Zorakılığın qiyməti - KÖŞƏ

Zorakılığın qiyməti - KÖŞƏ
KÖŞƏ
03:40 18.02.2012
2115
Mehriban ZEYNALOVA, Təmiz Dünya İctimai Birliyinin sədri

Zorakılıq çoxtərəfli və mürəkkəb fenomendir. Bu fenomeni müxtəlif elmlər - fəlsəfə, tarix, sosiologiya, hüquq, psixologiya və başqaları öyrənir. Tədqiqatçıların problemə xüsusi diqqət ayırmasına səbəb XX əsrin sonu, XXI əsrin əvvəllərində sosial-tarixi vəziyyətdəki rəngarənglikdir. Belə ki, XX əsr tarixə ən böyük kəşflər əsri kimi daxil olmaqla yanaşı öz eybəcərlikləri ilə də yadda qalan bir dövr oldu. Məhz bu əsrdə bəşəri cinayətlər, müharibələr və onlardan kütləvi zərərçəkənlər, terrorlar, totalitar rejimlər, özünə qəsdlər, insanlarda adamayovuşmazlıq və biganəlik kimi keyfiyyətlər daha intensiv xarakter aldı. Güclünün zəif üzərində hakimiyyətini zorakılıq yolu ilə əldə etməsi, eləcə də şərin xeyir üzərində qələbəsi bu əsrin fenomenal xüsusiyyəti kimi XXI əsrə miras olaraq ötürüldü.

Zorakılığı doğuran səbəbləri, onun xarakterini və fəsadlarını araşdırarkən tədqiqatçılar çox müxtəlif suallarla üzləşirlər. Fərdlər arasında təsadüfi zorakılıq halları ilə insanın özünə bənzərinin məqsədyönlü məhvi arasında sərhəd haradan başlanır? Zorakı hərəkətlərə kim bəraət verir? Zorakılıqdan necə qurtulmaq mümkündür? Öncə zorakılığın yaranma tarixinə nəzər salaq. Azərbaycanda qadına qarşı zorakılıqdan danışan əksər mütəxəssis bir çox halda bu zorakılığın ilkin konsepsiyasının başlanğıc mənbəyinə diqqət yetirmədən zorakılığı doğuran əsas səbəblər kimi, dini, iqtisadi və sosial meyarları irəli çəkirlər. Halbuki qadına qarşı zorakılıq konsepsiyasının ilkin yaradıcıları antik dövrə məxsusdur. Qədim yunan cəmiyyətində qadına mənfi münasibətin təzahürləri incəsənət və ədəbiyyat əsərlərində müşahidə edilirdi. Bu münasibətin əsasını şair Hesiod qoyub. Hesiodun iki poemasında - “Əmək və zaman” və “Teoqoniya”da qadınlar hirsin, qəzəbin mənbəyi kimi göstərilir. Qadına münasibətdə bu cür yanaşma daha sonra getdikcə inkişaf etdirildi. Kişinin qadın üzərində bəsit-kobud üstünlüyünü Sokrat belə dəyərləndirir: “Üç şeyi səadət hesab etmək olar - sən vəhşi heyvan deyilsən, yunansan, barbar deyilsən və kişisən, qadın deyilsən”. Platonun fəlsəfi dünyagörüşündə qadın subyekt olaraq rədd edilir. Fəlsəfi subyekt olaraq kişi yalnız “müdrik ər” və ya “kişi” obrazında ideallaşdırılır. Platona görə, qadın başlanğıcı mükəmməl olmamaqla yanaşı idrak üçün də ən böyük təhlükədir. Ona görə də bu təhlükə uzaqlaşdırılmalıdır. Aristotelə görə, qadının kişiyə xidmət etməkdən başqa heç bir müstəqil məqsədi və xarakteri yoxdur və ola bilməz. Antik dövrdən bu günə kimi müxtəlif fəlsəfi cərəyanlarda qadın problemi öz əksini tapsa da, qadına münasibətin müsbət yöndə dəyişməsi köklü şəkildə həll olunmamış qalır. Beynəlxalq ictimaiyyət bu problemin aradan qaldırılması yönündə çox ciddi cəhdlər göstərməsinə baxmayaraq problemin artım dinamikası vəziyyətin heç də müsbət dəyişməsinə ümid vermir. Belə ki, dünya ictimaiyyəti qadın haqlarının insan haqlarına bərabər olduğunu vurğulamaq uçun “qadın haqları insan haqlarının ayrılmaz tərkib hissədir” ifadəsini tez-tez səsləndirir. Bu hal beynəlxalq institutların məsələyə sokratsayağı yanaşmasını ortaya qoyaraq bir paradoks yaradır. Zorakılığa rəvac verən ikinci amil stereotiplərdir ki, zorakılıqla bağlı mübarizədə bu amilə diqqətin yetirilməsi olduqca vacibdir. Zorakılıqla mübarizə prosesinə nəzər yetirdikdə bu mübarizədə iştirakçı tərəflərin daha çox