Yuxu borcu həqiqətən həftəsonu bağlanır? – Alimlər açıqladı

Yuxu borcu həqiqətən həftəsonu bağlanır? – Alimlər açıqladı
SOSİAL
15:42 24.07.2026
198
Həftə ərzində iş və ya təhsil səbəbindən kifayət qədər yatmayan bir çox insan bunu həftəsonu daha uzun müddət yatmaqla kompensasiya etməyə çalışır. Bəs bu üsul həqiqətən orqanizmin "yuxu borcunu” bağlayır, yoxsa bunun sağlamlığa mənfi təsirləri qalır?

AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qısa müddətli yuxu çatışmazlığından sonra həftəsonu bir qədər artıq yatmaq yorğunluğun azalmasına və diqqətin qismən bərpasına kömək edə bilər. Lakin bu, uzun müddət davam edən yuxu çatışmazlığının yaratdığı bütün mənfi təsirləri aradan qaldırmır.

Araşdırmalar göstərir ki, müntəzəm olaraq gec yatmaq və həftəiçi az yatıb bunu yalnız həftəsonu kompensasiya etməyə çalışmaq orqanizmin bioloji saatının pozulmasına səbəb ola bilər. Bu vəziyyət "sosial jetlaq” (social jetlag) adlanır və yuxu rejiminin qeyri-sabit olması ilə əlaqələndirilir.

Mütəxəssislər bildirirlər ki, qeyri-kafi yuxu uzun müddətdə diqqət və yaddaşın zəifləməsi, məhsuldarlığın azalması, piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və psixoloji problemlərin riskini artıra bilər.

Bununla yanaşı, həftəsonu normaldan 1-2 saat artıq yatmaq, xüsusilə də bir neçə gün yuxusuz qalan insanlar üçün faydalı ola bilər. Ancaq yuxu rejimini hər həftə kəskin şəkildə dəyişmək tövsiyə edilmir.

Mütəxəssislər sağlam yuxu üçün hər gün, o cümlədən həftəsonu da mümkün qədər eyni saatda yatıb oyanmağı, yatmazdan əvvəl ekran qarşısında keçirdilən vaxtı azaltmağı və böyüklərin gecə ərzində orta hesabla 7-9 saat yatmasını məsləhət görürlər.

Şahanə
OXŞAR XƏBƏRLƏR