Ötən gün Azərbaycanın tanınmış jurnalistləri və Türkiyənin tanınmış media rəhbərləri ilə ortaq yayım həyata keçirilib.
Manset.az xəbər verir ki, bir neçə gündür İranda baş verən hadisələr fonunda sosial mediada yaradılan "Gündəm müzakirəsi" layihəsi "Azxəbər.com" xəbər saytının baş redaktoru Hacıbəy Heydərli, "Manşet.az" xəbər portalının baş redaktoru Əli Vəliyev və "Time Media Haber"in rəhbəri Ali Kanın iştirakı ilə həyata keçirilir. Bununla yanaşı qonaq qismində "Azxəbər.com" saytının direktoru Əfsələddin Ağalarov, "Editor.az" saytının baş redaktoru Fərid Şahbazlı, tanınmış jurnalist Elvin Basqallı və bir sıra siyasətçilər, ictimai xadimlər, tanınmış ekspertlər müzakirələrə qoşularaq öz fikirlərini, şərhlərini və mülahizələrini irəli sürürlər.
"TikTok" platformasında böyük kanalları olan Əli Vəliyev və Hacıbəy Heydərli, eyni zamanda "Time Media Haber"in rəhbəri Ali Kanın iştirakı ilə gündəmə dair məsələlər müzakirə olunur. Ötən gecə İranın Naxçıvana hücumunun həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı canlı yayımda Manset.az-ın baş redaktoru Əli Vəliyev Milli Məclisin sədr müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova zəng edib. Z.Əsgərov canlı yayıma qoşularaq İranın Naxçıvana dron hücumu və bir sıra digər məsələlərlə bağlı şərh verib. Sosial platformada ilk dəfə canlı yayıma qoşulan komitə sədrinin bu addımı izləyicilər tərəfindən yüksək rəğbətlə qarşılanıb:
"İranın bu dron hücumu mülki obyektlərə yönəlib. Həmin ərazilərdə xarici ölkənin hərbi bazası yoxdur. Bəs nəyə görə Azərbaycana qarşı belə bir terror aktı törədilir?! Azərbaycan dəfələrlə qeyd edib ki, biz öz ölkəmizdə İrana qarşı üçüncü dövlətin İrana qarşı mübarizə aparmasına yol verməyəcəyik. Bu dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. İranın mövqeyindən asılı olmayaraq... Qonşularla konfliktdə olmaq bizim milli maraqlarımıza uyğun deyil, bizə bu lazım deyil. İranın məqsədi müharibənin coğrafiyasını genişləndirmək, Azərbaycan və Türkiyəni də müharibəyə cəlb etmək və nəticə etibarı ilə aranı qarışdırmaqdır".










































