“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR
SOSİAL
13:18 20.08.2026
388
Mənzildə təmir işləri aparılması çoxmənzilli binalarda yaşayan sakinlərin tez-tez qarşılaşdığı məsələlərdəndir.
 
Xüsusilə perforator, drel və çəkic kimi alətlərdən istifadə zamanı yaranan səs-küy qonşuların narahatlığına səbəb ola bilər.

AZXEBER.COM xəbər verir ki, mənzil sahibinin öz evində təmir aparmaq hüququ olsa da, bu hüquq digər sakinləri istənilən vaxt səs-küylə narahat etmək anlamına gəlmir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə saat 00:00-dan 07:00-dək məişət səs-küyünə yol verilməsi qadağandır. Bu qaydanın pozulmasına görə fiziki şəxslər 150 manatdan 200 manatadək cərimə edilə bilər.

Bu səbəbdən gecə saatlarında perforator, drel, çəkic və digər yüksək səs yaradan alətlərlə təmir aparılması inzibati məsuliyyət yarada bilər.

Təmirin gündüz aparılması isə limitsiz səs-küy yaratmaq hüququ vermir. Səs-küy və vibrasiyanın yaşayış binalarında yolverilən səviyyələri müəyyən edilib. Bu normaların pozulmasına görə fiziki şəxslər 200-300 manat, vəzifəli şəxslər 2500-3500 manat, hüquqi şəxslər isə 8000-10 000 manat məbləğində cərimə oluna bilər.

Təmir zamanı binanın konstruksiyasına da diqqət edilməlidir. Mənzil Məcəlləsinin 23-cü maddəsinə əsasən, daşıyıcı divarlara, mərtəbələrarası konstruksiyalara, lift şaxtasına və digər ümumi hissələrə müdaxilə yaşayış sahəsinin yenidən qurulması hesab oluna bilər.

Arakəsmələrin sökülməsi, otaqların birləşdirilməsi, qapı yerlərinin dəyişdirilməsi kimi işlər də bəzi hallarda yenidən planlaşdırma hesab edilir və bunun üçün qanunvericilikdə nəzərdə tutulan tələblərə əməl olunmalıdır.

Mənzil Məcəlləsinin 35-ci maddəsinə görə liftlər, pilləkənlər, dəhlizlər, mühəndis qurğuları və binanın bir neçə mənzilə xidmət edən digər hissələri ümumi əmlaka daxildir. Bu hissələrə özbaşına müdaxilə etmək olmaz.

Mənzil Məcəlləsinin 27-ci maddəsinə əsasən, yaşayış sahəsinin özbaşına yenidən qurulması və ya planlaşdırılması digər şəxslərin hüquqlarını pozduqda və ya onların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məsuliyyət yarada bilər.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR