Yeni tikilən binalardakı istehlakçı problemləri ilə bağlı şikayətlər davam edir.
Bu cür şikayətlərlə bu dəfə "Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) qarşılaşıb.
AZXEBER.COM-un məlumatına görə, AİİB-ə müraciət etmiş N.Abdullayevanın Yasamal rayonunda yerləşən "İnsaatçı” MTK tərəfindən istehlakçı hüquqlarının pozulması faktı üzrə AİİB tərəfindən Yasamal rayon məhkəməsində iddia qaldırılmış və istehlakçıdan kommunal haqqı kimi artıq alınmış 3451 AZN –nin geri qaytarılması barədə qətnamə qəbul edilmişdir.
Eyni zamanda N.Abdullayevanın mənzilinin sahəsinin artıq göstərməklə ondan artıq alınmış 5500 AZN vəsaitin geri qaytarılmasına dair iş məhkəmə baxışındadır.
İstehlakçı A.Quliyevanın AİİB-ə ünvanlanmış "Meqasiti Holdinq” MMC tərəfindən aldığı mənzilin sonradan başqa şəxsə satılmasına dair ərizəsi əsasında AİİB tərəfindən məhkəmədə iddia qaldırılmış və hazırda məhkəmə davam edir.
28.02.2017-ci il tarixdə Bakı şəhər sakini Hüseyn Abışovun AİİB-ə daxil olan ərizəsində Abşeron rayon Sumqayıt şosesi 7-ci km ünvanda yerləşən "Akkord İnşaat Sənaye” ASC tərəfindən hüququnun pozulduğunu, yaşamadığı halda hər ay ondan 50 AZN komunal pulu alındığını, ona verilən maliyyə sənədinin saxta olduğunu bildirmişdir.
AİİB-in ekspertlərinin mediasiya yolu ilə problemi həll etmək təşəbbüsü qarşı tərəfdən müsbət qarşılanmış və istehlakçının ödədiyi pulun qaytarılması və əsassız yazılmış debütor borcun silinməsi nəticəsinə gəlinmişdir.
Yeni tikilən binalarla bağlı şikayətlərin təhlili göstərir ki,vətəndaşlardan alınmış pulların müqabilində vergi qanunvericiliyi ilə müəyyən olunmuş rəsmi sənəd (qəbz) verilmir. Təəssüflər olsun ki, bu barədə Vergilər Nazirliyinə dəfələrlə rəsmi məlumatlar verilsə də, vəziyyət düzəlmir.
Bəzən AİİB -ə daxil olan ərizələr birbaşa istehlakçı hüququ ilə əlaqədar olmur.Belə hallarda da ərizələr aidiyyatı üzrə dövlət orqanlarına göndərilir.
Zaqatala şəhərində yaşayan Q.Hüseynova ərizə ilə müraciət edərək, 2007-ci ildə Binəqədi rayonu Biləcəri bələdiyyəsindən 4010 AZN ödəyərək 4 sot torpaq sahəsini aldığını, o zamanki bələdiyyə sədri İlham Xəlilovun onu aldadaraq bələdiyyəyə məxsus olmayan torpaqdan sahə ayrıldığını, sonradan sahənin abadlıq üçün istifadəyə verildiyini, lakin bu günə kimi ona rəsmi vəd verilsə də, başqa yerdə torpaq sahəsi ayrılmadığını və s. bildirmişdir.Məsəlinin həlli ilə bağlı yuxarı dövlət orqanlarına müraciətlər olunmuşdur.
Qeyd edirik ki, AİİB bütün hallarda vətəndaşların istehlakçı hüququnun tam təmənnasız qoruyur və hüququn qorunması üçün mediasiya üsuluna üstünlük verilir.