Azərbaycan milli mətbuatı bu il 150 illik şərəfli yolun zirvəsinə çatır. Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi”dən başlayan və bu gün rəqəmsal dövrün çağırışları ilə davam edən bu tarixi yol təkcə jurnalistikanın inkişaf salnaməsi deyil, həm də milli özünüdərk, dövlətçilik təfəkkürü və cəmiyyətin ideoloji formalaşma prosesinin ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin yubileyin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı Sərəncam bu sahəyə verilən dəyərin rəmzidir. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidlə söhbətimizdə həm yubileyin əhəmiyyəti, həm də müasir medianın qarşısında dayanan vəzifələr, islahatlar və jurnalistikanın gələcəyi ilə bağlı məqamları müzakirə edirik.
-Milli mətbuatın 150 illik yubileyi medianın keçmişinə ehtiram olmaqla yanaşı, müasir media siyasətində hansı yeni baxışların və yanaşmaların formalaşmasına zəmin yaradır?
- Yubiley ilini yeni baxışlara və yanaşmalara kökləmək hər bir qələm sahibinin üzərinə düşən missiyadır. "Əkinçi” nəyi rəhbər tuturdu? Cavab birmənalıdır: xalqın oyanışını, milli şüurunun formalaşmasını, milli özünüdərki. Ondan sonrakı nəşrlər də məhz bu amallar uğrunda mübarizə apardılar. Onlar "Əkinçi”nin, müəyyən mənada, məişət müstəvisində gündəmə gətirdiyi mövzuları cilalayaraq vahid məfkurə halına saldılar. Nəticədə XIX əsrin sonu – XX əsrin əvvəllərində mövcud olmuş milli nəşrlərimiz 1918-ci il müstəqilliyinin ideoloji bazasının formalaşmasına mühüm töhfə verdilər. Bu gün müstəqillik. Dövlətimiz "Əkinçi”yə və Həsən bəy Zərdabinin roluna məhz qeyd etdiyim prizmadan qiymət verir. Ona görə də müstəqillik illərində milli mətbuatımızın yubileylərinin keçirilməsi ənənəsinə sahibik. Keçmiş gələcək üçün mənəvi istinadgah rolunu oynamalıdır və oynayır. Buna söykənərək gələcəyə daha fundametal nəzərlərlə baxmalıyıq. Məqsədimiz dünyanın media məkanına inteqrasiya olmalıdır. Jurnalistlərimiz təkcə xarici dildə yazıb-yaratmalı deyil, eyni zamanda, yaradıcılıqlarını beynəlxalq aləmin anladığı tərzdə qurmalıdırlar. İnteqrasiyanın mürəkkəb sxematikasının mövcudluğu şəraitində ayaqda qalmağın, rəqabətə davamlılığın başlıca şərti məhz budur. Hesab edirəm ki, hazırda kifayət qədər potensiala malikik. Ən əsası isə Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin qarşıya qoyduğu vəzifələrin, o cümlədən mediadan gözləntilərin reallaşdırılması üçün əzmi və iradəsi, dəqiq müəyyənləşdirilmiş strateji xətti var. Bir sözlə, 150 illik yubiley məndə nikbinlik yaradır.
-Mətbuatın bu gün də "dördüncü hakimiyyət” statusunu qoruyub saxlaya bilməsi üçün jurnalistikanın hansı əsas dəyərlərə qayıtması və nələri yenidən nəzərdən keçirməsi zəruridir?
- Əlbəttə, ən vacib məsələ peşəkarlıqdır. Jurnalistikamız, sözün əsl mənasında, peşəkar olmalı və peşəkar yaradıcılıq təqdim etməlidir. Şablon çıxsa da deyim ki, informasiya əsrində yaşayırıq. Hər kəs bu və ya digər şəkildə informasiya yayıcısı qismində fəaliyyət göstərmək imkanına malikdir. Məsələn, adi bir şəxs yolla getdiyi yerdə üzləşdiyi durumu mobil telefonun yaddaşına köçürüb onu özünə məxsus sosial şəbəkə hesabında, yaxud bloqunda ictimailəşdirə bilər. Belə bir klişeləşmiş fikir də var ki, jurnalistika informasiya yayıcılığında sosial şəbəkələrə uduzur.
