticədə 38 nəfər ölüb, 60 nəfər yaralanıb. Terrorun qurbanı olan şəxslər arasında əslən azərbaycanlı Nuranə Həsənova da olub.
 
Nuranənin qətlə yetirilməsi xəbəri yayılandan sonra sosial şəbəkələrdə bu mövzu trendə çevrilib. İstifadəçiləri hiddətləndirən isə bir qrup şəxsin "qızın gecə klubunda nə işi var?" yazmaları olub.
 
AZXEBER.COM bu sualla bağlı kiçik sorğu keçirib.
 

 
Tanınmış psixoliq Fərqanə Mehmanqızı açıqlamasında deyib ki, Nuranəni tənqid edən qızlar beyinləri ilə düşünmür: "Bilirsiniz necədi, kütlə baş-beyinlə düşünmür, onurğa beyinlə düşünür. Kütlə psixologiyasında belə reaksiyalar normaldır. Kütlə nə qəhrəmandır, nə qatil. Kütlə idarə olunur və onu kimlər nə məqsədlə idarə edirsə, kütlə o məqsədə istifadə olunur və maşaya çevrilir. Bu gün dinin gərəksiz darlığını inkişaf etdirmək üçün də bu məqsədə uyğun kütlədə istifadə edirlər və bu yolda ajiotaj yaratmaq üçün müxtəlif hadisələri seçirlər. Bu gün cəmiyyət araşdırmaq, empati qurmaq istəmir. Cəmiyyətin bir işi var: "İttiham ittiham!!" Hər kəs qızın bara niyə getdiyini danışır, onun ölümü heç kimə önəmli deyil. Bu insanlığın xislətidir, öz günahını, səhvini ört- basdır etmək üçün bir başqasını günahlandırmaq. Bu hərəkət də öz aləmində insanın "vicdanın" rahatladır. Özünü daha ağıllı daha üstün bilir. Mənə bu bu məsələdə maraqlıdır ki, görəsən niyə hər kəs belə məsələlərdə dindən istifadə edir, nyə görə din ortaya atılır? Bəs insan ölümü, insan faciəsi niyə unudulur? Bir din xadimi ortaya çıxıb, niyə bu adamları susdurmur?
 

 
İlahiyyat üzrə fəlsəfə doktoru, ilahiyyatçı alim Əkrəm Həsənov bu məsələdə bəzi din adamlarını qınayıb: "Biz azərbaycanlıyıq. Azərbaycan adı daşıyan hər kəs bizim ölkəmizdə Allaha inancı olan şəxs kimi tanınır. Müasir dövrümüzdə nə qədər fikir axınları olsa da bizim özümüz harada azərbaycanlı görürüksə, tanıyırıqsa onu özümüzə doğma, əziz hesab edirik. Onu inanclı hesab edirik. Türkiyədə terror nəticəsində dünyasını dəyişən azərbaycanlı qızımız Nuranə Həsənova da bir azərbaycanlı idi. Onun da özünün digər azərbaycanlılar kimi Allaha inancı var idi. O da vətənini, vətəndaşlarını sevirdi. Allah təala insanları elə yaradıb ki, onlar inanclı olub-olmamasından asılı olmayaraq da əyləncəyə meyillidirlər. Əlbəttə hər bir kəsin qəlbində inancı olsa da onun əylənməyə, xoşbəxt olmağa haqqı vardır. Bu haqqı Allah təala insanlara bu dünyada da bəxş edibdir. O qızın terror nəticəsində dünyasını dəyişməsi hadisəsi sosial şəbəkələrdə paylaşılandan sonra bəzi özünü dindar hesab edənlər onu qınamağa başladılar. Onu hansısa gecə barında əylənən qız kimi təqdim etdilər. Onun yeni 2017-ci ili təqvim ili qarşılamasını və bunu hansısa restoranda, gecə klubunda keçirməsini insanlar yanlış anlayaraq onun haqqında dedi-qodu etdilər. Hətta bəziləri sanki sevirənərək belə ifadələr işlətdilər ki, "bir azərbaycanlı qızın barda nə işi vardı ki, orda da öldü”. Yəni, bir növ bu insanlar terrora haqq qazandırdılar.
 
