Ramil Qasımov,
Musiqişünas – vokalçı, əməkdar artist,
Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti.
8 Mart – Beynəlxalq Qadınlar günü ərəfəsində düşüncələr.Böyük İslam peyğəmbəri Məhəmməd Əleyhissəlam söyləyirdi: “Cənnət anaların ayaqları altındadır”. Bu fikir daha çox rəmzi xarakter daşıyır. Qadın olan yerdə humanizm, ürəyiyumşaqlıq, sülh qərar tutar, ətrafda hər şey göz oxşayar, ətir qoxuyar, işıq saçar, bir cənnəti xatırladar. Qadın – yaradılış, eşq və gözəllik, barışıq simvoludur, dünyanın başlanğıc nöqtəsidir. Hər zaman ana haqqına tapınmışıq, ana südündən ana dilimizin şirinliyini, şəhdi-şirəsini əxz etmişik. “Ana Vətən dardadır” hayqırtısı ilə düşmən üstünə yerimişik.
Görkəmli qadınların siyahısına nəzər yetirəndə yetərincə örnək olası simalar görünür. İlk müsəlman qadın Həzrəti Xədicə bütün varidatını böyük islam peyğəmbəri Məhəmməd Əleyhissəlamın ideyaları yolunda, islam dini naminə sərf edib. Onun qızı Fatmeyi-Zəhra ismət pərdəsi, abır təcəssümü, sədaqət nişanəsi kimi bütün bəşəriyyət qadınlarına örnək oldu
Türk həyat və yaşam tərzinin, cəsurluq məktəbinin səlnaməsi “Dədə - Qorqud” eposunun boylarında düşmənə əsir düşən Burla xatununiradəsi, qüruru, dönməzliyi zamanın daş yaddaşlarından silinməyib. Görkəmli dövlət xadimi, qan çanağı Kirin qoşunlarını öz qanlarında boğan əfsanəsi Tomris ana, həm cəsur, həm müdrik Bərdə şahı Nüşabə, milli təəssübkeşlik nümunəsi Ağabəyim ağa, cəngavər xarakterli Tutu Bikə, Çənlibel zirvəsini ağlı ilə fəth etmiş Nigar, ərinin yatdığı qazamat divarlarını sevgisinin gücü ilə yaran Həcər Azərbaycan qadınları tarixinin şöhrət və şərəf səhifələridir.
15–ci yüzilliyin səlnaməsini özünün şərəfli tərcümeyi-halı ilə zənginləşdirmiş məşhur dövlət xadimi, dünyada görkəmli diplomat kimi ad çıxarmış Sara xatunun müdrikliyi sayəsində neçə müharibə ocağı söndürüldü, saray çəkişmələri aradan qaldırıldı. Habelə, Atabəylərin qurucusu Şəmsəddin Eldəgizin ömür-gün yoldaşı Möminə Xatun, Qaraqoyunlu Qara Yusifin arvadı Könüldaş, Şah İsmayıl Xətayinin qızı Məhinbanu Sultan ünlü qadın diplomatlarımızdan olublar.
Azərbaycan ədəbiyyatının ilk şairəsi hesab edilən, humanizm fəlsəfəsinin daşıyıcısı Məhsəti Gəncəvi, milli mədəniyyət tarixində lirik şair və rəssam kimi şöhrət tapan Xan qızı, xeyriyyəçi, Şuşaya su çəkdirən, məscid tikdirən Xurşudbanu Natəvan, təbini dağ çeşməsindən, ulu təbiətdən götürən Aşıq Pəri, klassik şeirimizin lirik ustalarından biri, “Divan” müəllifi Heyran xanım, zərif duyğularla həyat gerçəkliyini bir misrada bölüşməyi bacaran Nigar Rəfibəyli, tarixi həqiqətləri bədii təxəyyüldən keçirib oxucunu doğru yola yönəldən Əzizə Cəfərzadə ədəbiyyatımızın qadın qolunun dahilərindəndir.
