Özgə yataqlara uzadılan 'Xəzər Lənkəran'ın aqibəti necə olacaq?

İDMAN
15:15 06.03.2013
1834
Elçin Cəlilov"Futbolpress.az"ın  baş redaktoruBir ilin həndəvərində ölkənin ən cəsarətli, azarkeşiylə, ətrafında yaranan imiciylə ən məğrur klubunu – “Xəzər Lənkəran”ı yoluq cücəyə döndərdilər. Elə bilməyin başqaları bununçün əziyyət çəkdi, əsla, bunu elə içəridən, içdən həll elədilər...
Mirça Rednikin guya futbolçularla ədavətdə olmasına görə komandadan getdiyini ictimaiyyətə yalandan təlqin elətdirən klub rəhbərliyinin yalanını hadisələrin canlı şahidi Anamaria Prodan “FutbolPress”ə müsahibəsində açdı.Mən o zamandan yazırdım, Rednikin menecer Prodanla gətirdiyi heyət kifayət qədər samballı idi və o komandanı saxlamaq üçün yaxşı pul xərclənməliydi – uğur onsuz gələcəkdi. Ancaq həmin ərəfələrdə Mübariz Mənsimov hansısa səbəblərdən klubu məhdud büdcəyə məruz qoymuşdu. “Palmali”nin Bakı ofisinə yeni rejim tətbiq olunmuşdu: klub üçün məvaciblər hər ay konkret miqdarda İstanbuldan göndərilməliydi…
Bu sistem nə Mais Mənsimovu razı salırdı, nə də onun “arzularını” reallığa çevirməkçün ən lazımlı kadrı olan Tuyqun Nadirova. Ona görə həmin vaxtdan icarəyə götürülən futbolçuların maaşları verilmədi, onların müqavilə öhdəlikləri yerinə yetirilmədi və hamısı FIFA-ya şikayət etdilər.
6 xal məsələsini xatırlayanlar bilir, bu durum klubun düşdüyü ən bərbad situasiya idi. Həmin ərəfələrdə Azərbaycan futbolu üçün ən böyük uğurun – FIFA qarşısında qaldırılan iddianın müvəffəqiyyətlə başa çatmasının səbəbkarı nə Tuyqun Nadirovdu, nə Mais Mənsimov. Özündən soruşun, ya özləri çıxıb cəsarətləri varsa, desinlər o işlərin konturları necə cızılmışdı və həllə aparan yollar nələrdən keçdi. Efirə, mediaya çıxıb uğuru öz adına çıxaran bu şəxslər Rednikin başını götürüb qaçmasına nail olanlar idi və mənim ürəyimə dammışdı ki, bu məsələ “Xəzər Lənkəran”ı tarixinin ən pis dönəminə sürükləyəcək…
Rednik Mais Mənsimova sərf eləmirdi. Tuyqun Nadirov əməliyyatlara başlamalıydı. Necəsə onu Azərbaycandan çıxartmaq lazım idi. Ən çətini o idi ki, Rednikin say-seçmə media orqanları və azarkeşlər arasında nüfuzu çox böyük idi, onu hər xırda planla zərərsizləşdirmək alınmazdı…Elə oldu ki, vicdanını susuz qoymayan Rednik özü gedəsi oldu və bu, Azərbaycan futbolunda öz qərarıyla istefa verən ilk əcnəbi məşqçi idi. Bu, əzəmətli, gurultulu “Xəzər Lənkəran”ın özgə yataqlara təslimi idi…
Sonra Yunis Hüseynov gəldi, ancaq onun da xasiyyətində müəyyən qətiyyətlik klub rəhbərliyinin, Mais-Tuyqun tandeminin xoşuna gəlmədi. Yunis bilmədi komandanı özü seçsin, yoxsa Tuyqun Nadirovun sifariş verdiyi futbolçularla qursun… Bu cür əndirabadi sistemin içində Hüseynovun da başı gicəlləndi və o da relsdən çıxdı…Karles Bakes quzudu…Onu o komandaya gətirdilər ki, sakit otursun, təklif olunan futbolçuları qəbul eləsin. Və başqa bu yazıya sığışmayacaq, zamanını gözləyən xeyli mətləblər…Bilirsiz, “Xəzər Lənkəran”ın dirçəlişi bir-iki ayın işidi, o klubda bünövrə sağlam qurulub, ancaq Mais Mənsimovla Tuyqun Madirov tandemi məhz Mənsimovun avamlığı, futbola sıfır dəxliyatı, şirin dilə uyması səbəbindən uğurlu alınır və bu işdə Nadirov kiçik Mənsimova xeyli sərfəli kadrdı. Klub isə uçuruma yuvarlanır...
Zamanında “FutbolPress” Zəfər Mirzəyevin klubu və “Palmali”ni bəzi şəxsi maraqlarının qurbanına çevirdiyini yazırdı və Mais Mənsimov yazılanları qulaqardına da vurmurdu... Ancaq zaman gəldi və gözünün şahidi oldu ki, Zəfər hansı hoqqalardan çıxıb. Həmin ərəfələrdə Zəfər Mirzəyevin Mais Mənsimovun yanındakı nüfuzunu, istəkli bəndə olmasını həzm etməyən və fonda qaldığını hiss edən Tuyqun Nadirov hər şey edərdi ki, Mirzəyevin “torbası tikilsin”. Nadirov gözəl bilir nələr etdiyini, hərçənd bura şəxsi mövqelər tribunası olmadığına görə, yazıb centlmenlikdən və jurnalistika prinsiplərindən uzaq düşmək istəmirəm.