İlahiyyatçı deyib ki, İslam dininə görə Nuranə günahsızdır: "Çox az insanlar oldu ki, terror edənləri qınadılar. Üstəlik elə fikir axınları oldu ki, onlar belə insanların əyləndiyi yerlərdə terror edənləri haqlı hesab etdilər. Bax bu düşüncə islama ziddir. Ona görə ki, Qurani Kərimdə və hədislərdə terrorçular lənətlənir. Dinimizdə bir insanı öldürmək bütün bir bəşəriyyəti öldürmək kimi böyük günah hesab olunur və bunun ağır cəzası olacağı bildirlir. O qız trerrorun qurbanı olmasaydı sabah ailə qurardı, ondan dünyaya müsəlman övladlar gələrdi. Bunu düşənən olmadı. Ancaq çoxları qızı qınadılar. Bu insanların, radikal dindarların anlayışlarının dar olduğunu göstərir. Belə fikirlər gələcək üçün təhlükəli fikirlərdir. Çünki din adı altında terror edənlər əvvəlcə belə yerlərdən başlayırlar, daha sonra isə incnlı insanları qətl edirlər. Günahsız körpələr, yaşlı insanlar terrorun qurbanı olur. Bunun səbəbi elə bu cür düşüncədən qaynaqlanır. Allah rəsulu bu cür düşüncəni qadağan edib. İnsanlar haqqında gözəl düşünməyi tövsiyə edib. Bu fikirlər əlbəttə dinin təhrif olunmasından ortaya çıxır. Bu gün ölkəmizdə belə yanlış düşüncənin sosial bazası yaradılır. Biz bununla bağlı dəfələrlə mətbuatda fikrimizi bildirmişik. Elə din adı altında özlərini din dəvətçisi hesab edənlər olur ki, onlar insanları radikal düşüncələrə təhrik edirlər və nəticədə belə yanlış düşüncələr ortaya çıxır. Cəmiyyətin belə terrorçulara haqq qazandırma fikrinə yoluxması olduqca böyük təhlükənin astanasında olduğumuzu göstərir. Dinimizə görə o qız günahsız hesab edilir. Ona görə ki, onun məqsədi insanlara qarşı pislik etmək deyildi. Sadəcə bir az sevincli idi. Sevinc hissini də insana Allah verib. Hansısa bir terrorçunun haqqı yoxdur ki, insanların sevinc hisslərini əlindən alsın. Alıbsa həmin terrorçu Allaha qarşı üsyan edibdir. Bunun da bədəli dünyada və axirətdə ağır ödəniləcəkdir".
 

 
Tanınmış araşdırmaçı jurnalist Ləman Əliəşrəf qızı isə bu məsələyə daha sərt reaksiya verib: "Uşağı ailədən də qabaq məktəb, mühit öyrədir, tərbiyə edir. İndi biz hansı savadlı kadra, hansı dünyagörüşü zəngin gəncliyə iddia edə bilərik? Ona görə Türkiyədə barda terror qurbanı olan qıza qarşı bu gün Azərbaycanda mənəvi terror siyasəti həyata keçirilir. Sanki ölənin ruhunu təhqir etməkdən ötrü ” ölür”, dəridən-qabıqdan çıxırlar. Məni Nuranə adlı o gənc qızın bu cür dəhşətli ölümündən də çox millətinin namus-qeyrət dağarcıqlarının münasibəti məyus elədi. Hara gedirik? Bu cür məhdud düşüncəli insanları ilə mənim Azərbaycanımın dünya xəritəsində yeri hardadır görəsən? Ümumiyyətlə, elə bir yer varmı? Tapsanız, xəbər edin".
 

 
Bəstəkar, aparıcı Azər Şirin isə sosial şəbəkədə məsələylə bağlı qalmaqallı paylaşım edib: "Son günlərin aktual xəbərlərindən biri də Reinada ölən azərbaycanlı qız və onun xəbərinin altına yazılan səviyyəsiz şərhlərdir. Mən o xanımın ölümünə kədərlənən bütün bacı və qardaşlara başsağlığı verirəm. Axır qəminiz olsun. Amma gələn dəfə ehtiyatlı olun. Bacınızı daha təhlükəsiz klublara istirahətə göndərin. Hamının əylənməyə haqqı var, elə deyilmi? Başınız sağ olsun".
 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR