Ziya Məmmədovun müşavirinin qızıllarını oğurlamaqda ittiham edilən şəxs məhkəməyə gəlməyib.
Z.Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov bir neçə gün əvvəl dərman içərək intihara cəhd etmişdi.
Bu səbəbdən Bakı Apellyasi Məhkəməsində baş tutmalı olan iclas bir neçə dəfə təxirə salınmışdı. R.Əhmədov bu gün də məhkəməyə gəlmədiyindən onun barəsində həbs qərarı çıxarılıb.
Xatırladaq ki, bəraət alaraq azadlığa çıxan R.Əhmədovun barəsindəki hökmdən zərərçəkmiş tərəf apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə altı aydan bəri davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Ötən məhkəmə iclasında dövlət ittihamçısı R.Əhmədovun barəsindəki bəraət hökmünün ləğv olunmasını və onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilib. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunub.
İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl monetləri ələ keçirib.
Sabiq müşavir bu oğurluqda qohumu Rövşən Əhmədovu günahlandırıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra R.Əhmədovu həbs ediblər.