Əslində, durumun təqsirkarı, müəyyən mənada, medianın özüdür. Media orqanı, konkret olaraq, jurnalist informasiya bolluğu şəraitində öz məhsulunun əlahiddəliyini təmin etməlidir. Yəni, cəmiyyət üzvləri tam dərk etməlidirlər ki, jurnalistin qələmə aldığı mövzu hansısa sosial şəbəkə istifadəçisinin yazdıqlarından daha üstündür, daha etibarlıdır. Bunun yolu isə peşəkarlıqdan, peşəkar fəaliyyətdən keçir. Əlbəttə, insanlar görsələr ki, medianın diqqətə çatdırdığı ilə hansısa Əlinin, ya Vəlinin profilində yazdığı arasında elə bir fərq yoxdur, o zaman onların nəyinə lazımdır, məsələn, "İki sahil” qəzetini alıb oxusunlar. Eləcə də, "525-ci qəzet”i və başqasını izləməyə ehtiyac qalmayacaq. Deməli, peşəkarlığın da fərqli standartlarını nəzərdən keçirmək zərurəti var. Əlbəttə, bir çox məsələləri zaman özü tənzimləyir. Yəni, vaxt keçdikcə problemlərin aradan qalxacağını düşünürəm. Amma zamanı qabaqlamaq, hər bir halda, faydalıdır. Çox dinamik dövrdə yaşayırıq. Zamanı qabaqlamaq medianın dördüncü hakimiyyət kimi özünü təsdiqləməsi baxımından mühüm şərtdir. Digər tərəfdən, hesab edirəm ki, hazırda Azərbaycan mediasında IV hakimiyyət adına iddialı mənzərə müşahidə etmək mümkündür. Ölkəmizdə peşəkar jurnalistika məktəbi kimi özünü təsdiqləmiş, bu ampluada oturuşmuş media orqanlarımız var. Əminəm ki, onlar arxayınlaşmır, öz fəaliyyətlərini daim təkmilləşdirir, yeni media trendlərinin tətbiqi sahəsində ardıcıl iş aparır, cəmiyyətdə qazandıqları inam və etibarı daim möhkəmləndirirlər.
-Sizcə, 150 illik media tariximizdə "Əkinçi”dən başlayan maarifçilik xətti bu günün mediasının ideoloji əsaslarında hansı formada yaşadılmalıdır?
- Hesab edirəm ki, sualınıza qismən cavab verdim. Yəni, mediamızın dünya mediasına inteqrasiyasının vacibliyindən söz açdım. Eləcə də maarifçilik xəttinin 1918-ci ildə dövlət müstəqilliyinin əldə edilməsindəki rolunu vurğuladım. Əlavə olaraq onu deyim ki, maarifçilik özlüyündə geniş anlayışdır. "Əkinçi” və ondan sonrakı nəşrlər milli özünüdərkin və milli şüurun təşəkkülündə, eləcə də itirilmiş dövlətçilik ənənələrinin bərpasında fəal rol oynadılar. Nəzərə alaq ki, milli mətbuatımız eyni missiyasını 1991-ci ildə əldə etdiyimiz ikinci müstəqillik zamanı da təkrarlamışdı. Müstəqillik illərində mediamızın demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu yolunda böyük əzmlə çalışdığını gördük. Gördük ki, jurnalistlərimiz milli dəyər və prinsiplərin carçısı kimi fəaliyyət göstərərək, mühüm ictimai missiya yerinə yetirirlər.
