Yeniyetmələrin intihar etmə səbəbləri - Çıxış yolu nədir?

Yeniyetmələrin intihar etmə səbəbləri - Çıxış yolu nədir?
SOSİAL
11:24 15.09.2023
661
Son vaxtlar mətbuatda tez-tez yeniyetmələrin intihar etməsi halları ilə bağlı xəbərlərin şahidi oluruq. Azyaşlıların intiharı seçməsi problemi doğuran səbəblərin araşdırılmasını zərurətə çevirir. Hər il yeni-yeni intihar hadisəsi müşahidə olunur.

Bəs gənclərin intihara meyilli olmasının arxasında nə dayanır? Buna qarşı nə kimi addımlar atılmalıdır?

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən psixoloq Azad İsazadə qeyd edib ki, hər yaş qrupunda intihar halları olsa da, birinci intihar riski qruplarına yeniyetmələr daxildir:
 


"Səbəbləri isə həddindən artıq genişdir. Yaş qruplarından asılı olaraq intiharların səbəbi də fərqlənir. Ən böyük risk qrupu yeniyetmə yaş qruplarıdır. Yeniyetmələr maksimalist olurlar. Onlar üçün ya qara, ya ağ var. Rastlaşdıqları uğursuzluqlar onların intihara əl atmasına səbəb ola bilər. Problemi həll etmək təcrübəsi olmayanda çıxış yolunu intiharda tapırlar. Bu dünyanı tərk etsəm, bütün problemlər həll etmiş olacam düşüncəsi ilə yanaşırlar. Həmçinin sosiallaşma artıb, ona görə məlumatı daha tez alırıq. Əvvəllər intihar edənin yaxınları bunu gizlətmək istəyirdi. İndi isə məlumatlar çoxalıb. 21-ci əsrin sürəti, yaşayış tərzi gənclərin psixologiyasına təsir edir. Bəziləri bu prosesə dözmür”.

Azad İsazadə son zamanlar intihar hallarının artmasının cəmiyyətdə aqressiyanın çoxalması ilə əlaqəli olduğunu da deyib: 

"Cəmiyyətdə aqressiya çoxalıb. Bir-birimizlə ailədə, küçədə sakit danışa bilmirik. Biz hamımız əsəbiyik. Zəif, mübarizə apara bilməyən, aqressiyasını kənara çıxara biməyən insan onu özünə yönəldir və bu, intiharla nəticələnir ”.

AZXEBER.COM mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun da münasibətini öyrənib. 
 

 

O bildirib ki, insanlar sabaha ümidlə yaşamalıdır:

"Bu gün Azərbaycanda intihar hadisələrinin görülməmiş sıxlıqda baş verməsi, xüsusilə məktəblilərin intihar hallarının artması ciddi narahatlıq doğurur. Bu sahədə olduqca əməli və ideoloji işlər görülməlidir. Əhalinin müəyyən hissəsi psixoloji gərginlik içindədir. Azərbaycan ailəsi indi olduqca gərgin bir dövr yaşayır. Ailə rahatlığı pozulursa, onda da özünəqəsd riski çoxalır. İnsanlarımız arasında bir-birinə qayğı, xoş münasibət halları azalıb. Təbii ki, insanların yaşadığı həyat tərzi də burada mühümdür. Bu sahədə problem var. Cəmiyyətdə gedən proseslərə diqqət yetirmək lazımdır.  İntihar və intihara cəhd hallarının artması cəmiyyətin getdikcə mürəkkəbləşməsi fonunda baş verir. İntiharın qarşısının alınması həm də məktəblərin, təhsil işçilərinin üzərinə düşür. Məktəblərdə şərait elə yaradılmalıdır ki, onları bu arzuolunmaz hadisələrdən uzaq edə bilək. Valideynlər uşaqları ilə necə rəftar edir, hansı problemləri var, bu uşaqlar hansı informasiyalar alır, diqqət etməlidirlər”.

Sosioloq hesab edir ki, bütün yaş qruplarında intihar edən şəxslərə təsir edən mühüm faktor ümidsizlikdir:

"Bu insanlar sabahdan qorxur və sabahın daha da təhlükəli olacağını düşünürlər. Problemləri həlletmə bacarığının kifayətsizliyi, stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsi var. Azyaşlılar arasında intihar hallarının artmasında kompüter oyunları və bəzi filmlərin rolu da  böyükdür. Yeniyetməlik yaşları intihar üçün ən riskli qrupdur.

İntihar xəbərlərinin məzmunu bu neqativ halın artmasında təsirlidir. Təəssüf ki, insanları intihardan çəkindirən maarrifləndirmə işləri aparılmır. İntihar xəbərləri sosial mediada arzuolunan şəkildə təqdim edilmir. Çünki bu sahə üzrə media işçilərimizin təcrübəsi sıfır səviyyəsindədir. Bir intihar olayının təkrar-təkrar xəbərlənməsi intihar riskli qruplar üçün neqativ təsir gücü daşıyır”.

İntiharların artmasında medianın da xüsusi rolu olduğu müzakirə edilir. Bəs media bu informasiyanı verərkən nələrə diqqət etməlidir?

Bununla bağlı media eksperti, hüquqşünas Ələsgər Məmmədli AZXEBER.COM-a açıqlamasında söyləyib ki, akademik araşdırmalara əsasən intiharların artmasında medianın rol oynadığı görünür:
 

 

"Mediada intiharların təsvir olunması, intihara meyilli insanların daha rahat şəkildə buna yönəlməsinə səbəb olur.  Media intihar xəbərlərini verərəkən, təsvir və təşviq etməməlidir. İntihar xəbərlərini  əgər zəruridirsə, işıqlandırmaq lazımdır. Hər intihar xəbərinin  işıqlandırılması vacib deyil. İntihardan sonra ailənin yaşadığı dram intihara meyil etmək istəyənlərin ondan uzaqlaşmasına gətirib, çıxara bilər. Təəssüf ki, son vaxtlar reytinq xətrinə internet informasiya resurslarında təsvirləri ilə verilir. Özünü asıbsa, xəbər ip şəkili ilə təsvir olunur. Buna görə də təsvirlə intihar xəbərlərini yayımlama medianın mənfi yönüdür. Media bu baxımdan daha diqqətli olmalıdır. Media daha peşəkar xəbər çatdırma rolunu seçməlidir. İntihar xəbərlərində azyaşlıların  bu informasiyaları görə biləcəklərini düşünməlidirlər. Etik və hüquqi çərçivəyə əməl edilməlidir”.

Hüquqşunas hesab edir ki, intihar hadisələrinin yoluxucu effekti olduğu üçün özünəqəsdin təsvirini yox, onun neqativ effektlərini önə çəkmək lazımdır:

"Şok", "Dəhşətli" kimi ifadələr etik baxımdan yolverilməzdir. Təbii ki, istənilən halda hadisə baş veribsə, onun xəbər dəyəri var. Ancaq intihar səhnəsini göstərmək media etikası aspektindən çox ciddi qüsurdur. Çünki intihar xüsusi hal olduğu üçün bunda psixoloji olaraq yoluxma da var. Yəni, o yaşda və ya başqa yaşda onu görənlər sonra buna meyil edə bilirlər. Ona görə də media bu halda çox həssas olmalıdır”.

Şəbnəm Zahir 

Yazı Medianın İnkişafı Agentliyinin "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR