Yoxsulluqda, amma Avropa İttifaqında: Paşinyan Ermənistanı aclığa məhkum etməyə hazırdır

DÜNYA
05:37 20.02.2025
184
Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti ərzaq tədarükü üçün alternativ marşrutlar tapmağa çağırıb. İrəvan Rusiya bazarından asılılığı azaltmağı planlaşdırır, lakin hələlik bunun üçün imkanlar görmür. Eyni zamanda, ölkə Avropa İttifaqına üzv olmaq fikrindən imtina etmir ki, bu da ölkədə ərzaq böhranına səbəb ola bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, NEWS.ru portalının məqaləsində Paşinyanın öz vətəndaşlarını hansı səbəbdən aclığa məhkum etməyə hazırlaşdığı əks olunub.

Məqalədə qeyd olunur ki, fevralın 18-də Avropaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın başçısı Arman Yeqoyan bildirib ki, ölkənin Avropa İttifaqına üzv olması haqqında qanun layihəsinin qəbulu üçün referendum keçirilməsinə ehtiyac olmayacaq və bununla da İrəvan Avrointeqrasiya kursuna sadiq qalacaq.

Ermənistanın Aİ-yə üzv olması haqqında qanun layihəsini "AvroReferendum" vətəndaş təşəbbüs qrupu hazırlayıb ki, bu da parlamentə təqdim edilməsi üçün tələb olunan 50 min əvəzinə 60 min imza toplayıb. Yanvarın 9-da sənəd hökumətin iclasında müzakirə edilib, daha sonra müzakirə üçün qanunverici orqana göndərilib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Ermənistan üçün Avropa İttifaqı ilə yaxınlaşmaq və eyni zamanda, Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olaraq qalmaq çətin olacaq. "Bu və ya digər şəkildə, yəqin ki, bu ikivektorluluğu daim qorumaq çətin olacaq. Müəyyən mərhələdə hər halda seçim etmək lazım gələcək", - diplomat qeyd edib.

Fevralın 18-də Paşinyan hökumətin iclasında əsas malların təchizatı üçün alternativ variantlar tapmağa çağırıb. Baş nazir heç bir ətraflı məlumat verməyib, lakin hakimiyyətin ərzaq təhlükəsizliyi sahəsində mümkün qədər çevik olmasının vacibliyini vurğulayaraq, yerli istehsalın təşviqinin zəruri olduğunu bildirib. İclasda əhalinin müxtəlif yaş qrupları üçün minimum ərzaq səbətlərinin hesablanması məsələsi də müzakirə edilib.

Hazırda Ermənistan taxılın təchizatı baxımından Rusiyadan kritik şəkildə asılıdır, yerli bazar isə ehtiyacların yalnız minimal hissəsini ödəyir. Ölkə günəbaxan yağının və şəkərin bir hissəsini də Rusiyadan idxal edir.

Ermənistan müxalifəti hesab edir ki, Aİ-yə qoşulma mövzusu 2026-cı il parlament seçkisində Paşinyanın əsas şüarı olacaq. Erməni baş nazirin əleyhdarları Aİ-yə qoşulma ideyasını perspektivsiz hesab edir və AİB ilə daha sıx inteqrasiya kursunu dəstəkləyirlər.

Bir sözlə, Paşinyan başa düşməlidir ki, Rusiya və AİB olmadan Ermənistan iqtisadiyyatını ağır böhran gözləyir. Buna görə də, onun Avropa yoluna dair məsuliyyətsiz bəyanatları yalnız bütün uğursuzluqlara baxmayaraq, hər hansı yolla hakimiyyətdə qalmaq istəyinin təzahürüdür. Məhz buna görə də, Paşinyan 2026-cı il seçkisinə hazırlığa artıq indidən başlayıb.
OXŞAR XƏBƏRLƏR