onun görünən səbəb və nəticələrinə diqqət ayırdığı, buna uyğun strategiyalar hazırladığını müşahidə edirik. Halbuki antik dövrdən bu günə qədər qalmış stereotiplər qadına münasibətin dəyişməsinə imkan vermir. Ümumiyyətlə, stereotip nədir? Stereotip (stereotype) - bəsitləşmiş, sistemləşmiş, adət, qayda halına keçmiş düşüncə tərzi, davranış nümunəsidir; Stereotip - bəsitləşmiş, sistemləşmiş, adət, qayda halına keçmiş düşüncə tərzi, qəbul edilmiş obraz və davranışdır; Stereotip - müəyyən qrupun meyarlar üzrə bölgüsünə şərait yaradan və onları bu meyarlara əsasən çərçivəyə salaraq qəbul edən bəsitləşmiş, ümumiləşmiş, qruplaşmış fərdlərin məcmusudur. Beləliklə, stereotiplər irqi, sosial-sinfi və gender qruplarına münasibətdə əsaslanmamış qənaətlər toplusudur. Bu anlayışa nəzər yetirdikdən sonra dəqiq qənaətə gəlmək olar ki, qadına münasibətin bu cür formalaşmasına əsrlər boyu ümumiləşən fikirlər məcmusu təkan verir. Sual oluna bilər nə üçün biz antik ədəbiyyatı misal gətiririk? Halbuki müasir dövrdə bir çox halda qadına qarşı zorakılıq problemini Şərq adət-nənəsi və islam dini ilə bağlayırlar. VI-VII əsrlərdə formalaşan, XII əsrdə yazıya alınan “Kitabi Dədə Qorqud” dastanında qadına böyük hörmət bəslənir. Oğuzlarda qadın müqəddəs varlıq hesab olunurdu, ana haqqı Tanrı haqqına bərabər tutulurdu. Oğuz elinin qadınları namuslu, ilqarlı olmaqla yanaşı həm də döyüşkənliyi, cəsurluğu ilə oğuz ərənlərindən geri qalmırdı. O cümlədən dahi Azərbaycan şairi və mütəfəkkiri, böyük filosof Nizami Gəncəvinin yaradıcılıq meyarlarının əsasını qadın obrazları təşkil edib. Nizami Gəncəviyə qədər qadına bu qədər yüksək qiymət verən mütəfəkkiri tapmaq mümkün deyil. Şairin ilk qəzəlindən tutmuş “Xəmsə”sindəki bütün poemalarında bu məsələ əksini tapıb. Qadınlara qarşı zorakılıq probleminə toxunarkən “niyə bu paralelləri apardınız” sualı ortaya çıxa bilər. İrad tutular ki, XXI əsr nə antik dövr, nə də orta əsrlərdir. XXI əsr inkişaf dövrü, qloballaşma dövrüdür. Tamamilə haqlı iraddır. Lakin qadınlara qarşı zorakılığın mahiyyətinə nəzər yetirmək üçün bir paralelin də aparılmasına ehtiyac duyulur. Qloballaşmanın inkişaf dəyişikliyi “model dəyişikliyi” kimi xarakterizə edilir. Belə bir dəyişiklikdə “nəyi itirdik”, “nəyi qoruduq” və inkişaf modelinin dəyişilməsi prosesində “nəyi qazandıq” kimi suallar ortaya çıxır. Bu gün qadına qarşı baş verən zorakılıq halları Şərq aləminin qadına olan münasibətinə fərqli model dəyişikliyini ortaya qoydu. Bütün dünyada quldarlıq quruluşu mövcud olduğu, Şərq ölkələrində quldarlıq quruluşu ictimai formasiya qismində yer tapmadığı halda, qloballaşma nəticəsində insan alveri problemi kimi ciddi bir problem bizi öz ağuşuna aldı... Fahişəlik kimi idbar bir davranış həyatımıza soxuldu. Uşağını zorlayan atalar meydana gəldi... Arvadını öldürən “namuslu” kişilər ordusu yaranmağa başladı... Qızını erkən ərə verib kürəkən hesabına iqtisadi vəziyyətini yaxşılaşdıran valideynlər artdı... Narkotik təsiri altında uşaq dünyaya gətirən atalar, analar çoxaldı... Dilimizə yatmayan, lakin bizi kabus kimi izləyən SPİD/QİÇS xəstəliyini tanıdıq... *** Diqqətinizə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin 2011-ci il üzrə apardığı media monitorinqinin nəticələrini çatdırmaq istərdik. Elektron qəzetlərin monitorinqinin bir illik nəticələrinə görə, ailə münaqişələri zəminində 221 nəfər öldürülüb. Onlardan 131-i qadın, 83-ü kişi, 7-si uşaq olub. 2010-cu il üzrə göstəriciyə əsasən isə 109 qadın, 39 kişi, 5 uşağı öz ailə üzvləri qətlə yetirib. 