Zaxarovanın əsassız ittihamlarına tutarlı cavab: “Erməni lobbisi ona təsir,təziq göstərir”

Zaxarovanın əsassız ittihamlarına tutarlı cavab: “Erməni lobbisi ona təsir,təziq göstərir”
SİYASƏT
14:41 12.01.2019
7745
"Ermənistanda bir nəfər də olsun azərbycanlı tapa bilərsinizmi? Əlbəttə, yox. Amma ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunsa da, Azərbaycanda 40 mindən çox erməni yaşayır”

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Azərbaycana qarşı kobud bəyanatla çıxış edib. "Sherg.az” xəbər verir ki, Zaxarova dünən keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması barədə danışıb:

"Doğrudan da mən bu barədə sosial şəbəkələrdə çoxlu məlumatlara rast gəlmişəm. Bayram günləri ərzində də belə insidentlər olub. Biz onları əvvəl də qeydə almışdıq və Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışdıq. Deyirdilər və təəsüflənirdilər ki, belə hallar artıq yaxşı çıxmır və düzgün olmayan praktikadır. Amma bayram günlərində sosial şəbəkələrdə böyük material dərc edilib və bu, Rusiya vətəndaşlarına qarşı birinci diskriminasiya halı deyil. Ötən il etnik əlamətinə görə azı 16 Rusiya vətəndaşının Azərbaycana buraxılmaması qeydə alınıb”.

XİN rəsmisi əlavə edib ki, Rusiya vətəndaşları aeoroportda saatlarla saxlanılıblar və daha sonra ölkədən rəsmi səbəb göstərilmədən zorla ölkədən çıxarılıblar:

"Bu faktlar bizim fikrimizcə Rusiya vətəndaşlarının hüquqlarının kobud pozulmasıdır, Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqda müqavilələrə ziddir. Mən bir daha demək istərdim ki, Rusiya tərəfi dəfələrlə Azərbaycan tərəfinə bu vəziyyətin yolverilməz olduğunu çatdırıb. Biz bu saxlanılma və sürgün praktikasını dayandırmağı tələb etmişik, çünki o ölkələrimiz arasında dostluq münasibətlərinə ziddir”-Zaxarova bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, Azərbaycan rəhbərliyi ilə təmaslarda Rusiya tərəfini əmin ediblər ki, situasiya yoluna qoyulacaq.

Rusiya XİN-in rəsmisinin məlum absurd ittihamlarına cavab verən millət vəkili Rüfət Quliyev "Sherg.az”a söyləyib ki, Belarusu çıxmaq şərti ilə Azərbaycan Qafqaz regionunda yeganə ölkədir ki, rus dilinə və rusdilli icmaya böyük rəğbətlə yanaşır:

" Digər yandan Azərbaycanda səfərdə olarkən Rusiya prezidenti Vladimir Putinin özü də qeyd edib ki, Azərbaycan rus dilinə bu qədər böyük önəm verən yeganə ölkədir. Baxın, Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda 340-dan çox rus dilində tədris müəssisəsi var. Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır. Ali məktəblərdə də bu günə qədər rus sektoru var və onların sayı artır. Azərbaycanda rusların və digər xalqların sərbəst yaşaması təmin olunub. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı Azərbaycanda səfərdə olub. Səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub və heç bir problem müşahidə edilməyib.

Bəzən ölkəmizdə "Niyə Azərbaycan dilinə daha çox önəm verilmir? Valideynlər uşaqlarını niyə rusduilli məktəblərə qoyurlar ?” kimi suallar verilir. Cənab Przident bu iddialara son qoydu. Ölkə başçısı söylədi ki, Rusiya ilə münasibətlərin inkişafı Azərbaycan üçün vacibdir. Rusiya bizm üçün strateji müttəfiqdir. Rusiya ilə iqtisadi-siyasi münasibətləri inkişaf etdirəcəyik. Bu mənada rus dili də bizim üçün önəmlidir, amma ən önəmli olan Azərbaycan dilinin inkişafıdır. Məhz ona görə də, ölkə başçısı Azərbaycan dilinin saflığının qorunmasına dair Fərman imzaladı”.

Azərbaycanda 40 mindən çox erməninin yaşadığını diqqətə çatdıran parlamentari vurğulayıb ki, 2012-ci ildə dünya yəhudilərinin Kievdə keçirilən toplantısında da bu barədə çıxış edib:

"Çıxışımda bəyan etdim ki, Azərbaycanda 40 mindən çox erməni yaşayır. Azərbaycan əhalisinin 9,6 faizini qeyri-azərbaycanlılar təşkil edir. Və bunların da 40 mindən çoxu ermənidir. Tədbirdə iştirak edən erməni icmasının nümayəndələrinə sual verdim ki, Siz Ermənistanda bir nəfər də olsun azərbycanlı tapa bilərsinizmi? Cavab verə bilmədilər. Çünki doğrudan da, Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur. Amma siz Azərbaycana baxın. Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunsa da, Azərbaycanda 40 mindən çox erməni yaşayır. Xalq diplomatiyası vasitəsilə ermənilər Azərbaycana gəlib-gedirlər və qayıdandan sonra bu barədə açıq- aydın danışırlar”.

Parlament üzvü onu da əlavə edib ki, Fransa, Yunanıstan və ABŞ-la yanaşı Rusiyada da erməni lobbisi güclüdür:

"Bu gün istənilən rus kinosunu açıb, baxsanız, görəcəksiniz ki, bütün rus kinolarında 1-2 erməni adı görünür. Onlar ya rejissordu, ya ssenaristi , ya prodüserdi, ya aktyordu, ya da müsiqi işlərini tənzimləyəndi. Ümumiyyətlə, Rusiyada erməni faktoru var. Lobbisi də çox güclüdür. Əlbəttə, onlar M.Zaxarovaya da təsir göstərirlər. Yanılmıramsa, bu, M.Zaxarovanın birinci arzuolunmaz açıqlaması deyil. O xanım bir müdət öncə də belə əsassız ittihamlarla çıxış etmişdi. Bütün bunlar onu göstərir ki, Rusiyada erməni lobbisi var. Amma deyim ki, Azərbaycan diasporu da güclənir. Yeni təyin olunan Fuad Muradov böyük işlər görür. Çalışır ki, diasporanı daha da möhkəmləndirsin. Daha çox azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyasını daha da genişləndirsin”
OXŞAR XƏBƏRLƏR