"Yerli istehsalın artırılması ərzaq təhlükəsizliyinin və iqtisadi inkişafın əsas təminatıdır"

"Yerli istehsalın artırılması ərzaq təhlükəsizliyinin və iqtisadi inkişafın əsas təminatıdır"
SOSİAL
09:56 26.05.2026
198
Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı xüsusi yer tutur. Son illərdə bu sahənin inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatlar, dövlət dəstəyi proqramları və fermerlərin fəaliyyətinin stimullaşdırılması aqrar sektorun dayanıqlı inkişafına mühüm təkan verib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, aqrar sahənin gücləndirilməsi ölkənin iqtisadi təhlükəsizliyi və regionların inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Dövlət başçısının vurğuladığı kimi, kənd təsərrüfatının inkişafı üçün fermerlərə subsidiyaların verilməsi, texnika təminatının yaxşılaşdırılması, güzəştli kreditlərin ayrılması və yeni suvarma layihələrinin həyata keçirilməsi məhsuldarlığın artmasına şərait yaradıb. Bu tədbirlər kənd təsərrüfatı istehsalçılarını daha səmərəli işləməyə həvəsləndirməklə yanaşı, yerli bazarın keyfiyyətli məhsullarla təmin olunmasına da mühüm töhfə verir.

Bu gün qlobal çağırışlar fonunda ərzaq təhlükəsizliyi hər bir dövlət üçün prioritet məsələlərdən birinə çevrilib. Yerli istehsalın artırılması yalnız daxili tələbatın ödənilməsinə xidmət etmir, eyni zamanda ölkənin ixrac potensialının genişlənməsinə, iqtisadi gəlirlərin artmasına və xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə imkan yaradır. Xüsusilə taxılçılıq, pambıqçılıq, heyvandarlıq kimi sahələrin inkişaf etdirilməsi həm kənd yerlərində məşğulluğun artırılmasına, həm də regionların sosial rifahının yaxşılaşmasına səbəb olur.

İqlim dəyişikliklərinin təsiri və su ehtiyatlarının azalması fonunda müasir suvarma sistemlərinin tətbiqi də olduqca vacib məsələlərdəndir. Su resurslarından qənaətlə istifadə olunması, innovativ texnologiyaların tətbiqi və aqroparkların fəaliyyətinin genişləndirilməsi kənd təsərrüfatının daha dayanıqlı və məhsuldar inkişafına zəmin yaradır.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, kənd təsərrüfatına dövlət dəstəyi gələcəkdə də davam etdiriləcək. Bu siyasət Azərbaycanın iqtisadi gücünün artırılması, regionların inkişafı və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm nəticələr verməyə davam edəcək. Yerli istehsalın artırılması isə ölkəmizin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və milli iqtisadiyyatın inkişafı üçün əsas amillərdən biri olaraq qalacaq.
 
Müəllif: Azər Hacıyev
Göygöl rayon DAİM direktoru

OXŞAR XƏBƏRLƏR