AZXEBER.COM NATO kimi tanınan və sonuncu dəfə "Yetenek sizsiniz Türkiyə" yarışmasında çıxış edən gənc reper Afiq Novruzovun portalımıza verdiyi müsahibəni təqdim edir:
"NATO adı mənim və atamın adları ilə bağlıdır"
-NATO özünü oxucularımıza təqdim edərdin...
- Adım Afiq Novruzovdur. 1986-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşam. Uşaqlığımı Moskvada keçirmişəm. Daha sonra öz vətənimə, Azərbaycana gəlmişəm. 2004-cü ildə ilk rep albomumu çıxartmışam. 2005-2006-cı ildə “Space” televiziyasında yayımlanan “Mən də varam” rep müsabiqəsində birinci yerə layiq görülmüşəm. Azərbaycanda daha sonralar 5 dostumla birlikdə “Nəğd pul” rep qrupunu yaratmışıq. Bu qrup ilk başlar 5 nəfərdən ibarət idi. Hazırda isə qrup 3 nəfərlə fəaliyyət göstərir.
-Rep dünyasında öz adını NATO kimi tanıtmısan. Niyə məhz NATO?
-Ümumiyyətlə bunun xüsusi bir səbəbi yoxdur. NATO adı mənim və atamın adları ilə bağlıdır. Açması isə, belədir: Novruzov Afiq Tofiq oğlu. Bu adı ilk dəfə repə başlayanda seçmişəm. İndi hamı məni bu adla tanıyır.
"Azərbaycanda nə qədər sound tracklər varsa onların 90%-i bizə bizə məxsusdur"
-Gürcüstanda yaşayan azərbaycanlılardan birisən. Amma maraqlıdır ki, Azərbaycanda adın məşhur olsa da səni efirlərdə az görürük. Bunun səbəbi nədir?
- Rep dinləyən hər bir insan məni də olmasa, bizim alyansı tanıyır. Mənim özümün Azərbaycanda yetərincə çıxışlarım olub. “Arı şou”da, ATV Maqazin verilişində çıxışlar etmişəm. Bilirsiz, xüsusi rep dinləyən kütlə var ki, orada elə bir adam yoxdur ki, məni tanımasın. Əslində özümün rep dünyasında kifayət qədər tanındığıma əminəm.
- “Nəğd pul” qrupunun adını daha çox sound tracklərdə görmək mümkündür. Hansı sound tracklər sizə məxsusdur?
- Azərbaycanda tanınan bir çox verilişlərin sound tracklərbizəməxsusdur. Maşın realiti şosunun, "Bizdən sizə" verilişinin musiqisi bizə məxsusdur. Azərbaycanda nə qədər sound tracklər varsa onların 90%-i bizə bizə məxsusdur. Burada da mənim adım deyil “Nəğd pul” aliyansına məxsusdur. Məsələn bu gün HOST-u tanıyan çoxdur. Onun adını hamı əzbər bilir. Amma Aid adlı reperin adını yalnız rep dinləyənlər bilir. Bizdə də elədir.
- Azərbaycan şou-biznesində hansı müğənnilərlə işləmisən?
- Azərbaycan şou-biznesində Elşad Xosenin, Dəyirmanın, Miri Yusifin albomlarının çoxunu biz düzəldirik. Röyanın mahnılarından da bizim yazıdğımız olub. Məsələn “Narın yağış” mahnısının sözləri də, musiqisi də, aranjımanı da bizim alyansa məxsusdur. Natavan Həbibinin də bizə məxsus mahnıları var. Hətta onunla duetimiz də oldu. Bununla yanaşı Xuraman Şuşalıya da mahnılar vermişik.
"Yarışmaya Bakıdan muğam ustası, Ukraynadan isəqızlar gətirmişdim"
- NATO səni Azərbaycan tamaşaçılarına daha çox sevdirən “Yetenek sizsiniz Türkiyə” yarışmasındakı çıxışın olub. Necə oldu bu yarışmaya qatılmaq qərarına gəldin?
