"Üzümü qaşımasam, dayana bilmirəm. Özümü şikəst, simamı eybəcər etdiyimi anlayıram. Amma dayana bilmirəm. Üzümdəki yaraları və çapıqları gizlətmək üçün hər gün 6 saatımı sərf edirəm".
İngiltərənin Şropşir qraflığındakı Telford şəhərində yaşayan 20 yaşlı Samanta Ueyk nadir sindromlardan olan dermotillomaniya xəstəsidir.
Dermotillomaniya "dərinin kompulsiv qaşınması" kimi də tanınır.
Samanta üzünü sürəkli qaşıyır və o, üz dərisində "nöqsan" saydığı kiçik, nöqtə boyda ləkəni görən kimi sanki vəcdə gəlir, üzünü dəlicəsinə qaşıyır.
Dəfələrlə həkimlərə müraciət edən, müayinə və müalicə olunan Samanta koqnitiv-davranış terapiyasına məruz qalsa da, hələlik heç bir nəticə olmayıb.
"Üzüm qanayan yaralarla doludur və bəzən avtomobil qəzasına düşmüş insana bənzəyirəm. Görənlər nə baş verdiyini soruşurlar. Əvvəllər deməyə utanırdım. İndisə çəkinmirəm. Bilirəm ki, mənim kimi insanlar var", - Samanta deyir.
Samanta daha sonra söyləyir ki, ilk dəfə həkimlərə üz tutanda onun üzünü qaşımasının allergiya olduğunu deyiblər.
İndisə həkimlər söyləyirlər ki, əgər Ueyk üzünü qaşımaqdan əl çəkməsə, onun simasında çapıqlar və yaralar daha da artacaq, hər şey daha pis olacaq.
"Küçəyə çıxmazdan əvvəl saatlarla üzümü qaydaya salıram. Çoxlu krem çəkirəm, makiyaj edirəm. Sevgilimlə danışanda belə, özümü saxlaya bilmirəm, üzümü qaşıyıram", - Samanta söyləyib.(Milli.az)




