Zəngəzur dəhlizi: Türk dünyasını birləşdirən körpü

Zəngəzur dəhlizi: Türk dünyasını birləşdirən körpü
SİYASƏT
10:46 23.12.2021
536
Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki informasiya və diplomatiya savaşındakı misilsiz uğurları 44 günlük Vətən müharibəsində şəksiz qələbənin əldə edilməsində həlledici rol oynadı. Bu zəfər həm də son iki yüz il ərzində Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan və onun havadarlarıı üzərində tarixi bir Zəfər idi. Azərbaycan xalqının qürur mənbəyi olan bu Qələbənin möhtəşəmliyi və doğurduğu sevinc sözlə ifadə edilə bilmədiyi kimi, onun siyasi, hüquqi, tarixi, iqtisadi və etnokultural və geosiyasi əhəmiyyəti də ölçüyə gələ bilməyəcək dərəcədə misilsizdir. Bölgədə yeni reallıqlar yaratmış və bölgənin həqiqi mənada lideri, dayanıqlı sülhün və inkişafın qarantı olan Azərbaycanın haqq və ədalət uğrunda apardığı Vətən müharibəsi, onun taktika və strategiyası, istifadə edilən müasir hərbi texnologiyaları bugün bir sıra inkişaf etmiş ölkələrdə və beynəlxalq təşkilatlarda tanınmış hərbi ekspertlər tərəfindən müasir hərb elminin yeni səhifəsi adlandırılır və hərbi məktəblərdə bu təcrübənin öyrənilməsini təqdir və tövsiyə edirlər. 44 gün ərzində təcavüzkar qonşumuzdan fərqli olaraq, Milli Ordumuzun nümayiş etdirdiyi hərb mədəniyyəti, beynəlxalq və humanitar qanun və normalara riayyət etməsi dünya hərb tarixinə örnək səhifələr kimi yazıldı. Bu müharibə həm də sübut etdi ki, vətən torpağını namus bilən Azərbaycan xalqı şəhidliyi şərəf və savaş meydanınında döyüşməyi toy-bayram hesab edir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Brüsselə səfəri çərçivəsində İtaliyanın "İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə bağlı vacib məqamlardan bəhs edib. Eyni zamanda, dövlətimizin başçısı bölgədə sülhün təmin olunması prosesində Avropa İttifaqının rolunu xüsusi vurğulayıb.

Ermənistan daim bizə qarşı fərqli xarakterli hərbi təxribatlar törədirdi. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat törədilirdi, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ savaşından öncə - iyul və avqust aylarında da buna oxşar hərbi təcavüz etdi. İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Bütün bunları əsla unutmaq olmaz, həmin qeyri-insani faktları bundan sonra da nəzərdə saxlamaq gərəkdir. Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib.

Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi.

İkinci Qarabağ müharibəsindən sonra ən çox müzakirə olunan məsələlərdən biri də regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərpa olunmasında mühüm rol oynayacaq Zəngəzur dəhlizidir. Bu dəhlizin reallaşması regionun inkişafı, bütövlükdə türk coğrafiyası üçün mühüm əhəmiyyətə malik layihələrdən biri kimi dəyərləndirilir. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolun bərpasına şərait yaratmaqla yanaşı, eyni zamanda, region ölkələrinin bu layihədən faydalanmasına geniş imkanlar yaradacaq.

Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq.

Naftalan şəhər sakini Faiq Rüstəmov
OXŞAR XƏBƏRLƏR