"Zəngəzur dəhlizinin açılması ilə bağlı da Azərbaycan daha çox səy göstərir"

"Zəngəzur dəhlizinin açılması ilə bağlı da Azərbaycan daha çox səy göstərir"
SİYASƏT
16:33 31.10.2025
105
Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatıb.  Onun sözlərinə görə, bu layihə regionda nəqliyyat əlaqələrinin bərpası və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin açılması bölgənin geosiyasi və iqtisadi mənzərəsini dəyişəcək mühüm layihələrdən biri kimi qiymətləndirilir. 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu AZXEBER.COM-a deyib ki, Vaşinqtonda imzalanan üçtərəfli bəyanatın tələblərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır:

"Şuşada imzalanan üçtərəfli bəyanatın tələblərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycanın şərtləri həm Ermənistan, həm də Amerika Birləşmiş Ştatları tərəfindən qəbul olunub. Yəni, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə öhdəlik götürüb və qısa zaman ərzində bu istiqamətdə əməli işlər görülməlidir”.

Ekspert qeyd edib ki, sülh prosesinin müsbət inkişafı üçün daha çox səy göstərən Azərbaycandır:

"Azərbaycan indiyə qədər həm Ermənistanla münasibətlərin normallaşdırılması, həm də bölgədə sülhün və ədalətin təmin olunması, eləcə də iqtisadi inkişaf üçün zəmin yaradılması istiqamətində önəmli və effektiv addımlar atıb. Zəngəzur dəhlizinin açılması ilə bağlı da Azərbaycan daha çox səy göstərir. Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı bölgə dövlətləri üçün kifayət qədər önəm daşıyır. Dəhliz açıldıqdan sonra bölgənin iqtisadi inkişaf potensialı da artacaq”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Zəngəzur dəhlizinin Azərbaycana aid olan hissəsində işlərin tamamlanma Azərbaycanın uğurudur: 

"Zəngəzur dəhlizinin Azərbaycana aid olan hissəsində işlərin tamamlanma mərhələsinə çatması Azərbaycanın yürütdüyü effektiv siyasətin nəticəsidir. Ümumiyyətlə, Azərbaycanın bir sıra istiqamətlərdə göstərdiyi fəaliyyət, onun təşəbbüslərinin dəstəklənməsi və bu təşəbbüslərlə bağlı praktik mexanizmlərin hazırlanması bütün istiqamətlərdə özünü göstərir. Zəngəzur dəhlizinin açılması ilə bağlı işin başa çatmaq üzrə olması Azərbaycanın həyata keçirdiyi çevik siyasətin nəticəsidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR