Yəmən İranın Qətər, Oman, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İordaniyaya qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib.
Qatar News Agencynin məlumatına görə, Yəmən Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, bu hücumlar beynəlxalq hüququn, BMT Nizamnaməsinin və İslam Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Nazirlik hadisələri regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaradan təhlükəli eskalasiya kimi qiymətləndirib.
Bəyanatda Yəmənin hücuma məruz qalan ölkələrlə həmrəy olduğu vurğulanıb. Qeyd olunub ki, həmin dövlətlərin təhlükəsizliyi və sabitliyinə yönələn hər hansı təhdid eyni zamanda Yəmənin və bütövlükdə regionun təhlükəsizliyinə təhdid hesab olunur.
///apa.az///











































