Yem əlavələrinə dair sanitariya norma və qaydalar təsdiqlənib.
"Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kollegiyası qərar qəbul edib.
Yeni qaydalar insan sağlamlığını, heyvan sağlamlığı və rifahını, ətraf mühiti və istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə yem əlavələrinə dair tələbləri müəyyən edir.
Həmçinin qaydalar texnoloji qarışıqlar və yem əlavəsi kimi istifadə olunan koksidiostatlar və histomonostatlar istisna olmaqla, digər baytarlıq preparatlarına, o cümlədən şəxsi istehlak üçün hazırlanan yem əlavələrinə şamil edilmir.
Qeydiyyata alınmış yem əlavələrindən hazırlanan qarışıqların təkrar qeydiyyata alınması tələb olunmur.
Azərbaycan ərazisində istehsal, emal olunan və dövriyyəyə buraxılan yem əlavələri nəzərdə tutulan tələblərdən əlavə aşağıdakı xüsusiyyətlərdən ən azı birinə malik olmalıdır:
- yemlərin xüsusiyyətlərinə müsbət təsir göstərməlidir;
- heyvan mənşəli məhsulların xüsusiyyətlərinə müsbət təsir göstərməlidir;
- dekorativ balıqların və quşların rənginə müsbət təsir göstərməlidir;
- heyvanların qidalı maddələrə olan ehtiyaclarını ödəməlidir;
- həzm sistemindəki mikrofloraya və ya yemlərin həzm edilməsinə təsir edərək, heyvanların məhsuldarlığına və ya rifahına, heyvan mənşəli məhsulların istehsalına müsbət təsir göstərməlidir;
- koksidiostatik və ya histomonostatik təsiri olmalıdır.
Koksidiostatlar və ya histomonostatlar istisna olmaqla, antibiotiklər yem əlavəsi kimi istifadə oluna bilməz.
Hər bir yem əlavəsi və ya premiksin qablaşmasının üzərində Azərbaycan dilində aşağıdakı məlumatlar dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən, asan oxunan və silinməyən şəkildə göstərilməlidir.
Qeyd edək ki, yem əlavələrinin istehsalı, emalı və dövriyyəsinə nəzarəti AQTA həyata keçirir.