Yelo Bank Avropa İttifaqının sanksiya siyahısından rəsmi qaydada çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, Avropa Komissiyasının Bank ilə bağlı sanksiya məsələsinə yenidən baxılma proseduru qısa müddət ərzində uğurla başa çatıb. 100% yerli kapitala malik Azərbaycan bankı olaraq, Yelo Bank fəaliyyətini hər zaman ölkə qanunvericiliyinə və beynəlxalq standartlara tam uyğun şəkildə qurub və bundan sonra da beynəlxalq tələblərə uyğun olaraq iş proseslərini davamlı təkmilləşdirməyə davam edəcək.
Bu müddət ərzində göstərdikləri etimad və loyallığa görə Yelo Bank həmçinin bütün müştərilərinə və tərəfdaşlarına səmimi təşəkkürünü bildirir. Müştərilərin etimadı və dəstəyi bu prosesin uğurla başa çatmasında ən böyük motivasiya mənbəyi olub. Qeyd edək ki, bu dövrdə mövcud müştərilərin sadiqliyi qorunub, eyni zamanda Bankın müştəri sayında əhəmiyyətli artım qeydə alınıb. Yelo Bank yüksək likvidlik və güclü kapital mövqeyini qoruyaraq bütün öhdəliklərini fasiləsiz və vaxtında yerinə yetirib.
Hazırda bəzi bank xidmətlərində yaranmış məhdudiyyətlərin tam bərpası istiqamətində işlər görülür. Bütün yeniliklər barədə müştərilər Bankın rəsmi kommunikasiya kanalları vasitəsilə operativ şəkildə məlumatlandırılacaq.
Yelo Bank "parlaq bankçılıq" fəlsəfəsinə sadiq qalaraq, müştərilərinə innovativ və sürətli xidmətlər təqdim etməyə, beynəlxalq əməkdaşlığını daha da genişləndirməyə və Azərbaycanın maliyyə ekosisteminin dayanıqlı inkişafına töhfə verməyə davam edəcək.











