Bu baxımdan media orqanlarımızın, jurnalistlərimizin haqq davamız olan İkinci Qarabağ müharibəsindəki iştirakı xüsusi vurğulanmalıdır. Ümumən, "Əkinçi”nin müəyyənləşdirdiyi təməldə millilik var və təməl prinsipləri, hətta, totalitar sovet hakimiyyəti də arxa palana keçirə bilmədi. Mətbuatımız həmin dövrdə ana dilimizin fəal təbliğatçısına çevrildi, eybəcərliklərə qarşı barışmaz mübarizə apardı. Bütün bunlara rəğmən, fikrimcə, medianın sabit axarı da önəmlidir. Yəni, şərt o deyil ki, özünütəsdiq yalnız çətin dövrlərin dirəniş əzmi kimi meydana çıxsın. Hər bir media orqanı, jurnalist gündəlik fəaliyyətini düzgün qurmalı, tələb və təklif kriteriyalarını nəzərə almalıdır. Həm də ona görə ki, bir çox məqamları tənzimləyən cəmiyyətin özüdür. Media cəmiyyətdən gələn sosial sifarişləri dəyərləndirməli, onların mənfi və müsbət tərəflərini ayırd etməyi bacarmalı, müsbət məqamların təbliğatçısına çevrilməli, mənfiləri tənqid etməlidir. Yəni, kurs bu olmalıdır və mövcud düzəndə hansısa mürəkkəb ideoloji sxematikaya bir o qədər gərək yoxdur. Çünki həyat özü də sadə reallıqlar üzərində qurulub.
-Yeni media dövründə jurnalistin ictimai məsuliyyətini gücləndirmək və jurnalist peşəsinin nüfuzunu artırmaq üçün hansı hüquqi, təlim-tərbiyəvi və peşəkar yanaşmalar önə çəkilməlidir?
- Hesab edirəm ki, mediamızın hüquqi bazası kifayət qədər təkmildir və günün tələbləri ilə səsləşir. Bu baxımdan 2022-ci ilin sentyabrında qəbul edilmiş "Media haqqında” Qanun xüsusi vurğulanmalıdır. Sənəd özündə müasir mediaya və jurnalist fəaliyyətinə peşəkar münasibəti rəhbər tutur. Əgər təlim-tərbiyəvi yanaşmalardan danışırıqsa, daha çox təlimə diqqət yetirək. Fikrimcə, düzgün təlim nəticəsində əldə edilmiş bilik və bacarıq həm də iş etikasını formalaşdırır. Buna görə də jurnalistikamızın ayrı-ayrı sahələr üzrə ixtisaslaşmasını vacib sayıram. Rəhbərlik etdiyim Mətbuat Şurası bu məqamın üzərində dayanır və ayrı-ayrı dövlət qurumları, eləcə də müəyyən sahə üzrə ixtisaslaşmış şirkətlərlə birgə media təmsilçiləri üçün müsabiqələrin təşkilinə böyük önəm verir. Ümumən, media təmsilçilərimizin ixtisaslaşmalarının dərinləşməsinə ciddi ehtiyac var. Nəzərə alaq ki, ixtisaslaşmış jurnalist həm də ixtisaslaşdığı sahənin eksperti, bəlli bir istiqamət üzrə cəmiyyətdə rəy formalaşdıran şəxsdir. Məsələn, bir çox tanınmış hərbi ekspertlərimiz ilk addımlarını məhz jurnalistika sahəsində atıblar və bu gün də cəmiyyətimizin palitrasının zənginləşməsinə layiqli töhfə verirlər.
-Sosial medianın təsirinin artdığı indiki dövrdə yanlış informasiya və manipulyasiya hallarına qarşı jurnalistikanın özünü müdafiə etməsi üçün hansı təkliflər irəli sürərdiniz?
- Məsələyə daha çox cəmiyyətin yanlış informasiyaların təsirindən qorunmasının vacibliyi kontekstində yanaşardım. Çünki jurnalistin yaydığı yanlış informasiya özünün mənfi təsirlərini ictimaiyyətdə göstərir. Əvvəldə peşəkarlıqdan söz açdıq. Məsələn, hansısa sosial şəbəkə profilində bilgi yayılır. Jurnalist ona şübhəli yanaşmağı bacarmırsa, yaxud bunu ağlından keçirmirsə, duymursa, ortada, yumşaq desəm, xoşagəlməz durum var. Təəssüf ki, bu durumun ayrı-ayrı elemetlərini görürük. Burada bir çox məqamlardan söz açmaq, bir sıra problemləri sadalamaq mümkündür. Ayrı-ayrı xarakterik tendensiyaları diqqətə çatdırmaq da həmçinin. Ancaq onların hamısının üzərində dayanmağa ehtiyac yoxdur. Həm də ona görə ki, belə hallar mövzular şəklində qoyulmalı və müzakirə olunmalıdır. Məsələn, Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası bir müddət əvvəl bir məlumat yaydı. Məlumatda Gəncədə baş vermiş yeniyetmənin ölümü ətrafında yayılmış yanlış bilgilərin cəmiyyətdə doğurduğu ajiotaj diqqətə çatdırıldı, müvafiq tövsiyələr ünvanlandı. Şuranın Etika Komissiyasının da ayrı-ayrı hadisələrlə bağlı münasibəti olub.
