Yeni təyin olunan səhiyyə naziri kimdir? - DOSYE

Yeni təyin olunan səhiyyə naziri kimdir? - DOSYE
SİYASƏT
11:33 19.10.2026
663
Xəbər verdiyimiz kimi, bu gün Prezidentin imzaladığı sərəncamla Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

AZXEBER.COM Anar Bayramovun dosyesini təqdim edir:

Anar Bayramov 1975-ci ildə anadan olub.

O, 1997-ci ildə Azərbaycan Tibb Universitetini bitirib.

2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirərək maliyyə üzrə magistr (MBA) dərəcəsi alıb.

Tibb üzrə fəlsəfə doktoru olan Anar Bayramov 20-dən çox elmi məqalənin və iki səmərələşdirici təklifin müəllifidir.

Əmək fəaliyyətinə dair məlumatlara əsasən, o, 2002-ci ildən "A-Group” sığorta şirkətinin İdarə Heyəti sədrinin müavini, 2004-2021-ci illərdə isə İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində işləyib.

2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri olub.

2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEIBC) prezidenti vəzifəsini tutub. 2017-ci ildən "Caspian European Club”un sığorta komitəsinin rəhbəridir.

2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin sədri, 2025-ci ildən isə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.

Anar Bayramov tibbi sığorta, səhiyyədə islahatlar və liderlik mövzularında Almaniya, ABŞ, Fransa, Rusiya, Macarıstan, Çexiya, Rumıniya, Sloveniya və digər ölkələrdə keçirilən beynəlxalq konfrans və seminarlarda iştirak edib.

Qeyd edək ki, Anar Bayramov bundan əvvəl TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR