‘Öz hesabıma yarışlara gedirəm’ - 150 kq ştanq qaldıran azərbaycanlı qız (FOTOLAR)

İDMAN
16:36 20.06.2014
4233

AZXEBER.COM pauerliftinq idman növü üzrə beynəlxalq dərəcəli idman ustası Günel Talıbovanın "Yeni Müsavat" qəzetinə verdiyi müsahibəni təqdim edir: 

- Bu idman növü ilə neçə ildir məşğulsunuz?

- 2007-ci ildən məşğul olmağa başlamışam. 2009-cu ildə ilk dəfə beynəlxalq dərəcəli yarışda - dünya çempionatında çıxış etmişəm. 2012-ci ildən isə idman karyeramın yüksək nailiyyətləri başlayıb.

- Maraqlıdır, nəyə görə məhz pauerliftinq seçdiniz? Adətən, xanımlar bu idman növündən çəkinir...

- Mən uşaqlıqdan bir çox idman növü ilə məşğul olmuşam; yüngül atletika, böyük tennis, üzgüçülük. Sadəcə, nəsə hiss etdim ki, bu idman növü mənə çox yaxındır. İlk yarışda çıxış edəndən sona özümdə çox böyük perspektiv hiss etdim. Ona görə  qərara gəldim ki, özümü bu idman növündə təsdiq edim. İstəyirdim hamı bilsin ki, mən nəyə qadirəm. 

- Müəlliminiz kim olub? 

- Bakıda ilk məşqçim Hikmət müəllim olub. Amma hazırda məşqçim özüməm. 

- İndiyədək bu sahədə ən yüksək göstəriciniz nə qədərdir?

- Bizdə 3 hərəkət növünə görə ağırlıq qaldırılır. Birincisi, ştanqla oturub-durma, ikinci döşəmədən ştanqı sinəyə sıxma, üçüncüsü isə döşəmədən ştanqı baş üzərinə qaldırma. Uyğun olaraq bu 3 hərəkətdə 145, 90, 190 kiloqramları qaldıra bilirəm. Bu nəticələr ayrı-ayrı yarışlarda göstərdiyim ən yaxşı göstəricilərdir. 3 hərəkətin cəmində isə ən yaxşı nəticəm 417,5 kiloqramdır. 

- Yarışlarda hansı çəki ilə çıxış edirsiniz?

- 52 kiloqram çəkidəyəm. 

- Deməli hazırda, 52 kiloqram çəki dərəcəsində dünyada sizdən çox ağırlıq qaldıran xanım yoxdur?

-  Yoxdur. 

- Necə olur ki, bu çəkilərin öhdəsindən gələ bilirsiniz? Sizə nə yardımçı olur?

- Genetika, bir də xarakter. Yəni gərəkdir ki, insan psixoloji olaraq özünü idarə etməyi bacarsın. 

- Həmin o psixoloji durumu, xarakterinizi nəylə izah etmək olar?

- Mən deyərdim ki, ambisiyadır. Mən nəyisə edəcəm dedimsə, deməli etməliyəm. İşdə də eləyəm. Harada çalışıb, fəaliyyət göstərirəmsə hamıdan çox nəticəni mən göstərməliyəm. Hamıdan yaxşı mən işləməliyəm. 

- Hazırda harada çalışırsınız?

- Moskva şəhərində məşqçi kimi fəaliyyət göstərirəm. Moskvada fitnes klublar şəbəkəsinin aparıcı məşqçisiyəm. Yarışlara tələbə hazırlamıram. Buna vaxtım yoxdur. 

- 4 ildən çoxdur Rusiyada yaşayıb, çalışırısız. Buna səbəb nədir?

- 2010-cu ildə Moskvaya 5-ci Avrasiya kuboku yarışına getmişdim. Həmin vaxt Moskva şəhəri çox xoşuma gəldi. Qərara gəldim ki, bu şəhərdə məskunlaşım. Moskva çox böyük şəhərdir və mən meqapolisləri xoşlayıram. 

- Rusiyada məşqlərə ən çox kişilər, yoxsa qadınlar gəlir?

- Əlbəttə, kişilər. 

- Rusiya ilə Azərbaycan əhalisi arasında idmana münasibətdə hansı fərqlər var?

- Orada qadınlar daha çox cəsarətlidirlər. Yəni nəsə istəyirlərsə,  ətrafdakıların rəyi onlar üçün önəmli deyil. 10 yaşdan başlayaraq, 75 yaşa qədər xanımlar idman zallarına gəlirlər. 

- Normal məşq vaxtı nə qədərdir?