Ümumən, Mətbuat Şurası cəmiyyətin total şəkildə yanlış məlumatlandırılması təmayüllərinə qarşı ictimai qınaq metodları ilə mübarizə aparır. Bütün bunların fonunda yenə ön plana peşəkarlıq gəlir. Nəzərə alaq ki, peşəkarlığın ən böyük göstəricisi həssaslıq və duyumdur. Jurnalist hər bir durumu hiss etməlidir. Yazdığı yazının cəmiyyət üzvlərində doğura biləcəyi mənfi və ya müsbət ovqatı hesablamağı bacarmalıdır. Bu onun məsuliyyətidir. Sosial media isə böyük ölçüdə, daha doğrusu, prinsip etibarilə məsuliyyətsiz məkandır. Bu məkanın bütün təmsilçilərindən həssaslıq tələb etmək doğru deyil. Deməli, peşəkar media malik olduğu keyfiyyətləri ön plana daşımalıdır ki, sosial media iştirakçılarının neqativ yüklü paylaşımları cəmiyyətin ümumi ahəngini pozmasın. Bu yolla jurnalist həm özünü, həm də cəmiyyəti qoruyacaq.
-Yubiley kontekstində mətbuat tariximizin tədqiqi, sənədləşdirilməsi və yeni nəslə ötürülməsi istiqamətində hansı layihələr həyata keçirilə bilər?
- Mətbuat Şurasının bir neçə təşəbbüsü var. Bunlardan birincisi elektron və çap formatında "150 illik Azərbaycan mətbuatı” biblioqrafik məlumat kitabının nəşridir. Kitabda Azərbaycanda 150 il müddətində işıq üzü görmüş qəzet və jurnalların ilk sayları, ideya istiqamətləri, ölçü və tirajları, loqoları, redaksiyaların tərkibi, ünvanları, eləcə də onlar haqqında digər yığcam məlumatların toplanılması, çapı və PDF formatda hazırlanması nəzərdə tutulur. Əlbəttə, bunun üzərində ayrıca İşçi qrupu işləməlidir. İkinci təşəbbüsümüz dəyərli həmkarımız, tədqiqatçı jurnalist Müsəllim Həsənovun təklifindən qaynaqlanır. Məlumat üçün bildirim ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Rəyasət Heyəti 1925-ci il martın 16-da "İlk türk qəzetinin 50 illiyi haqqında” qərar çıxarıb. Həmin ilin sentyabrında Azərbaycan Xalq Komissarları Şurası da yubileyin keçirilməsi ilə bağlı xüsusi qərar verib, yubiley komissiyası yaradıb. Komissiyaya türk mətbuatının tarixinin öyrənilməsi və Bakıda sərgi təşkili üçün Moskva, Sankt-Peterburq və Tiflis arxivlərində saxlanılan qəzetlərin nüsxələrini toplamaq tapşırılıb. Komissiya üzvləri həmin şəhərlərdə axtarışlar aparıb, Azərbaycan mətbuatının tarixi üçün bu gün də əhəmiyyətini itirməyən sənədlər toplayıblar. Bütün bunların vacibliyini nəzərə alaraq, həmin sənədlər əsasında tədqiqat aparıb "Əkinçi”nin 50 illiyinə həsr edilmiş kitab hazırlamaq fikrimiz var. Daha bir təşəbbüsümüz mətbuat muzeyi ilə bağlıdır. Hesab edirik ki, muzeyin ya Şuşada, ya da Xankəndidə təşkili milli mətbuatımızın 150 illik yubileyinə mühüm töhfə olardı.
-Media sahəsində ixtisaslaşmış kadrların hazırlanması ilə bağlı jurnalistika fakültələri ilə media qurumları arasında əməkdaşlığın gücləndirilməsi necə həyata keçirilməlidir?
