Özbəkistan və Hindistan ikitərəfli münasibətlərini hərtərəfli strateji tərəfdaşlığa, xüsusən qarşılıqlı ticarəti 2030-cu ilə qədər 5 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.
Bu barədə Özbəkistan Respublikası Prezidentinin Mətbuat xidməti məlumat verib.
Məlumata görə, razılaşmalar Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Hindistan Baş naziri Narendra Modi arasında 30 avqustda Daşkənddəki Kuksaroy iqamətgahında keçirilən görüşdə əldə edilib.
Liderlər Özbəkistan-Hindistan strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Tərəflər müxtəlif səviyyələrdə aktiv əlaqələrin olduğunu qeyd ediblər.
2025-ci ilin yekununa əsasən iki ölkə arasında ticarət dövriyyəsi ilk dəfə olaraq 1 milyard dolları keçib. Son illər müştərək müəssisələrin sayı yeddi dəfə artıb. Özbəkistan və Hindistan arasında həftədə 14 birbaşa uçuş var.
Tərəflər danışıqların yekununa əsasən bütün səviyyələrdə siyasi əlaqələri və mübadilələri intensivləşdirmək barədə razılığa gəliblər. Bu, xüsusən parlamentlərin dostluq qrupları, Hökumətlərarası Komissiya və Biznes Şurası arasında qarşılıqlı əlaqəyə aiddir.
Qeyd olunur ki, ikitərəfli əməkdaşlığı əlaqələndirmək üçün xarici işlər qurumlarının rəhbərləri səviyyəsində xüsusi mexanizmin yaradılması planlaşdırılır.
Liderlər həmçinin sənaye əməkdaşlığının genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Perspektivli sahələrə enerji, elektrotexnika, metallurgiya, vacib minerallar, səhiyyə, əczaçılıq, kənd təsərrüfatı və zərgərlik sənayesi daxildir.
Mirziyoyev və Modi beynəlxalq və regional gündəlikdəki aktual məsələlər barədə fikir mübadiləsi aparıblar. Liderlər iki ölkənin BMT, ŞƏT, BRİCS və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd ediblər.
Danışıqların yekununa əsasən nazirlik və qurum rəhbərlərinə birgə layihələr və proqramlar üzərində işi gücləndirmək tapşırılıb. Hər bir prioritet sahə üçün konkret icra mexanizmləri, məsul tərəflər və son tarixlər göstərilməklə ayrıca "yol xəritələri" planlaşdırılır.
Görüşdən sonra Özbəkistan və Hindistan ticarət, iqtisadi, investisiya, mədəni, humanitar, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş bir sıra ikitərəfli sənədlər imzalayıblar.
///report///










































