Zaqatalada Folklor İli çərçivəsində "Şəki-Zaqatala rayonları üzrə Gənclərin Folklor festivalı" keçirilir.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Azərbaycan Gənclər və İdman nazirliyinin təşəbbüsü ilə bu gün Zaqatalada ilk dəfə "Şəki-Zaqatala rayonları üzrə Gənclərin Folklor festivalı " öz işinə başlayıb. Festivalda şimal-qərb bölgəsinin 6 rayonundan 15-ə yaxın kollektiv iştirak edir. Dörd gün davam edəcək festivalda Zaqatala rayonu ilə yanaşı Qəbələ, Oğuz, Qax, Şəki və Balakən rayonlarının folklor qrupları və muğam ifaçıları milli rəqslərimizi və muğam dəsgahlarını təqdim edəcəklər. Festival iştirakçıları ilk dəfə keçirilən bu tədbirin milli mədəniyyət nümunələrimizin təbliği və qorunub gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin münsiflər heyətində AMEA Folklor İnstitutunun əməkdaşları yer alır. Folklor qrupların çıxışlarını qiymətləndirən mütəxəssislər eyni zamanda onların gələcək fəaliyyət istiqamətlərinin formalaşması və yaradıcılıq imkanlarının genişlənməsi baxımından məsləhətlərini veriblər.
Münsiflər heyətin sədri, AMEA Folklor İnstitutunun əməkdaşı Qalib Sayılovun verdiyi məlumata görə, gənclər arasında folklor festivalının keçirilməsi mədəni irsimizin qorunması və təbliğində böyük əhəmiyyət kəsb edir. Bu ilk növbədə tariximizin, milli-mədəniyyət nümunələrimizin qorunmasına və inkişafına xidmət edir. Qalib Sayılov onu da qeyd edib ki, belə festivalların digər bölgələrdə keçirilməsi labüd və vacibdir.