‘Öz yaxınlarına hörmət qoyan insan ‘facebook’da kimisə söyməz’ - MÜSAHİBƏ

‘Öz yaxınlarına hörmət qoyan insan ‘facebook’da kimisə söyməz’ -  MÜSAHİBƏ
17:45 21.05.2014
1039

Aktual.az-ın müsahibi gənc fəal, AZXEBER.COM informasiya portalının baş redaktoru, sosial şəbəkələrdə ən çox üzvü olan xəbər səhifəsinin admini Hacıbəy Heydərlidir - Hacıbəy, sizi sosial şəbəkələrin və yeni medianın ən aktiv simalarından adlandıra bilərik. Bəlkə də məhz bu aktivliyin nəticəsidir ki, çox vaxt tənqid atəşinə tuş gəlirsiz... - Əslində, tənqidə də müsbət yanaşmaq lazımdır, elə adamlar var ki, illərcə fəaliyyət göstərirlər, bütün günü efirlərdə, mediada olurlar, ancaq o adamlara heç bir reaksiya olmur. Gördüyün işə reaksiyanın olması sənin uğurundur. Qaldı ki, sosial şəbəkələrdəki aktivliyə deyim ki, mənim “facebook”da 5 min dostum, 2 mindən çox təqibçim var. Və ən əsası azxeber.com-un “facebook” səhifəsini bəyənən insanların sayı 170 mindən çoxdur ki, bu da siz dediyiniz amilləri ortaya gətirib çıxarır. Bizə olan tənqidlərindən kökündə o durur ki, biz işimizi sevgiylə və məsuliyyətlə görürük. Çünki bizim insanlar kimi çox tənqid edirlərsə, ən çox ona maraq göstərirlər. Bu marağın əsasında sənin uğurun formalaşır. Məncə bizi tənqid edənlər qədər sevənlər də var. - Bir aralar sosial şəbəkələrdə səhifələrdə ən aktiv adam idiniz, sizinlə bağlı çoxlu tənqidi məlumatlar paylaşılırdı... - Bəli, “facebook”da bir neçə səhifə var idi ki, radikal müxalifət gəncləri tərəfindən idarə olunurdu və iqtidarı, Azərbaycan hakimiyyətini kim müdafiə edirdisə, həmin səhifədə onun haqda təhqirdolu məlumatlar paylaşılırdı. Mən də ilk gündən mövqeyimi ortaya qoyduğuma və istər köşə yazılarımda, istərsə də sosial şəbəkələrdə statuslarımda iqtidarı dəstəklədiyimə görə bu adamlar məni də öz aləmlərində hədəfə aldılar. Bunun bir neçə səbəbi var: Birinci mənim də həmin insanlar kimi gənc olmağım idi ki, onlar düşünürdülər ki, mütləq onlar kimi hərəkət etməliyəm, ikincisi sosial şəbəkələrdə ən böyük səhifələrin admini olmağım idi ki, bu da həmin gəncləri qıcıqlandırırdı. Çünki o dövrlər elə tendensiya yaranmışdı ki, gərək sosial şəbəklərdə yalnız müxalifyönümlü gənclər üstün olsunlar, ancaq biz bu məsələdə onlara mane olduq və bu səbəbdən bizim gənc dostlarımız mənə və iqtidarı dəstəkləyən gənclərə qarşı şər. Böhtan, təhqir kampaniyasına start verdilər. Ancaq zaman göstərdi ki, onlar düzgün yolda deyirlər. Hətta illərcə müxalifətdə olan insanlar da var idi ki, bu məsələdə bizim haqlı olduğumuzu dedilər. Çünki söyüş söyən insan söyüş eşitməyi sevən insandır. Öz yaxınlarına hörmət qoyan insan "facebook"da kimisə söyməz. - Bu gənclər həm də sizin türkçə danışmağınıza da sataşırdılar.... - Bu haqda çoxlarının məlumatı yox idi və insanlar bilmədikləri şey haqqında danışırdılar. Məlumat üçün deyim ki, biz ötən il Türkiyədə səfərdə olmuşduq və səfər çərçivəsində qardaş ölkənin bir sıra media orqanlarında və televiziyalarında qonaq olmuşduq. Həmin verilişlərin birində mənə Azərbaycanda internetin durumu haqda sual verildi və mən dedim ki, bu gün Azərbaycanda azad internet mühiti var və insanlar sosial şəbəkələrdə istədikləri fikri yazırlar. Məhz bu fikrimə görə həmin gənclər mənim haqda qara pr kampaniyasına başladılar və öz aləmlərində mənə psixoloji təsir etdiklərini düşünürdülər. Ancaq sizə səmimi deyim ki, məhz onların bu pr-ı mənə xeyli dost qazandırdı. Onlar isə sonda mənasız işlə məşğul olduqlarını anladılar. - Hacıbəy, siz bayaq qeyd etdiniz ki, iqtidarı dəstəkləyən gəncsiz. İqtidara bağlı olan adam necə sayt işlədə bilər? Sizdən obyektivlik gözləmək olar? - Mən dedim ki, mən öz