Braziliya futbolunun canlı əfsanəsi Ziko FİFA prezidentliyinə namizədliyini geri götürüb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bunu şəxsi “Facebook” səhifəsi vasitəsilə bəyan edib.
Zikonun geri addım atmasına səbəb istədiyi qədər dəstək almamağı olub. Belə ki, yalnız Braziliya və Anqola Futbol Federasiyaları onun prezidentliyini istəyiblər. Bir müddət əvvəl “Blatterin əvvəlcə namizəd olub, sonra geri çəkilməsi düzgün hərəkət deyil” deyən Ziko indi özü eyni addımı atıb.
Qeyd edək ki, UEFA prezidenti Mişel Platini, baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli-Bin Əl-Hüseyin, Trinidad və Tobaqo yığmasının sabiq kapitanı David Nakhid, sabiq FİFA baş katib köməkçisi Jerom Kampanye, Cənubi Afrikanın məşhur iş adamı Tokyo Sexvale və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə hazırda FİFA prezidentliyinə namizəddilər. Ali futbol qurumuna yeni rəhbər isə gələn il fevralın 26-da seçiləcək.