Yeni qanunun qəbulu sahibkarlara nə verəcək? - Ekspert rəyi

İQTİSADİYYAT
16:45 30.08.2013
1855

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tətbiqinə dair fərman verib. 

Nazirlər Kabinetinə üç ay müddətində qanunların və prezident aktlarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlamaq və digər məsələlər tapşırılıb.

Qeyd edək ki, qanun sahibkarlıq subyektlərində əsassız yoxlamaların qarşısını almaq və yoxlamaların müddətini müəyyən etməyə imkan verəcək. Belə ki, özəl müəssisələr üç risk qrupuna bölünəcək və bu qruplar üzrə yoxlamalar bir, iki və üç ildən çox olmamaqla həyata keçiriləcək.

Bəs görəsən yeni qanunun qüvvəyə minməsi sahibkarlığın inkişafına necə təsir edəcək? 

Məsələylə bağlı AZXEBER.COM-a açıqlama verən iqtisadçı ekspert Samir Əliyev deyib ki, Prezidentin fərmanı azad sahibkarlığın inkişafını sürətləndirəcək: 

"Azərbaycanda sahibkarlığın inkişafı xüsusilə vacibdir. Dövlət ölkədə azad sahibkarlığın inkişafı ilə bağlı öz səylərini artırır. Prezidentin son fərmanı da bu istiqamətdədir. Düşünürəm ki, bu fərman ölkənin büdcəsinin neft gəlirlərindən asılı vəziyyətə salmamaq üçün, alternativ gəlir mənbələrinin inkişafına təkan verəcək və sahibkarların maraqlarının müdafiə olunması, onlara təzyiqlərin olunmaması çox vacibdir. Faktdır ki, qeyri-neft sektorunda ən vacib sahə sahibkarlığın inkişafıdır.
Digər iqtisadçı ekspert Azər Mehtiyev isə bildirib ki, bu mütərəqqi bir qərardır:“Əlbəttə belə bir qərarın verilməsi özəl sektorda ciddi canlanma yaradacaq. Bilirsiniz ki, indiyə qədər sahibkarlar əsassız yoxlamalardan, süni əngəllərdən əziyyət çəkirdilər. Onlarla dövlət qurumunun sahibkarlardan “xərac yığması” iş adamlarını normal şəkildə fəaliyyət göstərmək imkanından məhrum edirdi. Hesab edirəm ki, yeni qanunun qüvvəyə minməsindən sonra özəl müəssisələrdə yoxlamalar konkret tarix və əvvəlcədən müəyyən edilmiş yoxlama sualları ilə həyata keçiriləcək”.
Əfsələddin Ağalarov
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR