Zelenski iki dünya nəhənginə qarşı - ABŞ və Rusiya ona qarşı birləşdi

DÜNYA
00:21 20.02.2025
580
Zelenski: Liderlik və dirənişin rəmzi
Vaxtilə "mənə ölkəni tərk etmək yox, silah lazımdır" deyən lideri yıxmaq asan olacaqmı?

Görünən odur ki, indi Zelenski iki cəbhədə vuruşmaq məcburiyyətində qalıb.
İki dünya nəhəngi, ABŞ və Rusiya Zelenskini çökdürmək, Ukraynanı bölüşdürmək istəyirlər. Əvvəl bir tərəf Zelenskini istəmirdi, indi hər ikisi. 

Baxıram ki, vaxtilə Rusiyanın Comedy Club-ından tutmuş Prezidentinə qədər Zelenskini "komediya aktyoru" deyib necə aşağılayırdısa, eyni ritorikanı indi Tramp edir. ABŞ tərəfindən onun belə aşağılanmasını müşahidə etmək ağlasığmazdır.

Zelenski tab gətirəcəkmi?

2022-ci ilin fevralında dünya Rusiyanın Ukraynanı bir neçə günə işğal edəcəyini düşünürdü. Kiyev ətrafında, şəhərin içində, küçələrdə  tank döyüşləri gedirdi, Kiyevin üzərində rus təyyarələri desant  atırdılar. Qərb liderləri isə belə bir anda ona ölkəni tərk etməyi təklif etdilər. 
Amma Zelenski "Mənə evakuasiya yox, silah lazımdır” deyərək Kiyevdə qaldı.

İndi üç ildir ki, Ukrayna nəhəng Rusiya ordusuna qarşı dayanıb. Zelenksi az qala paytaxtını itirmək üzrə olan bir ölkəni ayaqda saxladı, müttəfiqlər qazandı, dövləti qorudu, xalqını birləşdirdi. Əsgərləri ilə ön cəbhəyə gedən, diplomatları ilə Qərb ölkələrini dəstəyə inandıran bir lider oldu.

Öz xalqının, öz dövlətinin və ölkəsinin azadlığı və suverenliyi uğrunda vuruşan bir dövlət başçısını indi Tramp aşağılayır, onu Rusiya elitası kimi komediyaçı adlandırır.

Zelenski bugün azadlıq uğrunda mübarizənin simvoluna çevrilib. 
Düşünürəm ki Zelenskinin mübarizəsinə təkcə Ukraynanın yox, dünyada haqqın və  ədalətin, suverenliyin və azadlığın çarpışması kimi baxılmalıdır.
Ukraynadakı real vəziyyət onu göstərir ki, Zelenskini yıxmaq asan olmayacaq. Ümid edirəm Avropa, Türkiyə, Böyük Britaniya və s. ölkələr yeni bir təhlükəsizlik modeli yarada biləcəklər.

Ola bilər o sabah istefa da verə bilər. Əminəm ki, o yaddaşlarda nəhəng derjava ilə vuruşan, öz xalqının azadlığı uğrunda vuruşan əsil lider kimi xatırlanacaq.

ABŞ-ın Ukraynanın yanından çəkilməsi, onu yarı yolda qoyması, nəinki yarıyolda qoyması, hətta bu ölkənin  vuruşduğu tərəflə bir maraqda olması, onu gözdən salmağa, müharibə gedən ölkədə yeni prezident seçkilərinin keçirilməsi kimi ictimai fikri çaşdırmağa  yönəlik açıqlamalar verməsi üzücüdür.

Hərdən düşünürəm ki, nə yaxşı ki biz dünyanın indiki durumundan öncə  işğala son qoya bildik, nə yaxşı ki zamanında suverenlik məsələsini tam həll etdik. Ukraynanın ədalətli müharibəsinin ABŞ tərəfindən indi "səhv" hərəkət kimi dəyərləndirilməsi çox düşündürücüdür.
Bəlkə də bizim siyasi rəhbərlik ABŞ-Rusiya  yaxınlaşmasının  regiona təsirlərini zamanında hesablaya biliblərmiş.

Ümid edirəm bu yaxınlaşma Cənubi Qafqazda vəziyyəti dəyişməz, Ermənistanda Rusiya yönümlülərin revanşı üçün münbit şərait yaratmaz.

Osman Gündüz,
Azərbaycan İnternet Forumunun prezidenti
OXŞAR XƏBƏRLƏR