İfaçı AZXEBER.COM-a açıqlamasında həm özündən danışdı, həm də bəyənmədiyi həmkarlarından.Rövşən Civişov, hətta bəzi həmkarlarının sərt tənqid edərək, ondan dərs almalarının vacibliyini vurğuladı: "Bu yaxınlarda muğam ifa edəcəm, şou-biznesdə olan mənəm-mənəm deyən estrada müğənnilərinə göstərəcəm ki, muğamı necə ifa etmək lazımdır. Çünki estrada təhsilimlə yanaşı, mən həm də 4 il bizim dahi sənətkarımız mərhum İslam Rzayevdən muğam dərsləri almışam. Amma o gədər təvazökaram ki, heç istedadımın bu qolundan danışmıram. Bu gün estrada müğənnilərinin çoxu muğam da öyrənirlər. İfa edirlər. Çox gülünc və bayağı alınır. Onlara demək istəyirəm ki, gəlsinlər onlara muğamdan, vokaldan və estradadan bir az dərs keçim. Estrada oxuyanların bir çoxu düzgün nəfəs almırlar və səslərini cilovlaya bilmirlər, çünki yaxşı məktəbləri yoxdur. Ona görə bir çoxları canlı oxuya bilmirlər. Mahnını da yaşaya bilmirlər, çünki ürəkləri yoxdur. Bu hiss gərək əsl sənətçiyə tanrıdan verilə, mən bunlara baxanda özümü öz sənətimin sənətkarı adlandırıram. Ağıl yaşda deyil, başdadır. Sənətkarlıqda uzun illər müğənninin səhnədə olmasına dəlalət etmir. Sənətkar gənc də ola bilər, əgər öz sənətinin peşəkarıdırsa."Son zamanlar səhməmizdə özlərini Bülənt Ersoya, Röyaya, Aygünə bənzədənlərin dəhşətli dərəcədə çoxaldığını deyən Civişov, bir çox müğənnilərimizin öz yolunun, öz səs tembrinin olmadığını bildirdi: "Bizdə çoxu bir-birini yamsılayır, tembrlərindən seçmək olmur, kim kimdir. Son zamanlarda səhnədə özlərini Röya və Ayğün xanıma bənzədənlər dəhşətli dərəcədə çoxalıb. Çünki onlar özləridirlər, orijinaldırlar, heç kimə bənzəmirlər. Siz də özünüz olun. Bəziləri də Bülent Ersoyu kopyalayıb, onun mahnılarının minisovkasını 3-4 ton aşağı salıb oxuyurlar. Özlərini Bülent hesab edirlər və gic-gic mənasız kaprizlər edirlər. Guya bunlar divadırlar. Onlara demək lazımdır ki, siz Bülentin tör-töküntülərisiz. Ondan bu dünyaya bir dəfə gəlib, vəssalam! Sizə məsləhətim budur, gedib teatrda parodiyaçı işləyəsiz".