- O baxır insanın fiziki hazırlığı nə dərəcədədir. Həm də nəzərə alınan çox məqamlar var. Həmin şəxsin yaşı, fiziki hazırlığı, hansı zədələri, ümumən xəstəlikləri varmı, əvvəl idmanla məşğul olub-olmayıb. Bunlar hamısı proses vaxtı müəyyən edilir. Ümumən isə bir saat, saat yarım bəsdir. 

- İşinizi sevirsiniz?

- Maraqlıdır.

- Qarşıda hansı planlarınız var?

- Qarşıda səyahət var. Amerikanın Florida ştatında dünya çempionatı olacaq. Moskvaya qayıtdıqdan sonra bir qədər dincəlib, ora hazırlığa başlayıram. 

- Hədəf neçə kiloqramı qaldırmaqdır?

- Hədəf 150, 92.5, 195 kiloqramdır. Çünki mən göstərdiyim nəticə o qədər yüksəkdir ki, burada nəticələr 1-2 kiloqram qalxır. 

- Günel xanım, harada təhsil almısınız?

- Mənim elə bir xüsusiyyətim var ki, istəyirəm çox şey bilim. 1999-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldum. Ərəb dili və filologiyası ixtisasına. 2003-cü ildə oranı qurtarıb, Asəf Zeynalının adına Musiqi Məktəbinin vokal şöbəsinə daxil olmuşam. Mənim yaxşı dram-sapran səsim var. Buranı da bitirdikdən sonra idmana daha çox meyl etdim.

- Heç müğənni olmaq kimi bir arzunuz olub?

- Var idi. Hətta buna görə bəzi cəhdlərim də olub. Sonra nəsə fikrimi dəyişdim.

 - Siz Moskvada yaşamanıza rəğmən hər zaman Azərbaycanın adı ilə yarışlarda təmsil olunmusunuz. Buna görə sizə maddi yardım göstərilir?

- Xeyr. Bütün xərcləri mən özüm çəkirəm. Bizim federasiyanın prezidenti Ələddin Əliyev idmançılara çox diqqət və qayğı ilə yanaşır. Bəlkə də mən burda olsam, maddi dəstək görərdim. Amma hazırkı vəziyyətdə öz hesabıma yarışlara gedirəm. 

- Hobbiniz nədir?

- Heyvanları çox sevirəm. İndi evdə 5 pişiyim var. Amma bu hələ son deyil. Qonşular və ev sahibləri narazılıq etdiyinə görə bundan çox heyvan saxlaya bilmirəm. Söhbət onda deyil ki, onlar mənə lazımdır, söhbət ondadır ki, mən onlara lazımam. Mən bacardığım qədər onlara kömək edirəm. Evsiz heyvanları tapıb, onlara ev tapmağa çalışıram. Moskvada bu işlə çox adam məşğul olur. Amma Bakıda küçələr pişiklərlə doludur.

Onu da deyim ki, orda hər şey çox bahadır. Baytar xidmətləri xeyli pul tələb edir. Bir heyvanı götürüb sağaltmaq, peyvəndlərini elətdirmək təxminən 1000 dollar aparır. 

- Bu ağır məşqlərdən, gərgin iş rejimindən sonra necə istirahət edirsiniz?

- Elə heyvanlarla məşğul olmaq mənim üçün istirahətdir. Başqa cür istirahətə düzü, heç vaxtım da yoxdur. Bir də müxtəlif şəhərlərə getməyi xoşlayıram.

- İndiyədək ən çox hansı şəhər xoşunuza gəlib?

- Ən çox Praqanı bəyəndim. Elə bil nağıl şəhəridir. Portuqaliyanın Porto şəhərini də xoşlayıram. Las Vegası da bəyənirəm.  

- Neçənci ildə doğulmusunuz? 

- 1982-ci ildə. 

- Yekunda peşəkar idmançı, beynəlxalq məşqçi kimi tövsiyələrinizi eşitmək xoş olardı.

- Mən istəyərdim ki, ali məktəblərdə idmana daha ciddi münasibət olsun. Bu gün ölkəmizdə fiziki baxımdan qadın və kişilər yaxşı formada deyillər. Yaxşı olardı ki, qadınlar üçün ayrı proqram hazırlansın. Çünki qadınla kişinin fiziologiyası eyni deyil. Odur ki, hər kəsə həvəskar idmanla məşğul olmağı tövsiyə edirəm. 

Sonda bildirək ki, həmyerlimiz haqqında Amerikanın, Rusiyanın və digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub. Həmçinin xeyli sayda müsahibələri dünya mətbuatda yer alıb.

OXŞAR XƏBƏRLƏR