Yelo Bank-dan yeni rekord: kredit portfeli 1 milyard manata çatdı!
İQTİSADİYYAT
16:04 15.07.2025
241
Yelo Bank 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb və ilin ilk yarısında əsas göstəricilər üzrə stabil artımını davam etdirib. Cari ilin ilk 6 ayı ərzində Yelo Bank 19,7 milyon manat xalis mənfəət əldə edib. Digər mühüm nəticələrə nəzər salaq:
İlin əvvəlindən ümumi kredit portfeli 60 mln manat (6%) artaraq, rübün sonuna 1 milyard manata yaxınlaşıb. Verilən kreditlərin əksəriyyəti Bank üçün prioritet olan real sektorun maliyyələşdirilməsinə yönəlib.
2025-ci ilin ilk 6 ayında 13 mindən çox müştəriyə 300 milyon manata yaxın biznes krediti verilib. Nəticədə biznes kredit portfeli ilin əvvəli ilə müqayisədə 29 milyon manat (5%), ötən ilin analoji dövrü ilə müqayisədə isə 82 milyon manat (15%-dən çox) artaraq 612 milyon manata çatıb.
Eyni müddətdə 18 mindən çox müştəriyə 181 milyon manatdan çox istehlak krediti ayrılıb. İstehlak kredit portfeli isə 384 milyon manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 37 milyon manat (10%-dən çox), ötən ilin eyni dövrü ilə müqayisədə isə 67 milyon manat (21%) artım deməkdir. Satışların 34%-i məhz onlayn kanallar vasitəsilə baş tutub.
Dövrün sonuna Bankın əmanət portfeli 948 milyon manat təşkil edib. Bu artımın böyük hissəsi fiziki şəxslərin müddətli əmanətləri hesabınadır, nəticədə bu istiqamət üzrə portfel artaraq 794 milyon manat təşkil edib. Bu da müştərilərin Yelo Bank-a olan etibarını bir daha göstərir.
Faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon manat (11%) artaraq 84 milyon manat olub. Qeyri-faiz gəlirləri isə 8 milyon manatı keçib.
Hesabat dövrünə Bankın məcmu kapitalı 163 milyon manatı ötüb və requlyativ tələbdən 113 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 14,3%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 10,7% olaraq normativləri üstələyir.
Bankın aktivləri hesabat dövrünün sonuna 1 milyard 323 milyon manat təşkil edib.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov ikinci rübdə əldə olunan nəticələri belə şərh edib: "Bu rüb bizim üçün həm rəqəmlərlə, həm də yeniliklərlə yadda qaldı. Kredit portfelimiz 1 milyard manata çatıb, əmanətlərin həcmi artıb, digər əsas maliyyə göstəricilərimizdə də müsbət dinamika davam edib. Portfelimizin artımında biznes kreditlərinin xüsusi payı var. Kiçik və orta sahibkarların maliyyə ehtiyaclarını qarşılamaqla, real sektorun dayanıqlı inkişafına dəstək olmağı prioritetimiz kimi görürük. Təqdim etdiyimiz bir sıra yeniliklər - rəqəmsal kart, investisiya xidməti və yeni keşbek təklifləri istifadəçilər tərəfindən rəğbətlə qarşılandı. Əlavə olaraq, xidmətlərimizi daha sadə və sürətli etmək üçün optimallaşdırmalar aparılır. Qarşıdakı dövrdə də müştərilərimizin ehtiyaclarına cavab verən innovativ və dayanıqlı həllər təqdim etməyə davam edəcəyik".