siyasi fikirlərimi köşə yazılarımda və statuslarımda bildirirəm. Yəni öz vətəndaşlıq mövqeyimi ortaya qoyuram. Qaldı ki, saytımıza düşünürəm ki, azxeber.com ölkədə baş verən bütün prosesləri işıqlandıran və oxucuların inamını qazanan xəbər portalıdır. Hər halda portalımıza gündəlik 40-50 min girişin olması bunu sübut edir. Bu gün ölkəmizdə bu göstəriciyə sahib olan 5-6 xəbər saytı var. - Sizə olan tənqidlərdən biri də ondan ibarətdir ki, saytınızda seks, intihar xəbərlərini çox yayımlayırsız.. - Belə bir söz var ki, mətbuat cəmiyyətin aynasıdır. Cəmiyyətdə nə baş verirsə, biz onu işıqlandırmalıyıq, yəni kimsə özünü asırsa, öldürürsə bunu verməmək qeyri-peşəkarlıq olar. Qaldı ki, seks xəbərlərinə, mən sizi əmin edirəm ki, bu tipli xəbərləri ən az yayımlayan xəbər saytlardan biri bizik. Son 5-6 ayda ümumiyyətə bu haqda minimum xəbər yerləşdirmişik. Əgər biz seks və erotikayla ip yığmağın arxasınca qaçsaq saytımıza giriş sayı 100 mindən çox olar. - Sosial şəbəkələrdə ən böyük xəbər səhifəsinin adminisiz. Sizcə bizim insanlara hansı xəbərlər maraqlıdı? - Əslində, təkcə sosial şəbəkələrdə yox, elə real həyatda da bizim insanlara ən maraqlı şəxslər şou adamlarıdı. Kiçik bir misal çəkim. Siz heç görmüsünüzmü ki, hansısa toyda insanlar kütləvi şəkildə gedib hansısa alimlə, professorla, həkimlə və ya müəllimlə şəkil çəkdirsinlər? Bu mümkün deyil. Ancaq hansısa müğəni toya gələndə hamı onun üstünə cumur, onunla şəkil çəkdirir. Xəbər də belədir.Bizim insanlar şouya maraqlıdırlar. Bu dünyanın hər yerində belədir, dünyanın ən məşhur müğənnilərindən biri Şakiradır, ancaq dünyada ən çox söyülən, təhqir olunan da odur. Xarici “facebook” səhifələrinə baxsaz, bunun şahidi olarsınız. - Sizcə istinadsız xəbərin dərci etik qayda pozuntusudumu? - Məncə bu ilk növbədə vicdan məsələsidir. Məsələn, sən bir dükandan oğurluq edirsən və vicdanın rahat yaşamağa imkan vermir, bəzən də oğurluq edirsən və düşünürsən ki, oğrudan oğruya halaldır. Əslində istinadsız xəbər dərci də məhz buna oxşayır, bəziləri bu oğurluğu fəxrlə edir, bəziləri isə öz şəxsiyyətlərinə sığışdırmır ki, hansısa saytın adını yazsınlar. Şəxsən bizim üçün 5-6 xəbər portalı var ki, onların xəbərimizi istinadsız verməyinə göz yummuruq, digərlərinə isə söz demək mənasızdı. Çünki oğurluğu həyat tərzinə çeviriblər. - Sizcə sosial şəbəkələrlə xəbər portallarının oxşar və fərqli cəhətləri hansıdır? - Çox təəsüf ki, bizdə sosial şəbəkə istifadəçilərində məsuliyyət hissi azdır. Onlar düşünürlər ki, sosial şəbəkələrdə kimi istəyirlərsə, təhqir edə, aşağılaya bilərlər. Ancaq xəbər saytlarında etik qaydalar mütləq qorunmalıdır, yəni jurnalist “facebook”da yazdığı hər şeyi saytının manşetinə çıxarmamalıdır. Bu fərqli cəhətlərdi. Qaldı ki, oxşarlığa deyim ki, bu gün xəbər portallarının əsas xəbər mənbəyi sosial şəbəkələrdi. Sosial şəbəkələr olmasa bu qədər informasiya da olmaz. Əslində, hər bir sosial şəbəkə istifadəçisi xəbər daşıyıcısı və informasiya istehsalçısıdır. Buna görə də biz status, şərh yazanda diqqətli olmalı və bunun məsuliyyətli anlamalıyıq. - Bir gənc və sayt rəhbəri olaraq gələcək planlarınız nədən ibarətdir? - Faktdır ki, bu gün hər bir gənc öz üzərində dövlətin dəstəyini hiss edir. Təsadüfi deyil ki, cənab prezident İlham Əliyev hər zaman çıxışlarında Azərbaycan gəncliyinə öz inamını ifadə edir. Biz də gənclər olaraq bu işdə cənab prezidentə yardımçı olmalıyıq. Qaldı ki, saytımızla bağlı yeniliklərə deyim ki, yaxın günlərdə yeni dizaynla qarşınızda olacağıq. Bundan başqa portalımızda gənclərlə bağlı yeni rubrikalara da start verəcəyik. Bir sözlə, hər şey çox yaxşı olacaq!

OXŞAR XƏBƏRLƏR