- Ümumən, jurnalistikanın ali təhsil səviyyəsində ixtisaslaşması vacibdir. Əlbəttə, ayrı-ayrı kafedralar var və onların fəaliyyəti və konsepsiyası ümumi işə fayda verir. Ancaq fikrimcə, jurnalistikaya ümumən informasiya işinin tərkib hissəsi kimi yanaşmaq mütləqdir. İnformasiya isə geniş anlam daşıyır, hətta təhlükəsizlik amili kimi çıxış edir. Ona görə də yaxşı olar ki, ayrıca ali jurnalistika məktəbi yaradılsın. Bu, daha səmərəli yanaşma olar. Ali məktəblərin jurnalistika fakültələrinin media orqanları ilə əməkdaşlığına gəldikdə, hesab edirəm ki, bu baxımdan Bakı Dövlət Universitetində yaxşı ənənə var. Media orqanlarımız bacarıqlı tələbələri seçib işə dəvət edirlər və bu sevindiricidir.
-Medianın ictimai rəyə təsir gücünü artırmaq üçün jurnalistlər və oxucu auditoriyası arasında qarşılıqlı etimadın bərpası hansı vasitələrlə təmin oluna bilər?
- Ümumən, media orqanları ilə oxucu, dinləyici və ya tamaşaçı auditoriyası arasında təmasların olması vacibdir. Hələ sovet dövründə bununla bağlı xoş ənənə var idi. Qəzetlərdə ayrıca oxucu məktubları rubrikaları olurdu. İndi də media orqanlarına üz tutan oxucularımız var. Yəni, istər-istəməz, jurnalistika cəmiyyətlə iç-içədir və başqa cür mümkün də deyil. O ki qaldı təmasların sistemləşdirilməsinə və intensivləşdirilməsinə, hesab edirəm ki, bu, hər bir media orqanının fərdi yanaşmasından asılıdır. Məsələnin etimad tərəfinə gəldikdə, əvvəldə bu barədə söz açdıq. Media nə qədər peşəkar olsa, ona etimad və inam bir o qədər yüksək olacaq. Peşəkarlıq hər mənada son dərəcə vacib göstərici və meyardır.
REDAKSİYADAN: Azərbaycan milli mətbuatının 150 illik yubileyi yalnız tarixi bir mərhələ deyil, eyni zamanda media sahəsinin gələcəyinə aparan mühüm strateji dönəmdir. Rəşad Məcidlə aparılan söhbət bir daha göstərdi ki, "Əkinçi”dən başlanan maarifçilik xətti bu gün də jurnalistikanın ideoloji dayağı kimi yaşamaqdadır. Müsahibədə diqqət çəkilən məsələlər – peşəkarlıq, ixtisaslaşma, sosial məsuliyyət, beynəlxalq inteqrasiya, texnoloji transformasiya və etik standartlar – medianın ictimai nüfuzunun möhkəmləndirilməsində əsas istiqamətlər kimi səciyyələndirildi. Rəşad müəllim haqlı olaraq bildirir ki, jurnalist təkcə informasiya ötürücüsü deyil, həm də ictimai şüura təsir edən mühüm vasitədir. Məhz bu baxımdan jurnalistikanın gücü onun cəmiyyətlə qurduğu etimad körpüsündədir. Qəzetin dəyəri, medianın rolu, jurnalistin məsuliyyəti və oxucunun məmnuniyyəti bu körpünün iki tərəfində dayanan sütunlardır. Azərbaycan mətbuatının zəngin və şərəfli yolu bu gün yeni mərhələyə qədəm qoyur. Bu yolun davamlılığı isə yalnız zəhmətkeş, prinsipial və vicdanlı media nümayəndələrinin səyləri ilə təmin oluna bilər. 150 illik yubileyin verdiyi ən böyük dərs – keçmişə sayğı, bu günə məsuliyyət və gələcəyə inamdır.
Son olaraq Rəşad müəllim, mətbuatımızın inkişafı uğrunda göstərdiyiniz səmərəli fəaliyyətə və bu dəyərli müsahibəyə görə sizə təşəkkür edirik, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq! // Iki Sahil q'zeti