- Mən Antalyada oxuduğum vaxtlarda bu yarışmaya müraciət etmişdim. Daha sonra məni yarışmaya dəvət etdilər və birinci, ikinci, üçüncü turlardan keçdim. Bunun ardından yarışma efirdə yayımlanmağa başladı və burada da öz istədiyim performansı göstərib növbəti mərhələyə çıxdım. Bunun ardından Bakıya qayıtdım və burada öz komandamla çalışmağa başladım.
- Deyəsən yarışmanın ikinci turunda uğursuzluqla üzləşdin?
- Növbəti mərhələdə Bakıdan muğam ustası, Ukraynadan qızlar gətirmişdim. Onlarla birlikdə maraqlı səhnə performansı göstərdim. Yarım finalda isə, Azərbaycandan Polad Alemdara oxşayan dostumuzu dəvət etmişdim. Həmin performansda maraqla qarşılanmışdı. Amma həmin mərhələdə uduzduq.
-“Yetenek Sizsiniz Türkiyə” yarışmasında sənə ən çox xal gətirən çıxış monitorun içindən çıxmağın oldu. Həmin çıxış “Youtube”da da çox böyük marağa səbəb olub. Həmin performansın sirri nə idi?
- Bizim komanda da repdən əlavə montaj işini də yaxşı bacaran dostlarımız var idi. Bu səhnə performansını biz 1989-cu ildə məşhur sehirbaz Devit Kopervet edib. Amma Devit Kopervetin vaxtıykən etdiyi bu oyun həmin vaxtlarda istədiyi kimi alınmamışdı. Amma biz bunu birə-bir etməyə nail olduq. Onun çəkilişi və tərtibatı çox çətindir və həmin perfotmansa hazırlaşmaq bizim günlərimizi aldı. Orada monitordakı insanlarla, monitorun arxasından çıxan insanların boyu birə-bir eyni olmalı idi. Biz də bunu etməyə nail olduq.
"Acun bəy mənə dedi ki, onların adlarını açıqla"
- Gürcüstanda yaşan azərbaycanlılardan birisən. Amma Azərbaycanın adı ilə yarışmada iştirak etdin. Bəs, Azərbaycandan sənə dəstək gəldimi?
- Mənə Azərbaycandan dəstək gəlmədi. Sizə deyim bilin. Mənim komandamla birlikdə yarışmaya getməyimi, gəlməyimi hər şeyimi Acun Media ödəyirdi. Mənə ancaq paltar və məşq etməyə zal lazım idi. Bunu Azərbaycanda heç kəs qarşılamadı. Bakıda bir çox adama müraciət etdim, ancaq hamısı məni qapıdan geri qaytardılar.
- Onlar kimlərdir. Adlarını açıqlaya bilərsən?
-Mən onların adlarını yarışmada çıxış elədiyim gün çəkəcəkdim. Hətta Acun bəy də buna görə mənə dəstək olduğunu və onların adlarını açıqlaya biləcəyimi söylədi. Amma mən sonda bu fikrimdən daşındım. Mən onları Allaha tapşırıram.
- Bəs, Gürcüstandan necə sənə Azərbaycanın adından çıxış etdiyin üçün tənqidlər gəlirdimi?
-Mənə Gürcüstandan niyə məhz Gürcüstanın deyil, Azərbaycanın adından çıxış etməyimlə bağlı tənqidlər gəldi. Mən də onlara cavab verdim ki, mənim vətənim Azərbaycandır və mən vətənimin adından çıxış etmişəm.
-Yenidən “Yetenek sizsiniz Türkiyəyə” müraciət etmək istərdinmi?
-Bilmirəm, onu zaman göstərəcək. Bu ilki “Survivor” yarışmasına qonaq kimi Acun bəy məni dəvət etmişdi. Amma viza probleminə görə gedə bilmədim. Hazırda isə, yeni albom üstündə işləyirəm. İnşallah öz sənətimlə bağlı işləri davam etdirəcəm.
-Uğurlar sənə...
-Təşəkkür edirəm
Əfsələddin Ağalarov










































