Ümumdünya Səhiyyə Təşkilatının 2016-ci ildə açıqladığı statistikaya görə dünya üzrə piylənmədən əziyyət çəkən 5-19 yaş arası uşaq və yeniyetmələrin sayı 340 milyondan çoxdur.
Uşaqların qidalanmasına valideynlər birbaşa nəzarət edə bilsə də, yeniyetmələr keçid dövründə olduqları üçün müstəqil həyata tez atılmaq və sərbəst qərarlar qəbul etmək istəyirlər. Buna görə də onların qidalanmasına valideyn nəzarəti də çətinləşir. Heç kəsə sirr deyil ki, düzgün maarifəndirilməyəndə zərərli vərdişlərə də insanlar məhz yeniyetməlik dövründə adət edirlər. Valideynlər narahat olduqları bu məsələyə görə daim övladlarına tövsiyələr verir, mağazadan sərbəst formada alış-veriş edərkən diqqət etməli olduqları məqamları onlara aşılayırlar. Lakin bu işdə istehsalçı firmaların da məsuliyyətli olmalı və qablaşdırma üzərində aydın formada qida və içkilərin istehlak qaydası və yaşı qeyd olunmalıdır.
İstehsalçıların bu məsələdə səhlənkarlığı nəticəsində övladı üçün hansı qidaların faydalı, hansıların ziyanlı olmasını hər bir valideyn özü nizamlamağa çalışır. Bu isə əksər hallarda yeniyetmələrin qida rejiminin pozulmasına, müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb olur.
Bəs görəsən, bu tipli halların qarşısını almaq üçün istehsalçılar hansı addımları atırlar? Onlar da yeniyetmələrə qarşı olan məsuliyyətlərini dərk edirlərmi?
Bakı şəhər sakini İlahə Musayeva deyir ki, reklamlarda övladı nə görürsə, marketdən onu alır: "Açığını deyim, bir çox hallarda həmin məhsulları övladıma almağa tərəddüd edirəm. Çünki məhsulun üzərində necə istifadə olunması barədə heç bir məlumat olmur” – deyən müsahibimiz, əlavə edir ki, yeniyetməlik dövründə olan övladı artıq bir neçə müddətdir ki, sərbəst formada özü mağazalardan müəyyən məhsullar alır və istehlak edir. İlahə xanım deyir ki, bəzən məktəbdən evə gələrkən və ya harasa tək gedərkən övladının mağazadan nə aldığına nəzarət edə bilmir. Bunun üçün də çox istərdi ki, istehsalçılar qida qablaşdırmalarının üzərində aydın istifadə qaydası yazsınlar.
Digər müsahibimiz Mənsurə Əliyeva isə hansı qida məhsullarını yeniyetmələrə vermək olmazla bağlı çoxlu şaiyələrin gəzdiyini, bunu ağızdan-ağıza öyrəndiyini, amma məhsulun qutularının üzərində isə bu mənanı verəcək heç bir məlumatın olmadığını deyir: "Misal üçün, tez-tez eşidirik ki, uşaqlara, yeniyetmələrə çipsi yemək olmaz. Mən başa düşürəm, şirkətlər deyə bilər ki, onlar məhsulun tərkibini qablaşdırmanın üzərinə yazırlar və istehlakçı bunu oxuyub özü qərar verməlidir. Amma nəzərə almaq lazımdır ki, heç də hər kəs o qablaşdırmanın üzərində yazılan elmi sözləri anlamır. Yaxşı olar ki, şirkətlər bu məhsulları konkret olaraq kim tərəfindən istehlak olunmalı olduğunu qablaşdırmanın üzərində detallı qeyd etsinlər”.
Bir çox hallarda müxtəlif iştahaçan qablaşdırmalarda istehsal edilən və ya reklam edilən qidalar uşaqlar üçün cəlb edici ola bilir. Ancaq, həm qiyməti ucuz, həm də rahat tapılan olduğu üçün yeniyetmələr tərəfindən çox alınan məhsullar, onların qida rasionunun pozulmasına səbəb ola
bilər. Avropa Pediatrlar Assosasiyasının üzvü, həkim-pediatr Afət İbrahimova qeyd edir ki, düzgün formada qidalanmamaq yeniyetmələrdə piylənmə və müxtəlif xroniki xəstəliklərə səbəb olur.
"Yeniyetmələr keçid dövrünü yaşayırlar. Buna görə də, onların immunitetini güclü saxlamaq üçün xüsusi qidalanma rejiminə əməl etmək lazımdır. Belə olmadığı halda yeniyetmələrdə bir sıra xəstəliklərə rast gəlmək olur. Xüsusilə piylənmə dövrümüzün ən aktual problemlərindən biridir. Düzgün qida rasionunun müəyyənləşdirilməməsi mədə-bağırsaq sistemi xəstəlikləri, beynin qan dövranının pozğunluğu, yaddaş zəifliyi, qan azlığı ilə əlaqədar diqqətsizliyinin, ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.”
Bəzən yeniyetmələrin qidalanması ilə bağlı enerji içkiləri də müzakirə mövzusu olur. Bəs görəsən, gündəlik iş fəaliyyətini optimallaşdırmaq, daha çox yuxusuz qalmaq və gümrah olmaq üçün istifadə olunan enerji içkilərinin istehsalçıları bu məsələ ilə bağlı öz məsuliyyətlərini dərk edirlərmi? Bununla bağlı, Azərbaycan enerji bazarının 62%-ini əhatə edən və istehlakçılar tərəfindən böyük rəğbət görən "HELL ENERGY”ə müraciət etdik. "HELL”in lazımi beynəlxalq, həm də yerli qurumların xüsusi keyfiyyət lisenziyalarına sahib olduğunu qeyd edən "HELL”in nümayəndəsi, daima istehlakçıların sağlamlığına çox həssas yanaşdıqlarını xüsusi qeyd edir.
"Biz, "HELL ENERGY” olaraq, ən sərt beynəlxalq ərzaq təhlükəsizliyi standartı olan FFSC-22000-ə cavab verən zavodumuzda istehsal etdiyimiz bütün məhsullarımıza zəmanət veririk. Xüsusi olaraq yeniyetmə yaşlarında qidalanmanın əhəmiyyətini anladığımız üçün mütəmadi olaraq qutularımızın üzərində, uşaqlara, hamilə və laktasiya dövründə olan qadınlara məsləhət görülmədiyini vurğulayırıq. Hətta 18 yaşdan aşağı olan insanlar arasında da heç bir təbliğat aparmırıq”.