Yayda harada istirahət edək? - EKSPERT RƏYİ

İQTİSADİYYAT
12:30 27.06.2013
4436

Azərbaycanda turizm böyük perspektivlərə malikdir. Gündən-günə inkişaf edən turizm sahəsində hər il yeniliklər baş verir. Bu il bir çox mehmanxana və istirahət mərkəzlərinin açılışı buna misal ola bilər.

Hər il Azərbaycanda 25-50 yeni mehmanxana, motel və digər turist yerləşdirmə obyektinin təməli qoyulur. Ölkəmizə hər il xarici turistlər axın edir. Onlar Azərbaycanın müxtəlif  zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış olurlar. Əcnəbilər buradakı rahatlıqdan məmnunluq ilə geri qayıdırlar. Son 2 ildə ölkəyə gələn turistlərin sayı 41 faiz yüksəlib. Bu yüksək rəqəm Dünya Turizm Təşkilatı tərəfindən də qeyd olunub. Dünyada turizm sahəsində böhran və çətinliklərin olmasına rəğmən, Azərbaycan turist sayının yüksək artımına nail olub. Bu, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nəticəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqətin təzahürüdür. Azərbaycanda son iki il ərzində turizm sahəsində ciddi kompleks işlər həyata keçirilir. Görülən işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir. 

Turizm sahəsində görülən işlərlə bağlı “Körpü” turizm şirkətinin turizm xidmətləri üzrə meneceri Cəmaləddin Behbudovun fikirlərini öyrəndik. C. Behbudov AZXEBER.COM-a açıqlamasında bildirdi ki, hazırda kifayət qədər göndəriş turları həyata keçirilir. Həmişə olduğu kimi, yerli turistlər qonşu ölkələrə, Türkiyə və Gürcüstana daha çox üstünlük verirlər: “Rahatlıq, əsl istirahət axtarışında olan insanlar Türkiyəni seçsələr də, həyəcan, əyləncə axtarışında olan insanlar Avropa ölkələrinə üstünlük verirlər. Bunlar xüsusən İtaliya, İspaniya və digər bu kimi ölkələrdir.  İnsanlar bir də Türkiyənin müalicəvi məkanlarına getməyi üstün tuturlar”.

Ölkəmizə daha çox hansı ölkədən maraq göstərilir?

Azərbaycana turistlər ən çox qonşu ölkələrdən - Türkiyə və  Gürcüstandan gəlir. Bununla yanaşı, Avropadan da müraciət edənlərdə olur. Turistlərin maraq göstərdiyi yerlər sırasında Bakının İçərişəhər Dövlət Qoruğu mühüm yer tutur. İçərişəhərin mаhir mеmаrlаrın, sənətкаrlаrın pеşəkаrlığındаn bəhs etməsi, burada tarixi ticarətin həyata keçirilməsi turistlərin diqqətini cəlb edir. Regionlara səyahət edən xarici turistlər daha çox Cənub bölgəsinə və Qubaya üz tuturlar. 

Turizmin vəziyyətinə gəlincə, ölkədən göndərilən turizm inkişaf etsədə, gələn turistlərin sayı ötən illə müqayisədə azdır. Biz daha çox Türkiyə turizmində yer almışıq ki, orada otellərdə artıq bizim üçün xüsusi yerlər saxlanılır.

Turların qiymətinə gəlincə isə Türkiyə üçün ən ucuz tur adambaşına 500 manatdan başlayır. Belə ki, səyahət şirkətləri istirahətə getməyə imkanı olmayan şəxsləri də nəzərə alıblar. Hazırda istirahətə getmək üçün nəğd pulun olması vacib deyil. Bu sahədə də kreditləşmə mövcuddur. Heç bir arayış təqdim etmədən bu turlardan kredit formasında istifadə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişafetdirilməsinin təmin edilməsidir.

OXŞAR XƏBƏRLƏR