Zelenski Putin ilə görüşə hazır olduğunu dedi: Müharibə bitir?

Zelenski Putin ilə görüşə hazır olduğunu dedi: Müharibə bitir?
SİYASƏT
13:17 10.04.2026
547
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib. Zelenski bunu İtaliyanın RAI radiostansiyasına verdiyi müsahibədə bildirib.

Politoloq Ramiz Alıyev mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında deyib ki, Rusiya-Ukrayna müharibəsi beynəlxalq güc balansının tərkib hissəsidir:

"Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşə hazır olduğunu bəyan etməsi diplomatik müstəvidə müəyyən aktivliyin yarandığını göstərsə də, bu, avtomatik olaraq yaxın perspektivdə atəşkəsin əldə olunacağı anlamına gəlmir. Mövcud geosiyasi reallıqlar göstərir ki, Rusiya-Ukrayna müharibəsi yalnız iki dövlət arasında klassik qarşıdurma deyil, daha geniş beynəlxalq güc balansının tərkib hissəsidir. Tərəflərin mövqeləri hələ də fundamental məsələlər üzrə kəskin şəkildə ziddiyyətlidir. Ukrayna ərazi bütövlüyünün tam bərpasını, işğal olunmuş ərazilərin geri qaytarılmasını və təhlükəsizlik zəmanətlərinin təmin olunmasını əsas şərt kimi irəli sürür. Rusiya isə öz növbəsində işğal etdiyi ərazilər üzərində nəzarətin tanınmasını və Ukraynanın geosiyasi seçimlərinin məhdudlaşdırılmasını prioritet hesab edir. Bu ziddiyyətlər aradan qaldırılmadan real və davamlı sülh sazişindən danışmaq çətindir”.


O bildirib ki, bu münaqişə təkcə regional deyil, qlobal xarakter daşıyır:

"ABŞ, Avropa İttifaqı və NATO ölkələrinin Ukraynaya hərbi-siyasi dəstəyi, eyni zamanda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müharibənin gedişinə birbaşa təsir edir. Bu baxımdan belə münaqişələr yalnız tərəflərin deyil, böyük güclərin də razılığı və geosiyasi maraqlarının uzlaşdırılması nəticəsində dayandırıla bilər. Qısamüddətli və taktiki atəşkəs variantı müəyyən şərtlər daxilində mümkün görünə bilər. Bu, daha çox humanitar məqsədlərlə və ya tərəflərin qüvvələrini yenidən toparlaması üçün istifadə edilə bilər. Lakin uzunmüddətli və davamlı atəşkəs üçün siyasi iradə ilə yanaşı, qarşılıqlı etimadın formalaşması və beynəlxalq təminat mexanizmlərinin yaradılması vacibdir”.

Politoloq vurğulayıb ki, hazırkı mərhələdə Rusiya və Ukrayna müəyyən strateji məqsədlərindən geri çəkilməyə hazır görünmür: 

"Münaqişənin tam başa çatması perspektivi isə daha mürəkkəbdir. Hazırkı mərhələdə həm Rusiya, həm də Ukrayna müəyyən strateji məqsədlərindən geri çəkilməyə hazır görünmür. Bu isə onu göstərir ki, müharibə ya uzunmüddətli "dondurulmuş münaqişə” mərhələsinə keçə, ya da aşağı intensivliklə davam edə bilər. Ümumilikdə onu deyə bilərəm ki, Zelenskinin danışıqlara hazır olması mühüm siyasi siqnal olsa da, real nəticələrin əldə olunması üçün tərəflər arasında mövqelərin yaxınlaşması ilə yanaşı, qlobal güclər arasında da konsensus formalaşmalıdır. Mövcud şərtlər daxilində isə yaxın perspektivdə tam sülh sazişindən daha çox, məhdud və şərti atəşkəs ehtimalları daha real görünür”.

Şahanə Ziyad
 

OXŞAR XƏBƏRLƏR