Həmin Tuyqun Nadirovdu lənkəranlı fanatlar, Lənkəran ictimaiyyəti arasında mənim haqqımda pis rəy formalaşmasına çalışan. Bu işdə həvəslə, canla-başla “oyuncaq” rolunu oynayanlar da var və onlar sadəcə Lənkəran futbolunun qara ləkəsi, üz qarasıdılar…
Yanlış anlaşılansa odu ki, Lənkəran əhli məni də tanıyır, klub rəhbərliyini də. Rəhbərlik bunu hesablamayıb. Mənim o klubun reklamından imtina etməyimin və bir daha bu rəhbərliklə heç bir münasibətə girməyəcəyimiz haqda açıqlamamın məqsədi stadiona gələn, küçədə, bazarda, evdə, toyda, yasda, hər yerdə “Xəzər Lənkəran”la nəfəs alan insanlara doğruları çatdırmaqdı. Bu, vicdan məsələsidi… Minlərlə insan o klub uduzanda həyəcan, stress keçirdir. Ancaq ona mətbəxdə baş verənləri çılpaqlığıyla açıb göstərən yoxdu. O, doğrunu bilsə, reallıqda nələrin baş verdiyini öyrənsə, stress keçirtməz. Ona yalandan klubda hər şeyin yaxşı olduğunu, ancaq guya AFFA-nın, hakimlərin bu klubun uğurlarını istəmədiyini deməklə özünü sığortalayan bu rəhbərlik çirkin niyyətlərinə, pula görə bu qədər insanın heysiyatıyla oynayır. Bəli, AFFA-dan, hakimlərdən ögey, anormal münasibətin olduğunu mən də görmüşəm və dəfələrlə yazıb klubun haqq mövqeyini müdafiə etmişəm. TV-dəki çıxışlarımda da sübut eləmişəm ki, komandaya qarşı qərəzli münasibət var. Ancaq bütün bunlar Mirça Rednikin dövrünə qədər idi. Ondan sonra bir “oyun” quruldu və “Xəzər Lənkəran” yuxarıların oyuncağına çevrildi. İndi AFFA-dan əvvəlkitək təzyiq yoxdu, kim bu haqda yazırsa, danışırsa, bilin ki, klubun istəyini, arzusunu, yaxud sifarişini yerinə yetirir….
O dövr gəlib çatıb ki, indi azarkeşə təzyiq bir yana, həbsi üçün göstəriş verilir.Mais Mənsimov Tuyqun Nadirov “antibiotikindən” bundan sonra çox istifadə edə bilməyəcək.Artıq Lənkəran ictimaiyyətində bu antibiotikə qarşı "rezistenlik" yaranır. Axı hər şey göz qabağındadı. Klub dağınıq idarə rejimində, komanda aşağı sıralarda. “Green Gate 2” gənc azarkeşlər qrupu Bakıdan Lənkərana öz hesabına avtobus kirayələyib gedir, bilet alıb komandasını dəstəkləyir, ancaq klub rəhbərliyinə qarşı müxalif mövqedə olduğuna görə onlara qarşı təzyiq edilir; niyə? 5 gənci həbs edirlər fakel yandırdığına görə. Niyə? Bu həbslərə Mais Mənsimov göstəriş verir. Niyə?“Green Gate 2” rəhbərlikdən islahatlar tələb edir, ona görə?
Mən Mais Mənsimovun yerinə olsaydım, ən birinci azarkeşə təzyiq göstərməzdim, bəzi fanatları pulla almazdım... Əvəzində iş görərdim, klubun hamıdan çox pul xərcləməyinə baxmayaraq, nəticələrinin uğursuz olması səbəblərini araşdırardım, qardaşımın İstanbuldan klubu saxlamaq üçün göndərdiyi pulları minbir fırıldaqla mənimsəməzdim. Qardaş qardaşdan oğurluq etməz, Mənsimov…
Mən Tuyqun Nadirovun yerinə olsaydım, "Xəzər Lənkəran"ın nüfuzunu batırmaq tapşırığını canla-başla yerinə yetirməzdim və Mais Mənsimovu avam olmasına baxmayaraq, onu aldadıb, düz yolda olduğumuzu deməzdim...
Çünki Tuyqun Nadirov "Xəzər Lənkəran"ın çörəyi ilə bu yerə çatıb. 150 minlik maşın, milyonluq ev alıb. O, 6 il əvvəl XL-in azarkeşi idi, baraban çalan idi... (Bu sözü ilk dəfədi yazıram, hər şeyin zamanı var, insanın özünə yaraşdırdığı vaxtı var). Adam fırıldaq, biclik edəndə belə etməz. XL-i başqalarının yatağına sərməzdiz gərək...

OXŞAR XƏBƏRLƏR