“İndiki futbolçuların psixologiyasını başa düşmürəm. Biz cavan olanda qədərindən də artıq öz üzərimizdə işləyirdik. Mən bu yaşımda da məşqdən sonra qalıb əlavə işləyirəm. İndiki cavanların niyə məşqdən sonra qalıb öz üzərlərində işləməməsinin səbəbini deyə bilmərəm. Yəqin qızla görüşə tələsirlər də, ona görə”.
Bu sözləri açıqlamasında “Sumqayıt”ın təcrübəli yarımmüdafiəçisi Ceyhun Sultanov indiki gənc futbolçuların öz üzərlərində işləməməsinin səbəblərini izah edərkən deyib.
Millimizin sabiq üzvü bu gedişlə yaxın illərdə hansısa gənc futbolçumuzun Avropaya gedəcəyinə inanmır: “Bizim vaxtımızda futbolda indiki şərait, imkanlar yox idi. Xaricdən də təklif gələndə o vaxtkı federasiya rəhbərliyi bizə bir milyon qiymət qoyurdu, ona görə, heç yerə çıxa bilmirdik. Amma indi hər şey fərqlidir. Cavanların futbol oynaması üçün bütün şərait yaradılıb. Ancaq təəssüf ki, indikilər bu imkanlardan istifadə eləmirlər. Açığı, şəxsən mən bu gedişlə yaxın 5 ildə hansısa futbolçumuzun Avropaya gedəcəyinə inanmıram”.
//Qol.az