Vəfa Quluzadə: “Müharibə qərarından əvvəl xarici mühiti də nəzərə almaq lazımdır”
“Azərbaycan Xocalı aeroportunu vuracağı halda Rusiyanın Ermənistanın müdafiəsinə qalxacağına şübhə etmək lazım deyil”. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə bunu Xocalı aeroportu ətrafında yaranmış gərginliyi şərh edərkən bildirdi.
Ekspertin sözlərinə görə, Xocalı aeroportu ilə bağlı təxribata qədər Rusiya erməni ordusunu kifayət qədər təlimləndirib, Ermənistanda bir neçə dəfə əsgəri manevrlər keçirib: “Üstəlik, Rusiya Ermənistana yeni partiya silah, raket, təyyarələr gətirib. Faktiki olaraq Moskva Ermənistanı müharibəyə hazırlayıb.
Rusiyanın hesablamalarına görə, Ermənistanı hərbi sahədə Azərbaycandan üstün vəziyyətə gətirib. Bu hesablamalardan belə çıxır ki, Ermənistan cavaba hazırdır və Rusiya da onun arxasındadır. Eyni zamanda bu ölkələr arasında əsgəri müqavilənin olduğunu da unutmaq olmaz“.
Bununla belə, V.Quluzadə Xocalı məsələsi ilə bağlı hansı qərarın verilməsini dövlət qurumlarının, rəhbərliyin məsələsi sayır: “Qərar qəbul edən vəziyyətə baxsın və şəraiti qiymətləndirsin. Ermənilərə zərbəni o vaxt vurmaq olar ki, biz burda uduş variantının olduğuna əmin olaq. Yox, bu, olmayacaqsa, o halda sərt addım atmaq mənasızdır. Məsələn, hər gün atəş xətti ermənilər tərəfindən mütəmadi şəkildə pozulur. Onlar hər gün Azərbaycanın döyüş qabiliyyətini sınaqdan keçirir, Azərbaycanın harada, necə qüvvə toplamasını öyrənirlər. Ermənilər bu gün daha əlverişli şəraitdədir. Çünki atəşkəs xəttini Rusiya formalaşdırıb. Bunu mənə vaxtilə Vladimir Kazimirov demişdi ki, Rusiya ermənilər üçün elə istehkamlar hazırlayıb ki, Azərbaycan ya onları ala bilməsin, ya da dəhşətli itkilər versin. Hücum edən tərəf gərək müdafiə tərəfindən bir neçə dəfə əsgəri qüvvə və hərbi texnika cəhətdən üstün olsun. Hücum edən əsgərlərin sayı 100 min olursa, onun 70 mini döyüşdə həlak olur. Bizim Müdafiə Nazirliyində güclü ekspertlər var. Yəqin ki, bu illər ərzində yatmayıblar, Ermənistanın əsgəri potensialını, real qüvvəsini öyrəniblər ”.
V.Quluzadə Rusiyada bir neçə milyon erməninin yaşadığını xatırladıb dedi ki, onlar Rusiya vətəndaşı olsa da, müharibə başlayacağı halda gəlib Ermənistanın tərəfində döyüşəcəklər: “Onların bir qismi bu gün rus əsgəri bazasında - Gümrüdə xidmət edir. Gərək bütün bunları hesablayıb sonra ermənilərə zərbə endirək. Əks təqdirdə, məğlubiyyətə nə ehtiyac var? Müharibə məsələsində emosiyalara yol vermək olmaz. Bizim məxsusi idarələr ”nə etməli" sualına cavab verməlidir. Əgər hesab edirlərsə ki, biz zərbə endirib bütün torpaqları geri qaytaracağıq, bu, başqa məsələ. Nəzərə almaq lazımdır ki, atəşkəs xətti boyu hakim yüksəkliklər düşmənin əlindədir. O yüksəkliklərdən bizi daim atəşə tuturlar, biz də onları geri oturda bilmirik".
Politoloq başqa bir versiyaya da münasibət bildirdi: “Deyirlər ki, torpaqlarımızı azad etmək bizim qanuni hüququmuzdur. Bu, tamamilə yanlış mövqedir. Məgər bizim torpaqların işğal altında olması beynəlxalq hüquqdurmu? BMT Azərbaycan torpaqlarının işğalı ilə bağlı 4 qətnamə qəbul edib, məhəl qoyulmur. Beynəlxalq hüquq güclərə və güclüyə xidmət edir. ABŞ-ın milli marağı ondan ibarət olsaydı ki, 7 rayon işğaldan azad olunsun, günü sabah torpaqlarımız geri qaytarılardı. Ancaq bu, ABŞ-ın prioritetlərinə daxil deyil. İndiki status-kvo Amerika, Rusiya, Avropanı qane edir. Onların regionda maraqları var, buna zərbə dəyməsini istəmirlər”.
V.Quluzadə bizim müttəfiqimizin olmadığını da diqqətə çatdırdı: “Azərbaycan bu vəziyyətdə Xocalı aeroportuna, ya erməni təyyarəsinə zərbə endirsə, o halda beynəlxalq aləm erməniləri qınamayacaq ki, niyə təyyarə uçurmusunuz. Azərbaycana deyəcəklər ki, bilmirdin, təyyarəni vuranda müharibə başlayacaq, ona görə öz cəzandır, çək. Müharibə etməzdən əvvəl xarici mühiti də nəzərə almaq lazımdır. Rusiyanın Azərbaycana münasibəti mənfidir, Ermənistanın müttəfiqidir. Amerika və Avropada erməni lobbisi olduqca güclüdür, üstəlik, ikisi ilə də Azərbaycan hakimiyyətinin münasibəti soyuqdur. Türkiyə NATO-nun üzvüdür və Amerikanın siyasət məcrasında hərəkət edir, ordan da dəstək gözləməyə dəyməz. İranın da bizə ”gözəl" münasibəti məlumdur. Unutmamalıyıq ki, Azərbaycan və Ermənistan vakuumda deyil, bu dövlətlərin siyasət dairələrindədir".
Yeni Müsavat