Ukrayna prezidenti Volodimir Zelenski ərazi güzəştləri ilə sülhün bərqərar olmasının mümkün olmadığını bəyan edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada Çin prezidenti Si Cinpinlə telefon danışığının təfərrüatları barədə məlumat verib.
Görüşün təxminən 1 saat davam etdiyini qeyd edən Zelenski görüşdə ikitərəfli münasibətlərin müzakirə edildiyini bildirib.
"Ukrayna-Çin tərəfdaşlığının gücləndirilməsi yollarını müzakirə etdik. Rusiyanın tammiqyaslı hücumundan əvvəl Çin Ukraynanın bir nömrəli ticarət tərəfdaşı idi. İnanıram ki, bugünkü görüş bu inkişaf xəttinin bütün səviyyələrdə qaytarılmasına, qorunub saxlanmasına və inkişafına güclü təkan verəcək”, – deyə o qeyd edib.
Zelenski həmçinin bildirib ki, onlar Si ilə "Ukrayna üçün ədalətli və sabit sülhün bərqərar olması məqsədi ilə mümkün qarşılıqlı fəaliyyət yollarını” müzakirə ediblər:
"Heç kim Ukrayna xalqı qədər sülh istəmir. Biz öz torpağımızdayıq və vazkeçilməz özünümüdafiə hüququndan istifadə edərək gələcəyimiz üçün mübarizə aparırıq. Sülh beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə hörmət əsasında ədalətli və davamlı olmalıdır. Ərazi güzəştləri ilə sülhdən söhbət gedə bilməz. Ukraynanın ərazi bütövlüyü 1991-ci il sərhədləri daxilində bərpa edilməlidir”.
Ayşən