Həmidə Cavanşir isə qələm adamı olmasa da, qibtəediləcək alicənablıqla nəhəng bir xəzinənin ərsəyə gəlməsinə xidmət göstərdi. Eyni ilə Həzrəti Xədicə kimi bütün dövlətini Mirzə Cəlil zəkasının parlamasına sərf etdi. Maarifpərvər ziyalı Həsən bəy Zərdabi ocağının yadigarı, görkəmli diplomat, fədakar istiqlalçı Əlimərdan bəy Topçubaşovun ömür-gün yoldaşı Pəri xanım Topçubaşova ərinin ideyaları uğrunda, milli mücadilə naminə bütün zillətlərə dözdü, ömrünü mühacirətdə, Paris yaxınlığındakı Sen-Klu qəsəbəsində darısqal, kasıb daxmada başa vurdu. Görkəmli bətəkar, lirik-psixoloji nəğmələri ilə könülləri ehtizaza gətirən Şəfiqə Axundova Şərqdə opera yazan ilk qadın bəstəkar kimi tarixə düşdü.
Azərbaycanın ilk təyyarəçi qadını, kapitan, Hərbi Hava Akademiyasının məzunu Züleyxa Seyidməmmədova cəsarəti, peşəkarlığı ilə Azərbaycan qadınının hansı gücə sahib olduğunu isbatlatdı.
Təkcə tibb elmində qazandığı nailiyyətlərlə, uğurlu yeni müalicə metodologiyaları ilə deyil, həm də insanpərvərlik duyğuları ilə tanınan, sevilən, təbabətdə yeni bir epoxa yaradan dünya şöhrətli alim, ictimai xadim Zərifə Əliyeva könüllərdə dağılmaz qala qurdu. Akademik Yaşar Qarayevin təbirincə desək, “Şərqşünaslığın Şərqli Şahzadəsi”, dünya şöhrətli alim, ictimai xadim, Azərbaycan şərqşünaslıq tarixində mükəmməl əsərləri ilə iz qoymuş mələkmisal Aida xanım İmanquliyeva həm də zəriflik, xanım-xatunluq nümunəsiydi.
İkinci cahan savaşında tankları sıradan çıxara biləcək yandırıcı butulkalara ampula hazırlayan mütəxəssislərdən biri, kimyaçı alim İzzət Orucova həm də “Almaz “və “Sevil” filmlərində oynadığı baş rolların uğuru ilə də tanınmışdı. Azərbaycan qadınının problemlərinin həllində öndə olan böyük alim Zəhra Quliyevanın fəaliyyəti hər zaman diqqət şəkib.
Cüdo və sambo üzrə dünya çempionu Zülfiyyə Hüseynova, böyük qələbələr yiyəsi Aynur Sofiyeva, yüngül atletikanın şahzadəsi Ziba Ələsgərova, atıcılıq yarışlarının yaraşığı Zemfira Meftəhəddinova beynəlxalq arenalarda Azərbaycan Bayrağını əzəmətlə dalğalandırırlar. İkinci dünya müharibəsində, Qarabağ uğrunda gedən döyüşlərdə onlarla azərbaycanlı qadın sübut etdi ki, “aslanın erkəyi, dişisi olmaz”. Bu gün yüzlərlə Şəhid anası göz yaçını, qəlb siziltısını düşmənə tuşlanmış nifrət gülləsinə çevirib qürurla gəzir.