67 qadın, 41 kişi və 2 uşağın həyatına qəsdə cəhd olunub. Hadisələrin gedişinə nəzər yetirdikdə təcavüzkarların getdikcə daha qəddar vasitələrə əl atdığı aşkarlanır. Araşdırmalar zamanı baş vermiş qətllərin üsullarına diqqət yetirərkən tətbiq edilən çoxsaylı bıçaq zərbələri, balta, küt alətlə öldürmə, boğaraq, döyərək öldürmə kimi üsullar qeydə alınıb. Ailədə öldürülən qadınların yaş həddi 1 yaşdan 80 yasadəkdir. Dünya statistikasına nəzər yetirək: - Keniyada hər həftə öz əri və ya birgə yaşadığı şəxs tərəfindən ən azı 1 qadın dünyasını dəyişir; - Zambiyada hər həftə 5 qadın öz əri və ya yaxın qohumu tərəfindən zorakılığa məruz qalaraq dünyasını dəyişir; - Kanadada il ərzində ailədaxili zorakılıq nəticəsində dəyən zərərin miqdarı 1,6 milyard dollara çatır. Buraya tibbi xərclərin və əmək qabiliyyətinin aşağı düşməsi ilə bağlı çəkilən xərclər də daxildir. - ABŞ-da hər 15 saniyə ərzində qadınlar əri və ya birgə yaşadığı şəxs tərəfindən döyülür. - Banqladeşdə qətllərin 50%-ni ərləri tərəfindən öldürülən qadınlar təşkil edir; - Yeni Zelandiyada qadınların 20%-i öz ərləri və ya birgə yaşadığı şəxslər tərəfindən döyülür və təhqir olunur; - Rusiya Federasiyasında 36 min qadın hər gün öz əri və ya birgə yaşadığı şəxs tərəfindən döyülür; - Böyük Britaniyada həftə ərzində 2 qadın öz əri və ya birgə yaşadığı şəxs tərəfindən qətlə yetirilir. Aparılan araşdırmalar zamanı Azərbaycanda vəziyyətin heç də Keniyadan geri qalmadığı aşkarlanıb. Əgər Keniyada həftə ərzində ailədə 1 qadın öldürülürsə, Azərbaycanda həftə ərzində 2 qadın qətlə yetirilir. Bu cür rəqəmlər bizim ciddi düşünməmizə əsas verir. Təcili hansı tədbirləri həyata keçirməliyik? Kimlər bu prosesdə aktiv iştirakçı olmalıdır? 1993-cü ildə Texas ştatında əri tərəfindən 43 qadının qətlə yetirilməsi ailədaxili zorakılıqla bağlı həmin vaxta kimi aparılmayan ciddi müzakirələrə yol açdı. Məhz bu hadisə Texas ştatının dairə prokuroru ofisinin sifarişi ilə böyük bir layihənin başlanğıcı kimi Amerika tarixinə düşdü. Hüquq mühafizə orqanlarının əməkdaşları, hakimlər, vəkillər və digər xidmət sahələrinin əməkdaşlarına xüsusi təlimlər keçirildi. Sosial işçilər ailədaxili zorakılıq qurbanlarının nümayəndələri kimi məhkəmələrdə çıxışlar edir və mühafizə orderinin alınmasına nail oldular. Həmçinin polis departamentində operativ işçi qrup yaradıldı ki, həmin işçi qrupunun tərkibinə sosial işçilər daxil edildi. Ailədaxili zorakılıq problemi üzrə ixtisaslaşmış sosial işçilər təcili yardım bölmələrinə işə cəlb edildi. Bu layihədə tərəfdaş qismində kilsələr, vətəndaş cəmiyyətinin üzvləri fəal iştirak etdi. Yerli qəzetlər ailədaxili zorakılıqla bağlı il boyu maarifləndirici məlumatlar dərc etdi. Bəs biz nə edə bilərik? Fikrimizcə, öncə: - Azərbaycanın ailə institutunda mövcud olmuş müsbət təcrübələrin bərpası yönümdə təbliğat kampaniyalarına start vermək; - İctimai biganəliyə son qoymaq; - Ağsaqqallar institutunu bərpa etmək; - Qız uşaqlarının təhsilinə diqqəti artırmaq; - Qadına qarşı zorakılıq hallarında ictimai qınaq ənənəsindən istifadə etmək; - Ailənin öhdəlik və məsuliyyəti aspektinə təhsil modulunda yer ayırmaq; - VVAQ-da nikaha girən şəxslər üçün məsuliyyət öhdəliyi üzrə müzakirələr təşkil etmək; Müsbət ailə nümunələrinin təbliği proqramlarını artırmaq lazımdır. Qadına qarşı zorakılığın fəsadı olduqca ağırdır. O qədər ağırdır ki, onu heç bir ölçü cihazı ilə hesablaya bilmərik.
OXŞAR XƏBƏRLƏR