... Və bu gün hər bir azərbaycanlı qadının örnək saydığı, böyük vətəndaş, milli təəssübkeş Mehriban xanım Əliyeva ictimai-siyasi, diplomatik fəaliyyəti ilə Azərbaycanın inkişafına öz töhfəsini verir. Mehriban Əliyeva dar günün dostudur, qayğıya möhtacların, fiziki qüsurlu insanların sığındığı, simsar bildiyi əsil insandır. Mehriban xanımın söylədiklərindən qısa bir sitat onun nə qədər geniş qəlbə malik olduğu görsənir.”Mənəviyyatın ali qanunlarına görə xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividentlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır”
Nəcim və nəcib insan, zəkası işıq saçan aydın Mehriban Əliyevanı odlu ürək, insanpərvərlik, gözəllik, xarizma, liderlik, milli kökə bağlılıq keyfiyyətləri səciyyələndirir. Onun fəaliyyət radiusu əhatəlidir. 2005, 2010 və 2015 – ci illərdə 14 saylı Xəzər rayonu, 2-ci seçki dairəsindən böyük səs çoxluğu ilə millət vəkili seçilmiş Mehriban Əliyeva Bakı kəndlərinin müasir infrastruktur layihələrini gerçəkləşdirdi. “Yeniləşən Azərbaycana yeni məktəb” layihələri, uşaq evlərinin, mədəniyyət obyektlərinin, məscidlərin, tarixi abidələrin əsaslı təmiri və yenidən qurulması məhz Mehriban xanımın can yanğısının, tarixi-mədəni irsə sayğısının göstəricisidir.
Mehriban Əliyeva Azərbaycanın beynəlxalq səviyyədə təbliği üçün möhtəşəm işlər görüb. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi milli mədəniyyətimizin dünyada təbliğ olunmasında əlahiddə xidmət göstərib Şirvanşahlar Saray Kompleksinin, Atəşgahın YUNESKO-nun “Dünya irs siyahısı”na,muğamın “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləıri” siyahısına daxil edilməsi milli tariximizin, ünlü hadisəsidir.
Qarabağın Azərbaycanın əzəli və əbədi torpaqları olduğunu elmi dəlillərlə sübuta yetirən “Qarabağ” kitabının xarici ölkələrdə təqdimatı, Üzeyir Hacıbəylinin əsərlərinin SD vəDVD formatlı disklərlə yenidən istehsalı Azərbaycan həqiqətlərinin çatdırılmasında effektiv rol oynadı. Məhz Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda fundamental beynəlxalq tədbirlər keçirilir. Siyahısı bitib-tükənməyən titanik işlərin görülməsində Heydər Əliyev Fondunu I vitse-prezidenti Leyla xanım Əliyevanın da ümdə rolu olub. Taleyüklü, Azərbaycanın milli mənafeyinə yönəlik layihələrdə Leyla Əliyeva gərgin əmək, enerji sərf edib, fədakarlıq göstərib. Elə “Xocalıya ədlət” dəstək kompaniyası Xocalı həqiqətlərinin, erməni vandalızminin dünyaya çatdırılmasında əvəzsiz rol oynadı.
Milli mədəniyyətimizin dünya çapında tanınmasında öz intellekləri ilə böyük xidmətlər göstərmiş Nərgiz Paşayeva və Firəngiz Əlizadə ilə bağlı düşünəndə bu tandemin ərsəyə gətirdikləri “İntizar” operasını xatırlayıram. Qürur duyuram ki, dünya səviyəli bir əsərdə mən də oynamışam, Arif rolunu canlandırmışam.
Nə xoş ki, bu gün Azərbaycan qadınının şöhrət səhifəsini ürəklə vərəqləmək, qürur düyğuları keçirmək olur. Yaradıcı gənc kimi fəxr edirəm ki, öz repertuarımda ana mövzusunda mahnılara üstünlük verirəm. Bir də əminliklə deyə bilərəm ki, gənc Azərbaycan qadınları Mehriban xanım Əliyevanı özlərinə örnək seçir, onun ideya və prinsiplərini özlərinin həyat kredosu kimi müəyyənləşdirirlər.
Bayram günündə anamın simasında bütün anaları, bütün Azərbaycan xanımlarını sidqi-ürəkdən təbrik edir, həm şəxsi həyatlarında, həm peşə karyeralarında uğurlar diləyirəm.
Bütün Azərbaycan xanımlarına ehtiramla